Search
kredit

İndiyədək 2070 qadın sahibkara 46,2 milyon manat güzəştli kredit verilib

Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması da onların iqtisadi sahədə fəallğının artırılması istiqamətində atılan addımlardandır. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, ötən il ölkədə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 5,2 faiz artaraq 455 minə çatıb ki, onların da 17,9 faiz-ni qadınlar təşkil edib. Bununla yanaşı, dövlət sahibkarların, o cümlədən qadın sahibkarların ölkə xaricində maarifləndirilməsi məsələsini xüsusi diqqətdə saxlayır və mütəmadi olaraq sahibkarların xarici ölkələrdə təcrübə yığması, xarici ölkələrdə əldə etdiyi nailiyyətlərin ölkədə tətbiqi üçün müvafiq işlər həyata keçirir. Bu işlərdən biri də İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış memoranduma uyğun olaraq həyata keçirilən “Biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması” proqramıdır ki, bu proqram çərçivəsində 173 sahibkardan 30-u qadın sahibkar, o cümlədən 2013-cü il ərzində 44 sahibkardan 9-u qadın sahibkar olmaqla Almaniyada ixtisasartırma kurslarına göndərilib. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir. İndiyədək Fond tərəfindən 2070 qadın sahibkara 46,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 2013-cü ildə isə 430 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 9,3 milyon manat güzəştli kredit ayrılıb.
ucnoqta.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir