Search
ipoteka

İpoteka kreditləşməsinin rolunun az olmasına səbəb?

Vüqar Bayramov: “Türkiyədən fərqli olaraq, Azərbaycanda kommersiya banklarının ipoteka kreditləşməsinə marağı azdır”

Uzun müddətdir ki, ölkəmizdə gənc ailələrin mənzil probleminin həll olunması istiqamətində ipoteka kredit sistemi işə salınsa da, hələlik ondan faydalanmaq hər gəncə nəsib olmur. Bu, ipoteka kreditlərinə qoyulan şərtlərlə və yüksək faiz dərəcələri ilə bağlıdır. Burada digər problem ipoteka məqsədi ilə ayrılan kredit həcminin az olmasıdır. Bildirək ki, Azərbaycanda ipoteka krediti məqsədi ilə ayrılan vəsaitin həcmi ümumi daxili məhsulun heç 1%-ni belə təşkil etmir. Ancaq bu rəqəm Türkiyədə ümumi daxili məhsulun 10%-i ətrafındadır. Azərbaycanda adi ipoteka kreditinin 8% olduğunu nəzərə alsaq, Türkiyədə hətta xaricilərə təklif edilən ipoteka kreditlərinin faiz dərəcələri Azərbaycanda vətəndaşlara təklif olunan ipoteka kreditlərinin faiz dərəcəsindən aşağıdır. Bütün bu şərtlər isə ölkəmizdə mənzil probleminin həllində ipotek kreditləşməsinin rolunun az olmasına gətirib çıxarıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Türkiyədə ipoteka proqramının böyük olması orada mənzil bazarının böyük olması ilə bağlıdır: “Mənzil bazarının böyük olması daha çox ipoteka tələbatı yaradır. Həmçinin də, rəsmi məşğulluq səviyyəsi ipoteka proqramına təsir göstərən faktorlardan biridir. Əsas faktorlardan biri, Türkiyədə kommersiya banklarının prosesə daha fəal cəlb edilməsidir. Dövlətin ipoteka proqramı ilə yanaşı, kommersiya bankları özəl ipoteka proqramından istifadə etməklə vətəndaşlara öz vəsaitlərini ipoteka kreditləri formasında təklif edirlər. O baxımdan kommersiya bankları aktiv şəkildə prosesə cəlb edilir. Rəsmi məşğulluq və ödəmə qabiliyyəti Türkiyədə vətəndaşlara imkan verir ki, ipoteka proqramından faydalana bilsinlər”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda ipoteka proqramının Türkiyə ilə müqayisədə zəif və ümumdaxili məhsulda payının az olması əvvəla onunla bağlıdır ki, dövlətin maliyyələşdirdiyi ipoteka proqramında kreditləşmənin məbləği həddindən aşağıdır: “İl ərzində 40 milyon manat vəsait sosial ipoteka proqramı üçün ayrılır. Bu həcmin az olması ipoteka kreditləşməsinə təsir göstərir. Dövlət İpoteka Fondunun yerləşdirdiyi ipoteka istiqrazlarının həcmi böyük deyil. Orta hesabla 38 milyon manat ipoteka istiqrazı yerləşdirilir ki, bu da adi ipoteka həcminin yüksək olmasına imkan vermir. O baxımdan sosial və adi ipoteka kreditlərini həcminin az olması ümumi məbləğin aşağı olmasına gətirib çıxarıb. Türkiyədən fərqli olaraq, Azərbaycanda kommersiya banklarının ipoteka kreditləşməsinə marağı azdır. Əslində, dövlət ipoteka kreditləşməsinin əhəmiyyətli hissəsini üzərinə götürməməlidir. Kommersiya bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini həyata keçirməlidirlər. Nəzərə alsaq ki, il ərzində Azərbaycanın bütün kommersiya bankları təxminən 90 milyon manata yaxın ipoteka kerditi təklif edirlər. Bu məbləğ isə çox azdır. Burada problem ondan ibarətdir ki, faiz yüksəkdir. Faiz yüksək olduğu üçün vətəndaşlar bu ipoteka proqramından faydalanmaqda maraqlı görünmürlər. Faizin yüksək olması ilə yanaşı, digər məqam kommersiya banklarında ipoteka krediti verilən zaman komisiyon xərclərinin yüksək olmasıdır. Hətta bəzi hallrda 7%-lik komisiyon haqları müəyyələşir ki, bu da ümumi ödənişin həcminin artmasına gətirib çıxarır. Azərbaycanda həmçinin ipoteka krediti üçün tələb olunan sənədlərin sayı, şərtlər olduqca ağırdır. Eyni zamanda 2014-cü ildə Azərbaycan Mərkəzi Bankın kütləvi istehlak kreditləşməsinin məhdudlaşdırması ilə bağlı tədbirlərindən sonra artıq aktiv ipoteka proqramından passiv ipoteka proqramına keçid reallaşdı. Bu da onunla bağlıdır ki, aktiv ipoteka proqramı mənzil bazarında qiymətlərin artmasına səbəb olur. Eyni zamanda pul dövriyyəsinin həcmini artırır. Amma hər halda Azərbaycanda ümumi ipoteka büdcəsi kifayət qədər kiçikdir. Bu gün Azərabycanda ümumi ipoteka büdcəsi mənzil bazarına təsir göstərən əsas faktorlar sırasında deyil. İpoteka proqramının daha da aktivləşdirilməsinə, şərtlərin yüngülləşdirilməsinə, vətəndaşlar üçün əlçatan olmasına ehtiyac var. Əçatanlıq vətəndaşların ipoteka proqramından aktiv şəkildə faydalanaraq mənzil problemini həll etmiş olacaqlar”.

Mübariz BAYRAMOV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir