Search
14607947454412215595_750x500

Xəyalların avtomobili yeni modeli ilə artıq paytaxtımızda

Bakıda «Ferrari» markalı minik avtomobillərinin yeni modelinin – «Ferrari 488 Spider»in təqdimat mərasimi keçirilib. Modelin əsas diqqətçəkən xüsusiyyəti onun mühərrrikinin gücüdür. Ferrarinin bundan əvvəlki modeli – «458 Spider» 570 at gücündə idisə, «Ferrari 488 Spider»nin 3,9 litr həcmli mühərriki ona fantastik – 661 at gücü yığmağa imkan verir.  «488 Spider» bu mühərriklə 100 km/saat sürətini cəmi 3 saniyəyə yığır. Saatda 200 km/saat sürət yığmağa isə 8,7 saniyə kifayət edir.

14 saniyəyə üstüaçıq maşına çevrilir

Yeni modelin dizaynı «Ferrari»nin öz mütəxəssislərinin məhsuludur. Nəticədə 488-in aerodinamik göstəriciləri daha da güclənərək az qala yarış avtomobilləri kimi axıcı olub. Yeni model əslində üstü örtülüdür, amma açıla bilir, bunun üçün qısa vaxt – cəmi 14 saniyə tələb olunur. Bu mexanizm elə təkmil qurulub ki, açılıb-yığılma izləri heç görünmür.

Milyonerlərin rəngi

«Ferrari»nin bütün kult modelləri kimi, «488 Spider» qeyri-adi alınıb.

14607947456082216835_750x500

Gözqamaşdırıcı dizaynı, aerodinamikası, texniki göstəriciləri və materialları ilə yanaşı, modelin göy rəngi də sürpriz olub. «Bu rəngi adətən milyonerlərin rəngi adlandırırlar» – deyən şirkət direktoru modelə diqqətin yüksək olacağını gözləyir.

Bütün bunları nəzərə alaraq,  şirkət modellərin qiymətini mümkün qədər endirib: «Açığını deyəcəm, biz maşınları çox ucuz, faktiki olaraq 8-10% zərərimizə satırıq».

Sifariş olunan maşının gəlməsi yarım il çəkir

Yeni avtomobilin dəbdəbəsinin həddi yoxdur. Təqdim olunan model həm dizaynı, həm də texniki göstəricilərinə görə, yüksək səviyyədə olsa da, alıcıların istəyinə görə, əlavələr də edilə bilər. «Ferrari» təmsilçiləri bildirir ki,  müştərilər sapdan tutmuş, tikişlərə, materiallara və rənglərə görə istənilən məsələ ilə bağlı sifarişlərini verə bilərlər. Amma sifariş edilən modeli bir neçə ay gözləmək lazımdır. Bütün modellər əllə yığıldığına görə, sifarişin verilməsindən müştəriyə çatdırılmasına qədər 5-6 ay çəkir.

Devalvasiya qiyməti 2 dəfə artırıb

Yeni modelin sürəti kimi, qiyməti də başgicəlləndiricidir – 350 min ABŞ dolları. Təqribən bir il əvvəl bu cəmi 280 min manat idi. İndi isə yeni modeli almaq istəyənlər manat ifadəsində 540 min manat ödəməli olacaqlar. «Avtolux Azerbaijan LLC»şirkətində bildirirlər ki, devalvasiyanın olması avtomobilin manatla qiymətini kəskin artırdığına görə, şirkət dollarla qiymətləri minimuma endirib. «Əslində qiymətləri elə həddə endirmişik ki, demək olar ki, mənfəət götürmürük».

O, yenə də bizdə ucuzdur

Bakıda «Ferrari»lərin qiyməti o qədər aşağıdır ki, şirkətin başqa ölkələrdəki təmsilçilikləri «Avtolux Azerbaijan LLC»dən bu modelləri onlara satmağı təklif edib: «Ferrarinin Almaniya və Polşa nümayəndəlikləri bizdəki modelləri almaq istəyirlər, amma biz razılaşmadıq, çünki istəyirik ki, bu maşınlar Azərbaycanda sürülsün».

Məsələnin başqa, sırf  kommersiya tərəfi də var. «Ferrari»lərin Azərbaycanda satılması ölkədə bu markaya marağı tədricən də olsa yüksəldəcək, servis xidmətləri artacaq, daimi müştəri təbəqəsinin yaranmasına səbəb olacaq. Məsələ bundadır ki, «Ferrari»nin alıcıları bir qayda olaran bu markaya ömürlük bağlanırlar – əvvəlki modellərin alıcıları yenilikləri də izləyir və mütəmadi olaran avtomobillərini «Ferrari»nin yeni modelləri ilə dəyişirlər.

Avtomobillərin satılması modelləri yeniləməyə də imkan verəcək: «Hazırda bizdəki avtomobillər 2012-2013-cü illərin modelləridir, biz isə daha yenilərini, 2016-cı ilin modellərin gətirmək istəyirik, ona görə də, salondakı maşınların tezliklə satılmasını istəyirik, ona görə də qiymətləri belə azaltmışıq»-deyə İbrahim Əhmədov vəziyyəti izah edib.

 Kreditlə də almaq olar

Dəbdəbəsinə və adi avtomobillərlə müqayisədə fantastik görünən qiymətlərinə baxmayaraq «Ferrari» almaq çətin deyil. Məsələ bundadır ki, Bakıda «Ferrari»ləri kreditlə də almaq olar, 50% ilkin ödənişlə, 3 illik müddətə. Hər satılan «Ferrari» avtomobilinə 3 illik zəmanət verilir. Mühərrikinin gücünə və sürətinə baxmayaraq isə yanacaq sərfi də böyük deyil – hər halda texniki göstəricilərdə yazılıb ki, «Ferrari» qarışıq tsikldə 100 kilometrə 11,4 litr yandırır. 98 oktanlı yanacaqla işləyən avtomobilin hər kilometrə görə havaya buraxdığı karbon dioksidin həcmi 260 qramdır.

«İndiyədək 6 «Ferrari» satmışıq»

«Ferrari» avtomobillərinin Azərbaycandakı rəsmi dileri «Avtolux Azerbaijan» şirkəti fəaliyyətə başladığı 2 il ərzində ölkədə 6 «Ferrari» avtomobili satıb. Bu barədə «Ferrari»nin yeni modelinin «488 Spider»in təqdimatına həsr edilmiş mətbuat konfransında şirkətin direktoru İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, maşınların qiyməti 245-350 min ABŞ dolları arasında dəyişir. Ən aşağı qiymət 245 min dollardır.

Bakıda «Ferrari»ni harda sürmək olar?

«Ferrari» alıcılarının hamısı olmasa da, yəqin ki, yarısını həm də bu sual düşündürür. Bəs necə, qiyməti 350 min dollar, sürəti 325 kilometr/saat olan avtomobili var gücü ilə sürməyin ləzzəti başqadır.

14607947456343441525_750x500

«Bu maşınları harada sürmək olar?» sualına cavab verən şirkət rəhbərliyi ölkədəki sürət həddinə əməl etməyin vacibliyini xüsusi qeyd etsə də, müştərilərə yüngül məsləhət də verir: «Təbii ki, 325 kilometr saatla sürməyə yer tapmayacaqsınız, amma Mərdəkan şossesi tərəfdə, ya da yeni açılan Boulvar oteli ətrafındakı yolda saatda 150 kilometrlə sürmək mümkün olar, mən özüm otelin ətrafındakı yolda sürəti 210 kilometrə qaldırmışam».

Amma şirkət nümayəndələri bildirir ki, «Ferrari»dən ləzzət almaq üçün onu maksimal sürətlə sürmək vacib deyil: «Avtomobilin səsi, özünəməxsus gurultusu, əla idarə olunması, manevrliyi və rahatlığı hətta aşağı sürətlərdə də ondan ləzzət almağa imkan verir».

«Ferrari»lərlə tanış olduqdan sonra bu iddia ilə razılaşmalı olduq.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir