Search

İNTERNET BANKİNQ TEXNOLOGİYALARININ ƏHƏMİYYƏTİ VƏ İNNOVATİV XÜSUSİYYƏTLƏRİ!

Məqalədə elektron bank xidmətlərinin və əməliyyatlarının mahiyyəti şərh olunmuşdur. Müasir 

İnternet-bankinq texnologiyalarının meydana gəlməsi, onun, üstünlükləri və innovativ
xüsusiyyətləri təhlil olunmuşdur. İnternet-bankinqin fəaliyyət prinsipləri və təhlükəsizlik
məsələləri araşdırılmış, inkişaf tendensiyaları və gələcək perspektivləri şərh olunmuşdur.

 

 

Dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT-nin) hərtərəfli və sürətli

tətbiqi yeni iqtisadi münasibətlərin və proseslərin, o cümlədən informasiya iqtisadiyyatının
formalaşmasına səbəb olmuşdur [1]. Məlum olduğu kimi, informasiyaya və biliklərə əsaslanan
iqtisadiyyatın formalaşmasında maliyyə və pul-kredit münasibətlərinin tənzimlənməsi önəmli rol
oynayır [2]. Bu prosesdə mühüm element olan bank sistemi əhaliyə və təşkilatlara geniş spektrli
xidmətlər göstərir. Hazırda həmin bank xidmətlərinin və əməliyyatlarının elektron formada
tətbiqi sürətlə genişlənməkdədir. Elektron bank xidmətlərini distant idarəetmə formasında,
əsasən İnternet vasitəsilə həyata keçirirlər.
Müasir innovativ bank xidmətləri və texnologiyaları arasında ən geniş yayılanı İnternetbankinqdir. İnternet-bankinq – bank tərəfindən təklif edilən yeni xidmət deyil, sadəcə, mövcud
ənənəvi bank xidmətlərinin İnternet-texnologiyaların tətbiq edildiyi formasıdır.
Müştərilərə İnternet vasitəsi ilə geniş spektrli maliyyə xidmətlərinin, məsafədən
hesablaşma və depozitar xidmətinin, valyuta əməliyyatlarının, İnternet-treydinq, ekvayerinq və s.
kimi xidmətlərin göstərilməsi bank fəaliyyəti və xidmətlərinin səmərəliliyinin yüksəldilməsi
sahəsində əsas texnologiyalar hesab olunur. Başqa sözlə, müasir bank texnologiyalarının əsasını
İnternet-bankinq texnologiyaları təşkil edir. İnternet-bankinq nağd əməliyyatlar istisna olmaqla,
müştərilərə bütün standart bank əməliyyatlarını İnternet vasitəsilə aparmağa imkan verən müasir
informasiya-telekommunikasiya sistemidir. Başqa sözlə, İnternet-bankinq informasiya
iqtisadiyyatına uyğun bank xidmətlərinin göstərilməsinə xidmət edən texnologiyadır. Ona görə
də onunla əlaqədar olan problemlərin öyrənilməsi, təhlili və perspektiv inkişafı sahəsində
tövsiyələrin işlənilməsi informasiya cəmiyyətinin özəyini təşkil edən informasiya
iqtisadiyyatının aktual məsələlərindən hesab olunur.
İnternet-bankinqin meydana gəlməsi
Bank sferasında fərdi kompyuterlərin tətbiqi ilə monitorinqlərin aparılması və hesabların
idarə olunması üzrə ilk informasiya-hesablama sistemləri (“Home bankinq” sistemləri) 1980-ci
illərin əvvəllərində meydana gəlmişdir. O zaman bunun üçün müştərilərin kompyuterləri ilə bank
arasında birbaşa modem əlaqəsi qurulmuşdu. Sürətli İnternet meydana çıxanadək bu sistemlər
banklar üçün əsl innovativ göstərici idi.
1990-cı illərdən başlayaraq dünyanın aparıcı bankları şəbəkə vasitəsilə hesabların idarə
edilməsi üçün mükəmməl layihə işləyib hazırladılar. 1995-ci ildə ABŞ-da ilk virtual banklar –
(məsələn, Security First Network Bank) meydana gəldi. Bu bankların fəaliyyətinin ilkin İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
42 www.jpis.az
yekunları göstərdi ki, həmin bankların aktivləri, kapitalın aylıq artım faizi və müştəri
hesablarının sayı əvvəlki vaxtlara nisbətən xeyli artmışdı.
Avropada isə İnternet vasitəsilə əməliyyatları həyata keçirən ilk virtual bank 1996-cı ildə
Almaniyanın Drezden bank qrupu strukturuna aid Advance bank olmuşdur. Belə banklara
nümunə olaraq Netbank (1996), Compubank (1998), BankDirect (1999) kimi digər bankları da
göstərmək olar [3].
2001-ci ilin mart ayında Yaponiya hökuməti Sony korporasiyasının on-layn bankının
açılmasına lisenziya verdi. Bankın fəaliyyətinin ilk aylarında 20 mindən çox hesab açıldı.
Yaponiya və ABŞ-da bu sahənin inkişafı 2004-cü ilin sonunda hər 3 bankdan birinin İnternetbankinq xidmətini dəstəkləməsi ilə nəticələndi.
Rusiyada onlayn-bankinq 1998-ci ildə Avtobankda “İnternet Servis Bank” sisteminin
tətbiqi ilə başlamışdır. Bu sistem fiziki şəxslər üçün tətbiq edilmişdi, öz hesablarını idarə etmək
üçün təkcə standart brauzerin olması kifayət idi. Hazırda isə Rusiyada yüzlərlə bank İnternetbank sistemi ilə işləyir. Bu ölkədə bankların 60%-dən çoxunda distant xidmət sistemi – İnternetbankinq tətbiq olunur [4].
Azərbaycanda ilk İnternet-bankinq sistemi 2008-ci ildə Azərbaycan Beynəlxalq Bankında
(ABB) tətbiq olunmağa başlanmışdır [5].
Dünyada İnternet-bankinq bazarının əsas tendensiyaları istifadəçilərin sayının və əlavə
funksional sistemlərə təlabatın sürətlə artmasından ibarətdir. Hal-hazırda dünyada İnternetbankiq xidmətinin milyonlarla istifadəçisi vardır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu
xidmətlərin əhatə dairəsi 90%-dən çoxdur. İnternet-bankinq üçün əsas ödəniş əməliyyatları fiziki
şəxslər üçün olan hesablama-ödəniş xidmətləridir. Son vaxtlara qədər belə xidmətləri əsasən
banklar icra edirdilər. Bir çox banklar tərəfindən terminalların xüsusi şəbəkəsi yaradılsa da,
terminalların çox hissəsi hesablama-ödəniş xidmətləri üzrə qeyri-bank şirkətlərinə aiddir və onlar
tərəfindən istismar olunur. Bu terminallar kommunal, telekommunikasiya xidmətləri, istehlak
krediti, məhsullar və xidmətlər üzrə ödəniş etməyə imkan verir.
İnternet-bankinqin inkişafı hüquqi ünvanından başqa heç bir real nümayəndəliyi olmayan,
bütün fəaliyyətini ancaq kompyuter şəbəkələri vasitəsilə həyata keçirən şəbəkə banklarının da
yaranmasına səbəb olmuşdur.
İnternet-bankinq xidmətinin mahiyyəti
İnternet-bankinq bankların öz müştərilərinə göstərdiyi əsas xidmətlərdən biridir. Bu xidmət
növü vaxta qənaət edərək, müştərilərin evdən, yaxud iş yerindən çıxmadan öz kartlarındakı
vəsaiti və ya cari hesabını idarə etməyə imkan verir. İnternet-bankinq texnologiyaları banklara və
onların fəaliyyətinə aid informasiyanın İnternet vasitəsilə ötürülməsinə əsaslanır. Bu
texnologiyaların tətbiqi zamanı müştəri bank ilə qarşılıqlı əlaqə yaratmaq üçün standart İnternetbrauzerdən istifadə edir. Ona görə də İnternetə çıxışı olan istənilən kompyuter həmin sistemlə
işləmək üçün platforma rolunu oynaya bilər [6].
İnternet-bankinq texnologiyalarının universallığı onu həm fiziki şəxslər, həm də
müəssisələr üçün əlyetərli etməklə onların maliyyə vəsaitlərinin idarə edilməsinin səmərəliliyini
və operativliyini yüksəltməyə imkan verir.
Ümumiyyətlə, ödənişlərin İnternet vasitəsilə idarə edilməsi kompyuterdə işləyə bilənlər
üçün çətin deyil və İnternet-bankinq sistemindən istifadə etmək üçün, demək olar ki, hər hansı
xüsusi biliyə ehtiyac yoxdur.
İnternet-bankinq sistemi vasitəsilə real vaxt rejimində günün istənilən vaxtında müştəri
aşağıdakı əməliyyatları apara bilər:
 plastik kart və ya cari hesabın balansının yoxlanılması;
 kartlar haqqında ümumi məlumatın (kartların siyahısı, növləri, adları və hər bir kartın
və ya cari hesabda mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
 kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi; İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 43
 kart və ya cari hesab üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında
ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
 kommunal xidmətlərə görə ödənişlərin edilməsi;
 mobil telefon rabitəsindən istifadəyə görə ödəniş edilməsi;
 Karttransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;
 İnternet xidmətlərinə görə ödənişlərin edilməsi;
 stasionar rabitəyə görə ödənişlərin edilməsi.
İnternet-bankinq istifadəçiləri üçün ATM şəbəkəsindən və İnternet şəbəkəsinə qoşulmuş
kompyuterlərdən istifadə edərək, banka müraciət etmədən İnternet-bankinq sisteminə qoşulmaq
imkanı yaradılmışdır. Bu sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb
edilmir, bunun üçün istənilən İnternet-brauzer kifayət edir.
Alıcı, İnternet-mağaza və bank arasındakı qarşılıqlı fəaliyyət sxeminin mahiyyəti aşağıdakı
kimidir:
1. Alıcı virtual mağazadakı əmtəəni seçir;
2. Mağaza alıcıya İnternet-bankinq vasitəsilə özünün elektron-rəqəm imzasıyla (ERİ)
təsdiqlənmiş ödəniş hesabı təqdim edir;
3. Alıcı həmin hesabı özünün ERİ ilə təsdiqləyərək ya hesabı ödəyir, ya da hər hansı bir
digər gözləmə qərarı qəbul edir;
4. Bank avtomatik olaraq həmin vəziyyət haqqında İnternet-mağazaya məlumat verir;
5. Mağaza aldığı məlumata uyğun olaraq əmtəəni ya alıcıya göndərir, ya da növbəti
bildirişə qədər gözləmə mövqeyində qalır.
Qeyd etmək lazımdır ki, bir çox yerlərdə İnternet-bankinqlə, adətən, müştəri şirkətlərinin
mühasibləri məşğul olur və demək olar ki, qarşılıqlı hesablaşmaları yerinə yetirir, həmçinin digər
vergiləri ödəyir. Bu isə ümumi işin səmərəliliyinə az təsir edir. Yaxşı olardı ki, İnternetbankinqlə şirkətlərin maliyyə direktorları işləsin və bankın onlara göstərdiyi maliyyə idarəetməsi
texnologiyalarının (aktivlərin idarə olunması, investisiya, kreditləşmə, sığorta, konsaltinq və s.)
xidmətlərindən tam istifadə etsin. Bu işin səmərəsinin artırılmasına gətirə bilər.
Bunlardan başqa, elektron kommersiyanın bəzi formalarında nağdsız ödənişləri operativ
izləmək mümkün olmadığından sövdələşmələrin tam realizasiyası və əmtəənin hərəkəti də
ləngiyir. Ona görə də bankın özünü də informasiya sisteminə daxil etmək və ödəniş haqqında
satıcını operativ məlumatla təmin etmək lazımdır. Bu, həm də müştərilərin kommersiya
əməliyyatlarının səmərəli idarə olunmasına şərait yaradır [7].
İnternet-bankinqin inkişafı iri banklara külli miqdarda gəlir gətirir. İri bankların maliyyə
resursları kifayət etdiyinə görə onlar müasir İKT-nin əsas kompleks və sistemlərini, o cümlədən
CRM-sistemlərini tətbiq edə bilirlər ki, çəkilən xərclər tezliklə özünü ödəyə bilsin.
Distant bank xidmətləri
Distant bankın xidmətlərini göstərən elektron texnologiyalar aşağıdakı istiqamətlərdə daha
çox inkişaf edir [8]:
1. ”Müştəri-Bank” sistemləri tərəflər arasındakı bank sənədlərinin mübadiləsini tərəflərin
kompyuterlərinin modem birləşmələri vasitəsilə həyata keçirir. Bu sistem müstəqildir,
geniş yayılmışdır və bankla əlaqədar olan digər sistemlərlə yaxşı inteqrasiya oluna
bilir.
2. “İnternet-Bank” sistemində tərəflərin qarşılıqlı əlaqəsi standart brauzer vasitəsilə
həyata keçirilir.
3. Mobil-bankinq sistemində tərəflərin qarşılıqlı fəaliyyəti məlumatların mobil qurğular
vasitəsilə ötürülməsinə əsaslanır.
Göstərilən sistemlərdə bank hesabları məsafədən idarə olunur. Ödəmə proseduru banka bir
hesabdan digərinə müəyyən vəsaitin köçürülməsinə aid verilən göstərişin yerinə yetirilməsindən İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
44 www.jpis.az
ibarətdir. Yerinə yetirilmə prosedurunda, təbii ki, informasiya və sistem müxtəlif texnoloji
vasitələrlə mühafizə olunur.
Distant bank xidmətlərini funksional olaraq belə qruplaşdırmaq olar:
 hesabların distant monitorinqi;
 hesabların distant idarə olunması;
 kompleks bank xidmətləri (kredit, sığorta, İnternet-treydinq, kart sifarişi, kartların
blokirovkası, valyuta əməliyyatları və s.).
“İnternet-bankinq” sisteminin fəaliyyət texnologiyası
“İnternet-bankinq” sistemi on-layn rejimində banklardakı hesablar üzərində əməliyyatların
aparılmasına əsaslanır. Hər bir hesabı verilənlər bazasındakı bir yazılış kimi başa düşmək olar.
İstənilən ödəniş əməliyyatı isə qarşılıqlı razılaşmaya uyğun olaraq hər iki tərəfin hesablarının
dəyişdirilməsidir. Bu zaman bank aşağıdakı məsələləri həll etməlidir [9]:
 hesabın idarə olunmasına ödəyicinin hüququ;
 ödəyicidən hesabın izahını almaq;
 əməliyyatın mümkünlüyünün yoxlanılması;
 əməliyyatın aparılmasına alıcı razılığının alınması;
 tərəflərin hesablarının müvafiq olaraq dəyişdirilməsi;
 qəbzlərin tərəflərə çatdırılması və hesabatın saxlanılması.
İnternet-bankinqin üstünlükləri
İnternet-bankinqin əsas üstünlüklərindən biri odur ki, lazımsız kağız işlərindən və yorucu
zəhmətdən azad olmağa imkan verir [10]. Məhz bu rahatlıq vaxta qənaət etməklə bankda hesab
açdırmağa və onu İnternet vasitəsilə idarə etməyə sövq edir. Digər tərəfdən, yeni texnologiyalar
kifayət qədər operativ olmağa imkan verir ki, bu da özünə aid olan bütün maliyyə işlərindən
xəbərdar olmaq istəyənlər üçün çox vacibdir. İnternet-bankinq xərclərə qənaət etməyə də imkan
verir. Belə ki, hesablaşmaların avtomatlaşdırılması İnternet vasitəsilə xidmətin təşkilinə çəkilən
xərcləri azaltmağa imkan verdiyindən əsas bank əməliyyatları üzrə tariflər də aşağı düşür.
Adətən, İnternet-bankinqin müştərilərinə valyuta və digər əməliyyatlarda ödənişlər aparmaq
üçün güzəştli tariflər təklif olunur.
Ənənəvi bank sistemləri ilə müqayisədə həm sistemin müştəriləri, həm də banklar üçün
distant bank xidmətlərinin bir sıra digər üstünlükləri də vardır [11]. Statistik təhlillər göstərir ki,
bank tranzaksiyaları zamanı ən aşağı xərclər İnternet-bankinq sistemlərində olur. İnternetbankinqin xərcləri bankomat şəbəkəsinin xidmət xərcləri ilə müqayisədə daha aşağıdır. Belə ki,
İnternet-bankinqdə bankomatların saxlanması, inkassasiyası və sığortası kimi xərclər yoxdur.
Bundan başqa, müştəri valyuta almaq və satmaq, hesab üzrə çıxarışları əldə etmək, İnternetmağazalarda malların və xidmətlərin alqı-satqısını həyata keçirmək, məsləhət almaq və
informasiya əldə etmək, hesabın idarə edilməsi və hesablararası vəsaitlərin köçürülməsi,
kommunal xərclərin ödənilməsi, konvertasiya əməliyyatları, pul köçürmələrinin aparılması kimi
imkanlara malik olur.
İnternet-bankinq xidməti vasitəsilə ödənişlər on-layn rejimdə həm yerli valyuta, həm də
xarici valyuta ilə aparılır. İnternet-bankinqin tarifləri bankdan banka fərqlənir və bu tariflər,
adətən, özünə aşağıdakıları daxil edir: qoşulma haqqı, abunə haqqı və müxtəlif növ ödənişlərin
aparılması haqqı. Bəzi banklar distant xidmətlərin istifadəsini stimullaşdırmaq üçün belə
sistemlərlə aparılan əməliyyatlara görə xidmət haqqını aşağı salırlar. Bu xidmətlərin biznesistifadəçilər üçün xüsusi əhəmiyyəti vardır. Belə ki, kiçik və orta biznes üçün “müştəri-bank”
sistemi praktiki olaraq bankla canlı əlaqəni qismən və ya tamamilə əvəz edən və bununla da,
vaxta və məsrəflərə qənaət etməyə imkan verən yeganə vasitədir.
İnternet-bankinq xidmətinin növünün inkişafı bankların özləri üçün də sərfəlidir. Yeni
müştərilərin cəlb olunması və mövcud gəlirlərinin artmasından başqa banklar on-layn İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 45
münasibətlər hesabına öz daxili problemlərini həll edirlər. Məsələn, “müştəri-bank” sistemi işin
şöbələr və əməkdaşlar arasında paylanmasına imkan verir ki, bu da xidmətin son dəyərinə
müsbət təsir göstərir. Eyni zamanda, banklar WAP-bankinq, telefonla distant bank xidmətləri və
s. kimi mükəmməl virtual xidmətləri özündə birləşdirir. Belə ki, bankın İnternet saytına yalnız
kompyuter vasitəsilə deyil, WAP (Wireless Application Protocol) texnologiyalı mobil telefondan
istifadə etməklə də daxil olmaq olar. Bu cür xidmət WAP-bankinq və ya mobil bankinq (mbankinq) adlanır. Bununla belə, qeyd etmək lazımdır ki, İnternet-bankinq yüksək səviyyədə
standartlaşdırılmış bir xidmət növüdür. Bank tam virtual olduqda İnternet-bankinq xidmətindən
istifadə edən müştəri banka getmədən onun saytında qeydiyyatdan keçə, şəxsiyyətinin təsdiqi
üçün sosial sığorta nömrəsini qeyd edə və müvəqqəti parol əldə edə bilər. Banka bütün pullar ya
nağdsız yolla, ya da poçt vasitəsilə göndərilir. Bankomatdan hesab haqda məlumat alarkən
autentifikasiya üçün plastik kartlardan istifadə olunur. Hesabın idarə edilməsi, nağdsız
hesablaşmalar İnternet vasitəsilə reallaşdırılır. İnternet vasitəsilə kredit də götürmək olur. Əgər
müştəriyə hər hansı məsləhət almaq lazım olarsa, bu ya elektron poçt vasitəsilə, ya da telefonla
canlı ünsiyyət vaxtı həyata keçirilir.
İnternet-bankinqin müştəri xidmətinin müxtəlif rejimlərini nəzərə almaq və əməliyyatlar
vaxtı meydana çıxan riskləri yoxlamaq üçün yüksək keyfiyyətli back-office sisteminə malik
olması zəruridir. İnternet-bankinq qlobal mühit olmaqla, biznesin strukturunu İnternetiqtisadiyyatın xeyrinə dəyişməyə təsir edir. Müasir elektron kommersiya sistemləri 2 əsas
istiqaməti – maliyyə xidmətlərinin əsas icraçıları və satıcıları kimi fəaliyyət göstərən banklar
olan B2B (businеss-tо-businеss) və maliyyə tərəfdaşı qismində kredit təşkilatları çıxış edən,
malların və xidmətlərin fiziki şəxslərə satışının B2C (businеss-tо-custоmеr) modelini özündə
birləşdirir. Yeni texnologiyalar bank menecerlərinə çox böyük sayda müştərilərlə aktiv iş
aparmağa imkan verir. Elektron kommersiyanın inkişafı banklarda birbaşa olaraq İnternetbankinqin tətbiqinin genişlənməsinə səbəb olur.
Müasir banklar adətən, interaktiv bank xidmətləri, əsas bank əməliyyatları aparmaq və
İnternet vasitəsilə ödəniş etmək imkanı verirlər. İri banklar isə müştərilərə öz investisiya
bölmələri və tədqiqat imkanları haqqında da informasiya verirlər. Bütövlükdə, İnternet-bankinq
sistemləri təqdim etdikləri xidmətlərin səviyyəsinə görə iki qrupa ayrılır:
 İnformasiya sistemləri – bank müştərilərinə fərdi və ümumi qaydalar (sorğunun
çıxarılışı, tranzaksiyalar haqqında informasiyanın yüklənməsi və s.) haqqında
informasiya təqdim edən sistemlər;
 Tranzaksiya sistemləri – hesablarla aktiv əməliyyatların həyata keçirilməsinə, o
cümlədən nağdların idarə olunmasına, pul köçürmələrinə, avtomatik klirinq sistemi
vasitəsilə tranzaksiyalara, hesabların təqdim edilməsinə və ödənişinə imkan verən
sistemlər.
İnternet-bankinq sistemləri tətbiq sahəsinə görə də 2 qrupa bölünür:
 İstehlakçı-bankinq sistemləri – fiziki şəxslərə (istehlakçı sektoruna) istiqamətlənmiş
sistemlər;
 Biznes-bankinq sistemləri – hüquqi şəxslərə istiqamətlənmiş (korporativ sektora)
sistemlər.
İnternet-bankinqin problemləri
İnternet-bankinqin yuxarıda qeyd edilən üstünlükləri ilə yanaşı, müəyyən problemləri də
mövcuddur. Virtual banklardan istifadədə əsas maneə inamsızlığın olmasıdır. Bunun da əsas
səbəbi bütün əməliyyatların virtual olaraq həyata keçirilməsi, bank işçisi ilə canlı ünsiyyətin
olmamasıdır. Bundan başqa, hətta ən böyük banklar vaxtaşırı on-layn proqramlarını yeniləşdirir.
Bəzi hallarda istifadəçi hesabı haqqında məlumatı yenidən daxil etməli olur.
İnternet-bankinqindən yararlanmaq üçün ilkin olaraq istifadəçi kompyuter vasitəsilə
İnternetə qoşulmalıdır. Bu o deməkdir ki, bank hesabına giriş əsas etibarı ilə texnologiyadan İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
46 www.jpis.az
asılıdır. İnternet-bankinq web-server və kompyuterlərin etibarlılığından da asılıdır. Onlarda hər
hansı problem baş verərsə, istifadəçi öz hesabına daxil ola bilməyəcək. Əhalinin kompyuterdən
istifadə vərdişlərinin aşağı səviyyəsi İnternet-bankinqdən istifadəni çətinləşdirir. Müştəri bankını
dəyişməyə qərar verdikdə, o, proqram təminatını da əvəz etməli olacaq. İstifadəçi köhnə hesabı
haqqında bütün məlumatları yeni proqrama daxil etməli olacaq, bu da vaxt itkisinə səbəb olur.
ATM-lərin kifayət qədər olmaması da İnternet-bankların ən əsas çatışmayan tərəflərindəndir.
Bu səbəbdən hesaba pulu, yaxud çeki köçürmək üçün ya poçtdan istifadə etmək (bu yol bir az
etibarsız sayılır), ya da pulu başqa hesabdan köçürmək lazım gəlir. Əgər bank tam virtual
deyilsə, onun on-layn proqramında qeydiyyatdan keçmək üçün müştəri bankın şöbəsinə gələrək
şəxsiyyət vəsiqəsini təqdim etməli və sənədi imzalamalıdır. Bununla əlaqədar olaraq hesabın
aktivləşməsi xeyli vaxt tələb edə bilər.
İnternet-bankinqin təhlükəsizliyi
İnternet vasitəsilə həyata keçirilən e-maliyyə əməliyyatlarının etibarlılığının təmin
olunması sahəsində əsas məsələlərdən biri təhlükəsizlikdir. Müasir kriptoqrafik texnologiyalar
bu sahədəki riskləri praktiki olaraq heçə endirir. İnternet-bankinq sistemi həm aparat, həm də
proqram səviyyəsində mühafizə olunur. Sistemdə ötürülən bütün informasiya şifrlənir [9].
Qeyd etmək lazımdır ki, İnternet-bankinq sistemi müştərinin kompyuterinə xüsusi proqram
təminatının yüklənməsini tələb etmir – standart brauzerin olması kifayətdir. Adi brauzerdən
istifadə etməklə bankın serverinə daxil olan müştəri müvafiq autentifikasiyadan sonra elektron
sertifikatı əsasında PİN-kodunu daxil edir və öz hesabları ilə əməliyyat aparmaq icazəsini alır.
Hər bir tranzaksiya elektron rəqəm imzasıyla təsdiq olunur. Hesablar üzrə bütün əməliyyatlar
sistemdə qeydə alınır və operativ olaraq müştəriyə əlavə informasiya kanalları vasitəsilə
çatdırılır. İnternet-bankinq sistemi etibarlı şəkildə qorunur. Bu sistemdə yalnız bir iş seansı
zamanı qüvvədə olan birdəfəlik parollardan istifadə olunur.
İnternet-bankinqdə ötürülən məlumatların təhlükəsizliyini təmin etmək üçün keş-
funksiyalardan (MD5, SHA-1 və s.), SSl protokolundan, İASP – İnternet açıq satış protokolundan,
IOTP – Internet Open Trading Protocol-dan istifadə olunur. Bütün bunlara baxmayaraq,
İnternet-bankinq xidmətinin bir çox potensial istifadəçiləri elektron hesablaşmaların
təhlükəsizliyinə şübhə edirlər. Əslində isə, İnternet-bankinq sisteminin qorunması kredit kartları
ilə olan ödənişlərin qorunmasına nisbətən daha mükəmməldir. Belə ki, şəbəkədə baş verən əsas
cinayətlər kredit kartlarının nömrələrinin oğurlanmasına əsaslanmışdır. Müştəri ödəniş etmək
üçün özünün kredit kartının nömrəsini daxil edərkən həmin nömrə ələ keçirilə bilər. Bank
təhlükəsizliyi mütəxəssisləri belə fikirdədirlər ki, müştəri İnternet-bankinq sistemində proqramda
işləyən vaxt informasiyanın ələ keçirilməsi istisna təşkil edir. Elektron ödənişlərin
təhlükəsizliyinin təmini imkanları elədir ki, hətta ən müasir kompyuterdə informasiyanın şifrinin
açılmasına illərlə vaxt tələb olunur. Hazırda on-layn-tranzaksiyaların müdafiəsinin texnoloji
inkişaf səviyyəsi kifayət qədər yüksəkdir.
İnternet-bankinqin inkişaf perspektivləri
Müasir texnologiyalar bankla əlaqə zamanı vaxta və resurslara qənaət etməyə imkan verir.
Bu isə İnternet-bankinqin çox böyük inkişaf perspektivinə malik olmasına və onun
istifadəçilərinin sayının artacağına zəmanət verir [12].
Ümumiyyətlə, bank sferasında İKT-nin inkişafı aşağıdakı tendensiyaları
müəyyənləşdirmişdir[13]:
 bank xidmətləri bazarı genişlənir, kütləviləşir və xidmət miqyasının böyüməsi ilə gəlir
əldə etmək üçün əlavə imkan yaranır;
 bank kapitalının yeni tətbiq sahələri formalaşır və müxtəliflik hesabına əlavə gəlir
kanalları yaranır; İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 47
 yüksək təhsilli və gəlirli müştərilərə fərdi bank xidmətlərinin göstərilməsi elmtutumlu
bank xidmətlərinin artımına gətirib çıxarır;
 CRM sistemlərinin tətbiqi ilə müştərilərə fərdi yanaşma hesabına əlavə imkanlar
qazanılır.
Hazırda İnternet-bank biznesi sahəsində bir neçə model mövcuddur:
 əsas on-layn bankın İnternet bölməsi;
 on-layn bankın öz markasıyla müstəqil hüquqi şəxs statusunda təsis etdiyi İnternetbank;
 qeyri-bank müəssisələrinin (sığorta, texnoloji və s.) İnternet-banka analoji olaraq təsis
etdiyi virtual bank;
 e-maliyyə supermarket aqreqatoru (həm özünün, həm də digər maliyyə institutlarının
məhsul və xidmətlərinin veb-satışını təşkil edən bank).
Bu modellərdən ilk ikisi daha çox inkişaf etmişdir. Birinci model daxili bazarda, ikincisi
isə beynəlxalq maliyyə bazarlarında daha çox fəaliyyət göstərir.
Bunlardan başqa, qeyd olunmalıdır ki, distant bank xidmətlərinin on-layn rejimdə təqdim
olunan digər xidmətləri ilə müqayisədə İnternet-bank və “bank-müştəri” sistemləri vasitəsilə
təqdim olunan xidmətlərin perspektivləri daha yüksəkdir [8]. Bu, aşağıdakı səbəblərlə izah
olunur:
1. Qlobal İnternet istifadəçilərinin sayının daim artması. Əgər 2005-ci ildə dünyada
İnternet istifadəçilərinin sayı 1 milyarda yaxın idisə, hazırda bu rəqəm 3 milyardı ötüb
keçmişdir.
2. Qlobal İnternet şəbəkə vasitəsilə həyata keçirilən bank məhsulları və xidmətlərinin
istehlakçılarının sayının artması.
3. İnternetin fəal istifadəçilərinin sayının sürətlə artması banklara bu qlobal şəbəkə
vasitəsilə yayımlanan bank məhsullarının və xidmətlərinin istehlakçılarının sayını
yüksək sürətlə artırmaq imkanı verir.
4. İnternet şəbəkəsi vasitəsilə müştərilərə göstərilən bank xidmətlərinin məsrəflərinin
aşağı olması.
5. E-kommersiyanın inkişafı ilə bağlı olaraq fiziki şəxslərə İnternet vasitəsilə bank
xidmətlərinin göstərilməsinin zəruriliyi.
Qeyd etmək lazımdır ki, e-kommersiyanın inkişafı İnternet vasitəsilə həyata keçirilən alqı-
satqının ödəniş mexanizmlərinin işlənilməsinə səbəb oldu. Əvvəllər İnternet vasitəsilə alqı-
satqının ödənişi üçün kredit və debet kartlardan istifadə olunurdusa, 90-cı illərin ortalarından
İnternetdə ödənişlərin həyata keçirilməsi üçün İnternet-bankinqdən istifadə olunmağa başlandı.
E-kommersiyanın inkişafı bank xidmətlərinin forması ilə yanaşı, pul vəsaitlərinin təkamülünə,
elektron pul (web-money) surroqatlarının, çeklərin və banknotların analoqlarının meydana
gəlməsinə səbəb oldu.
İnternet-bankinq inkişaf etdikcə müştəri seçimində ərazi yaxınlığı öz əhəmiyyətini itirir. Belə
olan halda əsas əhəmiyyətli meyarlar qismində bankın etibarlılığı və dayanıqlılığı, tarif
siyasətinin mütəhərrikliyi, əlavə xidmətlərin həcmi və keyfiyyəti və s. kimi göstəricilər
çıxış edir [14].
İnternet-bankinqin yeni imkanları onu dünyada daha dinamik inkişaf edən bank
xidmətlərindən birinə çevirmişdir. Belə deməyə tam əsas vardır ki, tezliklə bütün banklar
İnternet-xidmətləri göstərməyə məcbur olacaq. Əks halda onlar öz müştərilərini itirəcəklər.
İndiki zamanda bank xidmətlərinin göstərilməsi sürəti böyük əhəmiyyət kəsb edir. Bu istənilən
məkandan real vaxt rejimində hesabların idarə edilməsi şəraitində mümkündür. Müştərilərin əsas
tələbləri rahatlıq, mobillik və operativlik olduğundan artıq İnternet-bankinqin xidmətləri əksər
banklar üçün standarta çevrilmişdir.
Qeyd edək ki, İnternet-bankinqin inkişafı maliyyə xidmətləri və məhsulları üzrə vahid
virtual fəzanı əmələ gətirə bilər. O, virtual maliyyə məhsulları və xidmətlərinin supermarketi İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
48 www.jpis.az
kimi fəaliyyət göstərməklə İnternetdə bütün maliyyə əməliyyatlarının aparıldığı elektron məkan
kimi inkişaf etməkdədir.
Nəticə
Yuxarıda aparılan araşdırma və təhlillər bir daha göstərir ki, müasir ölkə iqtisadiyyatının
innovativ əsaslarda inkişaf etdirilməsi, onun postsənaye mərhələsindən inkişaf edərək yeni
mərhələyə – informasiya iqtisadiyyatının formalaşması mərhələsinə qədəm qoyması qaçılmaz bir
prosesdir. Belə şəraitdə ənənəvi bank texnologiyalarının İnternet-bankinqlə əvəzlənməsi də bu
istiqamətdə həyata keçirilən innovasiya nailiyyətlərindən biridir. Bu texnologiya əhaliyə elektron
xidmətlərinin göstərilməsinin həcminin və spektrinin artırılmasına təsir etməklə yanaşı,
bütövlükdə, iqtisadi inkişafı sürətləndirir.
İnternet-bankinq texnologiyalarının istər texniki, istər proqram təminatı, istərsə də
infrastruktur elementi baxımından inkişaf etdirilməsi, dünyada gedən tendensiyaların nəzərə
alınması, texnologiyanın üstünlüklərindən yararlanmaq zərurəti onu informasiya iqtisadiyyatının
formalaşdırılması mexanizmlərindən birinə çevirmişdir. Ona görə də İnternet-bankinq
texnologiyaları müasir İKT-nin və iqtisadi inkişafda pul-kredit münasibətlərinin ən yeni
nailiyyətlərinin sintezi hesabına daha da inkişaf etdirilməli və tətbiq dairəsi genişləndirilməlidir.

Əliyev Ə.Q.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

jpis.az / taraz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir