Search
14618283182755245767_1000x669

“Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı” yarandı

Astanada İslam Əməkdaşlıq Təşkilatı nazirlər konfransının “Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi” mövzusunda təşkil edilən yeddinci sessiyası çərçivəsində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının təsis sessiyası keçirilib.

Əlli ölkədən 170-dən artıq nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov təmsil edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin tədbir iştirakçılarına salamlarını çatdıran Baş nazir Kərim Məsimov konfransın işinə uğurlar arzulayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni iclasda çıxış edərək Nursultan Nazarbayevə təşkilatçılığa görə minnətdarlığını bildirib. Baş katib deyib ki, İslam Əməkdaşlıq Təşkilatının yeni yaradılan ərzaq təhlükəsizliyi üzrə qurumunun məqsədi üzv ölkələrin kənd təsərrüfatının inkişafı üçün yeniliklərlə təmini və resursların səfərbər edilməsi, ərzaq təhlükəsizliyi rezervlərinin yaradılması da daxil olmaqla, üzv ölkələrə fövqəladə və humanitar yardımlar olunması, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətə nəzarət, ictimai ərzaq idarə edilməsində sistem və texnologiya mübadiləsi, ümumi kənd təsərrüfatı siyasətinin tətbiqi və koordinasiyasıdır.

Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Nizamnaməsi İƏT-ə üzv olan otuz ölkə tərəfindən imzalanıb.

Yeni yaradılan təşkilatın mənzil-qərargahının Astanada yerləşdirilməsi qərara alınıb. Təşkilata ilk üç il Qazaxıstan sədrlik edəcək.

Konfransda İƏT-ə üzv ölkələr kənd təsərrüfatının səmərəli inkişafının müxtəlif aspektləri, kənd yerlərində ərzaq təhlükəsizliyi və biotexnologiya, habelə meşələrin sahəsinin azalması, səhralaşma kimi problemlərin həlli, torpaqların eroziyası və duzlaşmasının qarşısının alınması, davamlı sosial əlaqələrin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Mənbə: AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir