Search
azad_ragimov

Gənclərin sosial ipotekadan istifadə imkanları genişləndirilməlidir

“İpotekanın maliyyələşdirmə vəsaiti çox azdır”.

Azərbaycan üçün sosial ipoteka sahəsində Türkiyənin modeli daha əlverişlidir.

“kreditxəbər ”  xəbər verir ki, bunu jurnalistlərə  mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gənclərin mənzillər ilə təchiz olunması çox mühüm bir məsələdir, amma bu problemin həlli təkcə Gənclər və İdman Nazirliyinin üzərinə düşmür:

“Nazirliyin nəzdində kredit verən banklar yoxdur. Nazirlik bir orqan, bir qurum kimi işlər aparır ki, təhlil etsin ki, ipotekanın hansı modeli Azərbaycan üçün daha əlverişlidir. Biz bu istiqamətdə işlədik və qərara gəldik ki, Azərbaycan üçün bu sahədə Türkiyənin modeli daha əlverişlidir. Bu gün bütün rayonlarda görüşlər keçirilir, orada dəfələrlə bu suallar qaldırılır. Nazirlik bir dövlət qurumu kimi, bu sualı qaldıra bilər, amma mənzillərin paylanması və ya ipoteka kreditinin verilməsi biz tərəfdən edilə bilməz”.

İpoteka, əsasən də sosial ipoteka ilk öncə gənclər üçün böyük əhəmiyyət kəsb edir. Çünki gənclərin üçdə bir hissəsi şəxsi ev ala bilmədikləri üçün valideynləri ilə yaşayırlar.

Ekspert, İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda orta əməkhaqqı ilə 70 kv.metrlik mənzil almaq üçün vətəndaşa 14 il vaxt lazımdır.

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin dediyi kimi sosial ipoteka cavan ailələrlə yanaşı, subay gənclərə də şamil edilir.

Qeyd edək ki, yaş senzurası ailəli olanlara 35 yaşa qədər, subay olanlara isə 29 yaşa qədərdir.

Eləcə də xatırladaq ki, həcmi 50 min manat olan sosial ipoteka dövlət büdcəsinin hesabına maliyyələşdirilir. İllik kredit faizi 4%, ilkin ödəniş minimum 20%, ipoteka müddəti isə 3 ildən 30 ilə qədərdir.

“Sosial ipotekaya verilən vəsait, bütün gənclərin mənzil problemlərini əhatə edə bilmir, belə ki, ipotekanın maliyyələşdirmə vəsaiti çox azdır”, – İ.Babayev deyib.

İqtisadi təşəbbüslərə dəstək İctimai Birliyinin eksperti Samir Əliyev bununla əlaqədar Azərbaycanda ipoteka kreditinin şərtlərini yüngülləşdirmək lazım olduğunu deyib.

O hesab edir ki, ilkin ödənişi ləğv etmək məqsədəuyğun olardı.

“Kirayədə qalan adamın mənzil üçün ödədiyi məbləği ipoteka üçün ödəyə biləcəyini qeyd etmək kifayətdir. Amma onun ilkin ödəniş üçün pulu olmadığı üçün bu fikrindən əl çəkməli olur”.

Nazir Azad Rəhimovun dediyi kimi Azərbaycan üçün sosial ipotekanın türk modeli daha uyğun gəlir.

Hal-hazırda Azərbaycanda türk təcrübəsi əsasında mənzillərin tikilməsi layihəsi üzərində iş gedir.

Bu modelin əsası ondan ibarətdir ki, binalar dövlət hesabına tikilir və cavanlara ilkin ödənişsiz və faizsiz verilir, demək olar ki, icarəyə verilir.

Türkiyədə belə mənzillər üçün ödəmə orta hesabla ayda 70-100 dollar olur.

Belə variant həqiqətən çıxış yolu olardı. Onsuz da cavan ailələrin çoxu kirayə evlərdə yaşayır, və onların büdcəsinin yarısı mənzilin kirayəsinə gedir, bununla yanaşı “başqasının əmlakı” olaraq qalır.

Sosial ipotekanın türk modelinə uyğul olaraq isə müəyyən müddət keçdikdən sonra mənzillər kirayəçilərin mülkiyyətinə keçir.

Layihənin məqsədi aşağı və orta əməkhaqqı olan vətəndaşların mənzil ilə təmin edilməsidir.

Türk modeli gənclərin sosial ipotekadan istifadə imkanlarını genişləndirə bilər, amma bu bir günün işi deyil.

“Bu problemi müəyyən zaman ərzində həll etmək olar”, – gənclər və idman nazirinin müavini İ.Babayev qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir