Search
485008004

Dollar kreditlərinin qaytarılmasında vəziyyət dəyişib

Azərbaycanda devalvasiyadan sonra dollar kreditlərinin ödənilməsində problemlər yaransa da, artıq vəziyyət sabitləşmək üzrədir. Bunu “BOA” kollektor şirkətinin direktoru Samir Mustafayev deyib. Onun sözlərinə görə, artıq müştərilər dolların məzənnəsinə uyğunlaşmağa və kreditləri qaytarmağa başlayıblar – yanvar ayı ilə müqayisədə şirkətin aylıq borc yığımları 20-30% artıb.

«Büdcəni sıxaraq kreditləri ödəyirlər»

S.Mustafayevin sözlərinə görə, devalvasiyadan sonra kreditlərlə bağlı yaranan problemlər təkcə dollar deyil, manat kreditlərini də əhatə edib: «Doğrudur, bizim şirkətin borc portfelinin 95%-i manatladır. Amma devalvasiyadan sonra manat kreditlərini də ödəmək istəməyənlər var idi. Çünki nece olsa, insanların gəliri azalıb, dolanışıq üçün əvvəlkindən çox pul lazımdır. Bununla belə, banka borcu olanlar yeni vəziyyətə uyğunlaşıb, büdcəni sıxaraq kreditləri ödəyirlər».

«2 ay kredit ödəyən olmadı»

Samir Mustafayev deyir ki, dollarla olan borcların da qaytarılmasında irəliləyiş var: «Yanvar-fevral aylarında heç kim ödəmədi. İnsanlar gözləmə mövqeyində idilər. Məzənnə ilə bağlı qeyri-müəyyənlik var idi. Kreditlərin köhnə kursla ödənilməsi söz-söhbəti gedirdi. İndi isə vəziyyət sabitləşib və insanlar mart ayından borclarını ödöməyə başlayıblar. Ayda 300-500 dollar ödəyənlər var. Biz də müəyyən işlər görürük, vaxtı uzadırıq ki, ödəyə bilsinlər».

«Dələduzlar yenə var»

Şirkət rəhbərinin sözlərinə görə, borcu ümumiyyətlə qaytarmaq fikrincə olmayanlar yenə də var: «Belə borcalanların payı təxminən 10%-dir. Devalvasiya onların sayına elə təsir etməyib. Bunlar o insanlardır ki, kredit götürəndə bəri başdan fikirləşmişdilər ki, o pulu geri qaytarmayacaqlar. Bu kateqoriya ilə biz yalmız hüquq-mühafizə orqanlarının köməyi ilə iş görürük, onları məhkəməyə veririk, bu yolla borcları geri alırıq».

«İndi banklar özü bizi axtarır»

Samir Mustafayev onu da bildirib ki, devalvasiyadan sonra bankların kollektor xidmətinə marağı bir qədər də artıb: «Biz vaxtilə hansısa banka gedib öz xidmətimizi təklif edirdik, görüş keçirirdik. İndi banklar özləri bizi axtarır. Hazırda 5 bankla işləyərik, 3 bankla əməkdaşlıq barədə danışıq aparırır. Amma bu, bir qədər uzun çəkən prosedir. Çünki biz diqqət yetirməliyik ki, bankın kredit siyasəti necə olub, təminat məsələləri necədir, bütün bunları təhlil edənlər sonra əməkdaşlığa başlayırıq».

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir