Search
kapital_bank_3

“Kapital Bank” rəsmisi pensiyaçılara kredit qadağası barədə danışdı

Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kredit verilməsinə qadağa qoyması “Kapital Bank”ın kredit portfelinə ciddi təsir etməyəcək. Bu barədə bankın Pərakəndə bankçılıq departamentinin rəhbəri İqbal Rüstəmov bildirib.

“Müştərilərimiz təkcə pensiyaçılar deyil”

Onun sözlərinə görə, təmsil etdiyi bank pensiyaçılarla yanaşı, əmək haqqı, ünvanlı dövlət sosial yardım, müavinət kartları əsasında da kredit verir. Odur ki, Palatanın qərarına çətinlik çəkmədən əməl ediləcək: “Biz palatanın bütün göstəriş və qərarlarını rəhbər tuturuq, onlara əməl edirik. Əgər deyilirsə, pensiyaçılara kredit verməyin, bunu edəcəyik. Əgər hər hansı şərtlə pensiyaçılara kredit verilməsi qərarlaşdırılsa, ona da əməl edəcəyik”.

“Pensiyaçıya qadağa həm müsbət, həm də mənfi haldır”

“Kapital Bank” rəsmisinin fikrincə, pensiyaçılara kredit verilməməsinin həm müsbət, həm də mənfi cəhəti var: “Müsbət cəhət odur ki, pensiyaçının aldığı məbləğ tam olaraq ona çatır, sosial vəziyyəti pisləşmir. Mənfi cəhət odur ki, vətəndaş öz hüququndan istifadə edə bilmir. Amma biz düşünürük ki, yaşayış minimumu deyilən göstərici nəzərə alınmaqla pensiyaçılara kredit verilə bilər. Hazırda palatada da bununla bağlı müəyyən işlər gedir. Hansı istiqamət seçilsə, biz də ona uyğun addımlar atacağıq”.

“Pensiyaçılar bizə problem yaratmır”

İqbal Rüstəmov həmçinin bildirib ki, təmsil etdiyi bank pensiyaçılara verdiyi kreditlərə görə hər hansı problem yaşamır: “Pensiyaçıların heç də hamısına müsbət cavab verilmir. Yəni, onların hamısı bizdən kredit götürə bilmir. Kreditləşmədə meyarlar var, insanın yaşı, borc yükü nəzərə alınır, əgər bu kredit onun maddi durumuna pis təsir edəcəkdə, onun verilməsindən imtina olunur. Yəni, sosial təbəqəyə ehtiyatlı yanaşırıq”.

Bundan başqa, onun sözlərinə görə, pensiyaçılara kredit məhdud məbləğdə, 3 il müddətinə verilir. Yəni, aylıq ödəniş elə müəyyən edilir ki, pensiyaçı krediti qaytarmaqda maksimum az çətinlik çəksin. Odur ki, pensiyaçılar arasında “Kapital Bank”a problem yaradanları, krediti vaxtında ödəməyənlər yox dərəcəsindədir.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir