Search
kredit faiz1

Kredit faizləri ucuzlaşacaq

Ruslan Atakişiyev: “Maliyə bazarında maliyyə resurslarının bolluğu, onun çeşidlərinin müxtəlifliyi faiz dərəcələrinin aşağı düşməsinə təsir edən amillərdəndir”

Rəşad Həsənov: “Rəqabət mühiti kəskinləşdirilməlidir ki, Azərbaycan bankları məcburən öz faiz dərəcələrini aşağı salsınlar”

 

Parlamentdə 2015-ci ilin dövlət büdcəsi müzakirəsi zamanı, millət vəkilləri ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da banklarda verilən kredit faizlərinin yüksək olduğunu diqqətə çatdırdı. Onu da bildirdi ki, hazırda maliyyə naziri Samir Şərifovla kreditlər, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev məsəəl ilə bağlı bildirdi ki, 2014-cü ilin məlumatına görə, Azərbaycanda faiz dərəcələri 14.3% təşkil edir: “2014-cü ildə MB tərəfindən uçot faiz dərəcələrinin 3.5%-ə, sığortlanan əmanətlərə görə illik ödənilən faiz dərəcələrinin aşağı endirilməsinə baxmayaraq, kredit faiz dərəcələri hiss olunacaq qədər aşağı düşmədi. Ancaq onu da demək lazımdır ki, hazırda ilin əvvəli ilə müqayisədə 2% enmə müşahidə olunur”.
Ekspert kredit faizlərini aşağı salınması üçün ucuz maliyyə mənbələrindən istifadənin genişləndirilməsini təklif edir: “Bu da beynəlxlq maliyyə institutları ilə yaxından əməkdaşlıq tələb edir. İkincisi, MB tərəfindən kommersiya banklarında faizin formalaşması üzrə monitorinqin aparılması yaxşı olardı. Həmçinin, alternativ maliyyə mənbələrinin fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda bütün maliyyə mənbələrinin bazara girişi asanlaşdırılmalıdır. Vergi kapitalı, şərikli maliyyələşmə, səhm bazarının inkişafı həyata keçirilməlidir. Faizsiz kreditin fəaliyyətinə şərait yaradılmalıdır. Maliyə bazarında maliyyə resurslarının bolluğu, onun çeşidlərinin müxtəlifliyi faiz dərəcələrinin aşağı düşməsinə təsir edən amillərdəndir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə bildirdi ki, faizlərin aşağı düşməsi üçün bir neçə addım atılıb: “MB uçot dərəcələrini, sığortalanan faiz dərəcəsi aşağı salınıb. Ancaq kredit faiz dərəcələrinin aşağı salınması bir mexanizm şəklində həyata keçirilməli, bunun üçün dövlət proqramı olmalıdır. Yüksək kredit faizləri problemli kreditlərin yaranmasını əsas səbəbidir. 1 milyard manata yaxın problemli kreditlərin böyük hissəsi məhz istehlak kreditləridən formalaşıb. İstehlak kreditlərinin faiz dərəcələri isə kifayət qədər yüksəkdir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda kreditləşmə siyasəti təxminən 14 ildir həyata keçirilir”.
İqtisadçının fikrincə, inzibati yolla bu məsələni həll etmək qeyri-mümkündür: “Bunun üçü rəqabət mühiti kəskinləşdirilməlidir ki, Azərbaycan bankları məcburən öz faiz dərəcələrini aşağı salsınlar. Kredit faizi kredit portfelinə cəlb olunan vəsaitlərdən, əldə olunan maliyyənin faiz dərəcəsi, ölkədə il ərzində rəsmi açıqlanan inflyasiya dərəcəsi, 4-5% həddində bank gəliri ilə formalaşır. Bu rəqəmləri götürsək, Azərbaycanda kredit faizləri təxminən 12-15% arasında olmalıdır. Həmçinin, MB-ın maliyyə ehtiyatları son illər sürətlə artıb. Amma MB-ın özəl bankların kredit portfelinin formalaşmasındakı rolu mütənasib surətdə artmayıb. Məcburən banklar da digər maliyyə mənbələrinə müraciət edirlər. Burada xüsusən əmanətlərin həcmi çoxdur. Bu əmanətlərin də sığortalanan faizi 9%-dir. Bank 9%-ə əmanət əldə edirsə, məcburən bunu ikirəqəmli olaraq vətəndaşlara təqdim edir. Bu məsələ həll olunmalıdır. Bankların likvidliyi artırılaraq onların beynəlxalq reytinq agentliklərindəki dərəcələri yüksəldilməlidir. Digər tərəfdən yaxşı olar ki, Azərbaycanın xarici maliyyə instutlarında idarə edilən neft vəsaitlərinin bir qismi ölkəyə gətirilsin. Bunun üçün ilkin olarq 4-5 milyard manat kifayət edər. Eyni zamanda sektorun dəqiq təhlili nəticəsində kredit faizləri üçün hökumət tavan müəyyənləşdirə bilər”.

Mübariz BAYRAMOV 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir