Search
KredAqro

“KredoBank”da faiz bazarlığı: bankdır, yoxsa bazar? – Problem

“KredoBank” Açıq Səhmdar Cəmiyyətinin və onun müşahidə şurasının sədri Müşfiq Vəkilovun qanunsuz əməlləri barədə qəzetimizin 05.02.2013-cü il, 18 fevral 2014-cü il və 01.11.2014-cü il tarixli saylarında konkret sənədlərə istinad olunmaqla geniş yazılar dərc edilmişdir

 

 Həmin yazılarda bu bankdan zərər çəkmiş və az qala 2 milyon manatlıq mülkü əlindən çıxma təhlükəsi ilə üz-üzə qalmış Bakı şəhər sakini Hüseyn Səfərovun başına gələnlərdən, daha doğrusu, bankın onun başına açdığı oyunlardan bəhs edilirdi. Nəhayət, ötən ayın 30-da ədalət zəfər çaldı, qanunun aliliyi rəhbər tutularaq H.Səfərovun pozulmuş hüququ bərpa olundu və “KredoBank” bu dəfə vətəndaşın mülkünü əlindən ala bilmədi.
Bankda faiz bazarlığının “texnologiyası” necə yazılıır?
Bu dəfə də redaksiyamıza eyni məzmunda şikayət məktubu daxil oldu… Vətəndaş “KredoBank” ASC-də başına gətirilənləri yazaraq kömək istəyirdi. Bu şikayətdən də məlum olurdu ki, yenə də bankın əsas məqsədi vətəndaşların mülkünü əlindən almaqdır. Şikayətçi, Bakı şəhər sakini, Nizami rayonu, Qara Qarayev küçəsi ev 77, mənzil 138-də yaşayan Əliyev Amil İsa oğlunu redaksiyamıza dəvət etdik. Onun redaksiyamıza təqdim etdiyi sənədlərin və faktların çox ciddi araşdırılmasına ehtiyac olduğundan bu yazıda hadisənin qısa təfsilatını verməklə kifayətlənirik. Elə bu qısa məlumatdan da aydın olacaq ki, “KredoBank” yenə də öz ampluasındadır, yəni öz ənənəsinə sadiq qalaraq bu dəfə dişlərini A.Əliyevin evini əlindən almaq üçün qıcayıb…
Qeyd edək ki, A.Əliyev kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Öz fəaliyyətini bir az da genişləndirmək üçün “KredoBank”ın baş ofisinə yuxarıda göstərilən ünvandakı evini girov qoyaraq, 55000 manat pul götürüb. Sonralar müxtəlif obyektiv və subyektiv səbəblərdən bankın şişirdilmiş və sübut olunmayan faizlərini vaxtlı-vaxtında ödəyə bilməyib. Bank isə onu məhkəməyə verib və özünün iştirakı olmadan keçirilən məhkəmədə hər 3 instansiya məhkəməsini “udub”. Artıq evə həbs qoyulub və “KredoBank”ın növbəti qurbanını məğlub etməsinə elə bir baryer qalmamışdır. Lakin belə bir məqamda A.Əliyev evini satmaq üçün müştəri tapır və banka olan və məhkəmə qərarında da qeyd olunan 70000 manat borcunu verib canını qurtarmaq qərarına gəlir…
O, bankın mərkəzi ofisinin direktoru İlqar Malikovla danışıb, qeyd olunan məbləği razılaşma əsasında ödəməyə qərar verir. İ.Malikov necə deyərlər, bəy sözü verir ki, idarə heyətinin yığıncağı keçiriləcək, artıq konkret qərar da veriləcək. İ.Malikov onu da əlavə edir ki, gəlinən qərara əsasən, ola bilər ki, hətta məhkəmə qərarında göstərilən 70 min manat pulun üstündən 5000 manat ona qaytarılsın, ya da əlavə 5000 manat ödəməli olacaq. Hər-halda, əsas budur işlər müsbət həll olunur.
Vətəndaş A.Əliyev evini satdığı şəxsə başına gələnləri danışır və razılaşırlar ki, alıcı əvvəlcədən banka, sadəcə, özünün (alıcının) adına 70 min manat ödəsin, mənzil girovluqdan çıxsın, sonra isə qalıq pulu versin. Sağ olsun ki, alıcı bununla razılaşır və dərhal banka 70 min manat ödənilir…
Bəs 3 həftədən sonra 70 min manat necə 131 min 340 manat oldu?
Üç həftə vaxt keçəndən sonra nəhayət, bank A.Əliyevin ünvanına belə bir bildiriş göndərir: “İdarə heyəti qərara gəlib ki, siz “KredoBank”a cəmi 131 min 340 manat ödəməlisiniz”.
İndi belə yerdə A.Əliyevin niyə də təpəsindən tüstü çıxmasın! Vətəndaş 70 min manatın dərdinə qalır ki, birtəhər ödəyim, canım qurtarsın. Bank rəhbərliyi isə az qala məbləği 2 dəfə şişirdib əlavə 61 min manat da tələb edir. Görəsən bu 61 mini “KredoBank” nəyə əsasən hesablayıb? Axı əsas borc və faizlərlə birlikdə ümumi məbləğ 70 min manatdır və məhkəmə qərarında da belə göstərilib. Bəs əlavə 61 min manat haradan çıxdı?
Amil Əliyev bu sualları bankın direktoru İlqar Malikova ünvanlayanda qəribə cavab eşidib:
-Bu bankın özünəməxsus bicliyidir… Bəs bank hansı yolla pul qazanmalıdır?
Bu yerdə adamı dəhşət götürür ki, belə bir insanlara vətəndaşların taleyi etibar olunur.
Sonradan şikayətçi A.Əliyev hay-küy salıb, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, mətbuata müraciət edəcəyini deyəndən sonra isə bu dəfə İ.Malikov lap bazarsayağı cavab verib:
– Yaxşı, onda 15 min manat ver, məsələni bağlayaq… Təsəvvür edirsinizmi, bank rəhbərliyi vətəndaşla bazarlıq dilində danışır! Doğudan da, dəhşətdir. Məgər “KredoBank” bankdır, yoxsa bazar? Necə yəni 15 min manat ver, məsələni bağlayaq. Bəs idarə heyəti qərara gəlib, tələb etdiyi 61 min manat necə olsun? A.Əliyev də məcbur olub bazar danışığına gedib:
– Mən sizə əlavə olaraq cəmi 5 min manat verə bilərəm. Çünki evimi satmaq istəyirəm, alan da var. Ümumi pulunuz 70 min manat da banka ödənib. Daha nə istəyirsiniz?
Ancaq İ.Malikov iki ayağını bir başmağa dirəyib ki, 15 mindir, vəssalam! Naəlac qalan A.Əliyev bir neçə gündən sonra 15 min manatı verməyə razı olur, təki canı bu direktordan və bank qalmaqalından qurtarsın. Ancaq sən saydığını say, gör İ.Malikov nə sayır? A.Əliyev 15 min manatı gətirib banka ödəmək istəyəndə ona deyirlər ki, yox, əlavə 3 min manat da ödəməlisən. Yenə də başı qalmaqaldan əskik olmayan A.Əliyevin başından tüstü çıxır. Çünki həmin pulları evi almaq istəyən alıcıdan götürüb ki, sonra həmin pullar ümumi məbləğdən çıxılacaq. Nəticədə isə A.Əliyevə qalan pulla ailəsinə hardasa bir sığınacaq almağa imkanı qalmayacaq. Bəs elə bankın da məqsədi bu deyilmi? İstəyir ki, vətəndaşı beləcə bezdirib, evini əlindən alsınlar. Amma A.Əliyev hər dəfə onların dediyi məbləği gətirdikcə, “KredoBank”ın planları pozulurmuş.
“Sənin 3 min manatın cəhənnəmə, bəs mənim mənzilim hara gedir?”
Uzun çək-çevirdən sonra A.Əliyev yenə də mənzilini almaq istəyən alıcıdan əlavə 3 min manat da götürür ki, bəlkə bankın əlindən xilas ola bildi. Bu dəfə isə A.Əliyevi bankın direktoru İ.Malikov yeni bir sürprizlə qarşılayır:
– Siz əlavə 6 min manat da verməlisiniz…
Bu yerdə insanın hissləri təbii ki, affekt halına çatmaladır və çatır da. Bundan sonra A.Əliyev başa düşür ki, bunlar hər dəfə bir bəhanə ilə əlavə pul istəyəcəklər ki, təki onun mənzilini ələ keçirsinlər. Odur ki, bu dəfə qəti qərara gəlir:
– Mən sizə Ali Məhkəmənin qərarında göstərilən 70 min manatdan artıq pul verməyəcəyəm, qəbul edirsiniz edin, etmirsinizsə, qoyulan bütün pulları da çıxardıram və çıxardır da…
Göründüyü kimi, “KredoBank” bank qanunları ilə deyil, bazar qaydaları ilə işlədiyindən və belə hallarla tez-tez rastlaşdıqlarından heç tövrlərini də pozmurlar. Çünki bilirlər ki, gec-tez istədiklərinə nail olacaqlar. Vətəndaşın evini ucuz qiymətə əldə edib, baha qiymətə satıb, qazanc götürmək “KredoBank”ın əsas məqsədinə çevrilib deyəsən…
***
Artıq şikayətçi A.Əliyev bankın bu qanunsuzluqlarından məhkəməyə müraciət etmək qərarına gəlib… Həmçinin aidiyyəti dövlət qurumlarına. İnanırıq ki, haqq-ədalət gec-tez öz yerini tapacaq. Nəhayət, göstərilən faktlar Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevi, eyni zamanda bank haqqında nizamnaməni pozaraq bankı bazara döndərdiyinə görə Respublika Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovu ciddi maraqlandıracaq və günahkarların cəzalandırılması üçün müvafiq qərar qəbul edəcəklər.
Daha geniş yazı növbəti sayımızda sənədlərin dili ilə işıqlandırılacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Davamı var…( tezadlar.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir