Search
0ed665adc21d72f69f2e142f70e70fe4

İnvestisiyaların təşviqinə dair Konfrans keçirilmişdir

İyunun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilmiş Konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 250-dən çox nümayəndəsi iştirak etmişdir.IMG_9374

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat vermiş, dövlət başçısının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.IMG_9380

Ölkə başçısının müvafiq Fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 mlrd. dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti – 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilmişdir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaqdır. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən buraya 100 mln. dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Dövlət başçısı dünən Masallı Sənaye Məhəlləsinin yaradılması barədə Sərəncam imzalayıb.IMG_9383

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilən qərarların strateji xarakter daşıdığını və sahibkarlığın inkişafında yeni dövrün başlanğıcı olduğunu diqqətə çatdırmışdır. Aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahədə yaradılmış mütərəqqi qanunvericilik bazasıdır.

İqtisadiyyat naziri bu gün keçirilən Konfrans çərçivəsində investisiya təşviqi sənədinin alınması üçün Nazirliyə müraciət etmiş sahibkarlara investisiya təşviqi sənədlərinin təqdim ediləcəyini, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 mln. manatdan çox investisiya yatırılacağını, 1400-ə yaxın yeni iş yerlərinin yaradılacağını diqqətə çatdırmış və sənədin sahibkarlar üçün yaratdığı imkanları vurğulamışdır. Qeyd edilmişdir ki, investsiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.IMG_9414

Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətli olduğunu qeyd etmiş, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına əlavə stimul verdiyini vurğulamışdır.

Tədbirdə investisiya təşviqi mexanizminə dair təqdimat keçirilmiş, sənədin verilməsi prosesi və qanunvericilik bazası, sahibkarlara qazandırdığı güzəştlər barədə tədbir iştirakçılarına məlumat verilmiş, İqtisadiyyat Nazirliyi tərəfindən bundan sonra da investisiya təşviqi sənədinin alınması üçün müraciət edənlərə lazımi köməklik göstəriləcəyi qeyd edilmişdir.

Konfransda “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov, “Şəmkir Aqropark” şirkətinin direktoru Tahir Məmmədov, “Buta Qrup” şirkətinin rəhbəri Bəşir Quliyev və başqaları investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını qeyd etmiş, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda iqtisadiyyat naziri Şahin Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Aqrokimya Azərbaycan” MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim etmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir