Search
tex2

İşçilər şirkətlərdən deyil, pis rəhbərlərin əlindən gedirlər

Sahibkarlıq fəaliyyətindən əvvəl Annemi Res ebay və Skype şirkətlərində HR üzrə direktor vəzifəsini tutub. 1994-cü ildə, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində hüquqşünaslıq fakültəsini bitirdikdən sonra o əmək münasibətləri üzrə məsləhətçi olub. Karyerası boyunca daim HR sahəsinə sadiq qalıb, lakin müxtəlif sahələrdə, o cümlədən riteyl və neft-qaz sahəsində çalışıb. Ötən il Annemi sərbəst fəaliyyət göstərməyə qərar verib və HR konsaltinq şirkəti yaradıb. Biznesinfo.az saytına müsahibəsində Annemi Res kadrların axıcılığını ixtisar etmək və şirkəti işçilər üçün daha cazibədar etmək yollarından danışıb.
Altı-səkkiz il əvvəl eBay və Skype kimi şirkətlərində, yəqin ki, bir o qədər də strukturlaşmış mühit yox idi. Həmin vaxt HR-ın əsas vəzifələri nədən ibarət idi və bu gün onun qarşısında duran vəzifələr nə ilə fərqlənir?
Əsas vəzifələrdən biri HR-ın əsasını qoymaq, habelə şirkətin miqyası artdıqca onun innovativ və sahibkarlıq ruhunu qoruyub saxlamaq idi. HR xidməti o zaman nüfuz və işçilərin etimadını qazanır ki, şirkətin işinin əsasını təşkil etməyə qadirdir. Yalnız bu halda rəhbərlər HR mütəxəssisi masa arxasına dəvət edəcək və ona daha mürəkkəb məsələləri həvalə edəcəklər.
Daha ənənəvi şirkətlərdə HR  və innovativ biznesdə hansı fərqlər var?
Şirkətlərə bütün növ HR xidmətlər lazımdır. Mənim öyrəndiyim şeylərdən biri biznesə göstərilən HR dəstəyi yalnız o vaxt səmərəli olacaq ki, bu xidmətlər təşkilatın daxili mədəniyyət və məqsədlərinə uyğun olsun. Mən getdikcə hər vəchlə növbəti mərhələyə çıxaraq bütün təşkilatların (innovativ və ənənəvi) qarşılaşdığı makro-iqtisadi, sosial-demoqrafik və texnoloji məsələləri səmərəli şəkildə həll etməyə can atan HR mütəxəssislərinə daha çox rast gəlirəm. Düşünürəm ki, bu cəhdlər HR xidmətini dəyişməyə vadar edir ki, bu da öz növbəsində bizim onun barəsində təsəvvürlərimizi dəyişir.

Öz təcrübənizdən sizin və ya müştərinizin sizin məsləhətinizdən yararlanaraq işçilərin azalmasının qarşısını aldığına dair misal gətirə bilərsinizmi?
Mən əminəm ki, insanlar şirkətlərdən deyil, rəhbərlərin əlindən çıxıb gedirlər. İşçi heyətin işdən getməsi hallarının azalmasında həlledici aspekt diqqətin idarəetmə vərdişlərində cəmləşdirilməsidir. Bu həmçinin rəhbərin diqqətini işçilərin daxili motivasiyası üzərində cəmləşdirilməsi, onların işinin təkmilləşdirilməsinə yardım göstərilməsi və onların işi ilə müştərilər, yaxud biznesin ümumi inkişafı arasında birbaşa əlaqənin başa düşülməsinin təmin olunmasını da nəzərdə tutur.
Sizcə işçilərin öyrədilməsinin hansı metodu daha səmərəlidir?
Bu sahədə getdikcə tədrisin «tay tayını öyrədir» prinsipi əsasında qurulması daha vacib şəkil alır. Bu gün insanlar iri həcmdə məlumatlardan istifadə edə bilirlər. Uzun-uzadı məşğələlərin və auditoriyanın dövrü artıq geridə qalıb. İnsanlar azacıq nəzəri biliklər əldə etdikdən sonra, öz həmkarları ilə praktiki təcrübə mübadiləsi apararaq öyrənmək istəyirlər.
Biznes sahibləri və menecerlərin öz şirkətlərini böyük xərc çəkmədən daha cazibədar edə biləcəklərinə dair bir neçə praktik məsləhət verə bilərsinizmi?
Özünüz haqqında danışın! LinkedIn şəbəkəsində maraqlı səhifə yaradın, sosial şəbəkələrdən istifadə edin, auditoriya qarşısında çıxış etmək təklifini qəbul edin və sizin təşkilatınızı maraqlı və xüsusi bir şirkətə çevirən amillər barədə danışın. Keçmiş işçilərinizdən ibarət bir şəbəkə qurun və şirkətinizdən getmiş insanlarla əlaqələri qoruyub saxlayın, çünki onlar yaxşı vasitəçi ola bilərlər.

Əsas motivasiya amili pul olan insanlarla işləmək Sizin üçün xoşdurmu?
Müxtəlif insanları müxtəlif şeylər motivasiya edir. Mənim üçün ən müxtəlif insanlarla işləmək maraqlıdır. Çünki, şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, hətta onlar üçün ən vacib motivasiyanın puldan ibarət olduğunu bildirən insanların da ünsiyyətə, ilhamlanmaya və inkişafa ehtiyacı var. Biz onların ehtiyaclarını anlamayıb, onlara qulaq asa bilmiriksə, o zaman pul onlar üçün daha vacib motivasiya amilinə çevrilir.
Siz bir sahibkar olaraq, iri şirkətlərdə təbliğ etdiyiniz prinsiplər əsasında işləyə bilirsinizmi? Bir başqasına verdiyiniz məsləhətin Sizin öz biznesiniz üçün faydalı olmasına dair misal göstərə bilərsiniz?
Əla sualdır! Mən həqiqətən insanların motivasiya edən amilləri anlamağa cəhd edirəm. Çünki hesab edirəm ki, biz diqqətimizi bizi ilhamlandıran, bizim ehtirasımıza, güclü tərəflərimizə çevrilən şeylər üzərində cəmləşdirərkən daha yaxşı nəticələr əldə edirik. Beləliklə, PurpleBeach-lə işləyərkən mən insanları elə seçirəm ki, onlar gördükləri işə şövqlə yanaşsınlar və işlərindən ləzzət alsınlar. Düşünürəm ki, bu çox yaxşı üsuldur.
Yaxın illər ərzində uğur qazanmaq üçün insan nə etməlidir?
Gələcəkdə liderlik mövzusunda aparılmış tədqiqatlar var. Onların nəticələrində deyilir ki, dünyanın hazırkı inkişaf vektoru saxlanılarsa, çevik və kompleks düşünmək qabiliyyətinə malik, qoyulmuş sərhədləri keçməyə qadir insanları uğur gözləyir. Onlar manevr edə bilirlər və onların özünü düşünmə səviyyəsi yüksəkdir. Bu xüsusiyyətlər çox vacib amilə çevrilib, çünki insandan sadəcə olaraq nəyi isə tələb etmək, ona komanda vermək və idarə etmək deyil, sadəcə olaraq incə təsir etmək lazımdır. O insanlar uğur qazanacaqlar ki, onlar mədəniyyətlə çulğalana, öz yolunu tapa və getdikcə kiçilən bu dünyanı anlaya biləcəklər. O insanlar ki, yüksək emosional ağıla sahibdirlər.
Annemi Res Azərbaycan üçün ilk “HR sahəsində uğurlar” mükafatının münsiflər heyətinin tərkibinə daxildir. Qeyd edək ki, nəticələr 5 noyabr 2013-cü il tarixində “Baku HR Experience” tədbirində açıqlanacaq. O, yaxın vaxtlarda seminarlar silsiləsi ilə Bakıya baş çəkməyi planlaşdırır.
Mənbə: biznesinfo.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir