Search
vugar_2

Manatın məzənnəsi ilə bağlı qısa TƏHLİL

Bir müddətdir ki, dolların manata nisbətən məzənnəsində qiymət artımı müşahidə edilməkdədir. Artıq manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı müzakirələr gedir. İqtisadçı alim Vüqar Bayramov əslində mənzərənin tamamilə sadə olduğunu bəyan edib.

“Əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır. Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa deməli, onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa onun dəyəri o qədər düşür”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa, bu bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkün ola bilər: “Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Və ya Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın”.

“Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diqtə edir” – deyə Vüqar Bayramov sözlərini yekunlaşdırıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir