Search
8db95e28-5f05-482d-826b-7519ec411da9-418x280

Banklararası hesablaşmalar necə aparılır? Müxbir hesablar nədir?

Hal-hazırda banklararası hesablaşmalardan istifadə edən insanların çoxu bu sistemin əslində necə işlədiyi haqqında məlumata sahib deyil. Birinə pul göndərdikdə və ya hər hansı xidmətin haqqını ödədikdə pulun ödəyənin hesabından digərinin hesabına necə keçdiyini bilirsinizmi?

Bu mübadilə prosesini qısa yolla izah etməyə çalışaq.

İlkin olaraq, nəzərə almalıyıq ki, bank depozitləri bankın öhdəlikləridir. Bankda depozitimizin olması bankın hər hansı bir hissəsində üstündə adımız yazılan bir kisə pulun olması demək deyil. Bankın bu məbləği bizə borclu olması deməkdir, yəni bizim depozitimiz bankın bizə öhdəliyidir. Bankdan kredit götürdüyümüzdə isə bunun əksi baş verir, yəni bu zaman borc məbləği bizim öhdəliyimiz, bankın isə aktivi olur.

Eyni bankın iki müştərisi arasında hesablaşma və ya pul transfertinin həyata keçirilməsi kifayət qədər sadə prosesdir. Belə ki, bu bank üçün sadəcə mühasibat hesablarında müəyyən dəyişikliklərin aparılması ilə baş verir, yəni bir hesabdan silinən məbləğ digərinə əlavə edilir. Bu dəyişiklik yalnız bankın elektron sistemlərində baş verir, vəsait fiziki olaraq bir hesabdan götürülüb başqa hesaba yerləşdirilmir.

Daha aydın təsəvvür üçün diaqrama diqqət edə bilərik.

BH1 — копия

Bəs iki hesab müxtəlif banklardadırsa, bu proses necə həyata keçirilir?

Fərz edək ki, sizin A bankında hesabınız var və bu hesab vasitəsilə B bankında hesabı olan X şəxsinə 10 manat pul göndərmək istəyirsiniz. Əvvəldə də qeyd etdiyimiz kimi, bunun üçün sizin hesabınızın 10 manat azaldılması, alıcının hesabının isə eyni miqdarda artırılması lazımdır. A bankı üçün sizin hesabınızı 10 manat həcmində azaltmaq olduqca asandır, bəs B bankını X şəxsinin hesabını 10 manat artırmağa necə razı salmaq olar? Bildiyimiz kimi müştərinin depozit və cari hesabı bank üçün öhdəlikdir. Sizin A bankının tapşırığı ilə B bankını X şəxsin hesabını 10 manat artırmağa  sövq etmək üçün, onun bu vəsaiti həmin müştəriyə verdiyi zaman sizin bankınızın bu vəsaiti ona qaytaracağını təmin etmək lazımdır. Bu məsələnin həlli üçün bankların bir-birində “müxbir hesab” adlandırdığımız hesabları və bu hesablarda vəsaitləri olmalıdır. Bəs bu proses necə həyata keçirilir? Gəlin mərhələlərlə izah edək.

  1. İlk öncə A bankı sizin hesabınızdan 10 manat silməlidir.
  2. Daha sonra A bankı sizin hesabınızdan sildiyi 10 manatı B bankının sizin bankdakı müxbir hesabına əlavə etməlidir.
  3. Bu mərhələlərdən sonra A bankı mesaj vasitəsilə B bankına bildirməlidir ki, bu məbləğ X şəxsinin hesabına əlavə edilməlidir.
  4. B bankı mesajı aldıqdan sonra öz hesabının artırıldığına əmin olur və rahatlıqla X şəxsinin hesabına vəsaiti əlavə edir.

BH2 — копия

Müxbir hesablar vasitəsilə artıq X şəxsinin və sizin, eyni zamanda A və B banklarının hesabları balanslaşır. Yəni artıq sizin və A bankının hesabında 10 manat daha az və uyğun olaraq B bankının və X şəxsinin hesabında 10 manat daha çox pul vardır.

Bu sistem olduqca etibarlı və və rahat olsa da, praktikada tətbiqi zamanı müəyyən çətinliklər meydana gələ bilər. Bunlara misal olaraq, aşağıdakıları göstərə bilərik.

  1. Ən əsası bir birinə pul köçürmək istəyən bütün bankların bunun üçün bir-birində müxbir hesabı olmalıdır, əgər yoxdursa, bu zaman uyğun olaraq, bir-birinə pul köçürmə istəyən hər hansı iki bankın hər ikisilə əlaqəsi olan 3-cü bir banka,hətta bəzən 4-cü banka da ehtiyac yarana bilər ki (yəni hər iki bankın 3-cü hər hansı bankda müxbir hesabları olmalıdır), bu da kifayət qədər məsrəfli və vaxt aparan bir prosesdir.
  2. İşin problemli tərəfi isə olduqca riskli olmasıdır. Belə ki, bankların bağlanması ehtimalı böyük məbləğlərdə aparılan hesablaşmaların risklilik ehtimalını da artırır.

Fikri ümumiləşdirərək qeyd edə bilərik ki, bu sistemin istifadəsi o deməkdir ki, bir bank başqa banka və ya banklara pul köçürmək istəyəndə həmin bankların hər birində müxbir hesabları və bu hesablarda vəsaiti olmalıdır. Bu isə böyük məbləğdə vəsaitin olmasını tələb edə bilər və banklarda likvidlik problemi yaradar. Bank bu məqsədlə başqa bankların müxbir hesablarında saxladığı vəsaitləri səmərəli işlədə bilər, yəni kredit verə, investisiya edə və başqa formada istifadə edə bilər.

Adətən, pul köçürmələri dedikdə, insanların ağlına SWIFT, WesternUnion, Zolotoya Korona və s. gəlir.

Lakin xırda ödənişlər zamanı hər dəfə bu sistemlərin istifadəsi xərclərin artmasına gətirib çıxarır. Çünki bu sistemlər üzərindən hər bir mesajın (məsələn 10 AZN ödə) göndərilməsi müəyyən haqq tələb edir.

Bu kimi problemlər “təxirəsalınmış ödəmələr” sisteminin yaradılmasını zəruri  edir. Yəni bu sistem vasitəsilə gün ərzində müxtəlif ödənişlərin qeydiyyatı aparılır və həmin gün müəyyən olunmuş vaxtda bütün ödənişlər həyata keçirilir. Bu sistemlərdə mesajlar SWIFT üzərində mübadilə edilmir. Bunun əvəzinə mesajlar mərkəzi sistemə (klirinq sisteminə) göndərilir və bu sistemdə bu mesajların hamısı qeydə alınır. Sonradan, həmin gün, müəyyən olunmuş vaxtda cəmlənmiş ödənişlər həyata keçirilir. Yəni, bankların biri-birinə ödənişləri hissə-hissə deyil, gün ərzində toplanaraq birdəfəlik həyata keçirilir. Bu kimi bir çox sistemlər var. Məsələn, Birləşmiş Krallıqda bu sistem BACS adlanır. Azərbaycanda oxşar sistem XÖHKS (xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemi) sistemidir. XÖHKS Mərkəzi Bankda yerləşir və gün ərzində 300 000 ödənişin email edilməsi imkanı var. XÖHKS vasitəsilə maksimum 40 000-lik ödənişi yerinə yetirmək olar. Bundan böyük və təcili ödənişlər yenə də Mərkəzi Bankda yerləşən AZİPS (Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi) vasitəsilə həyata keçirilir. Hərçənd, təcili kiçik ödənişləri də AZİPS vasitəsilə etmək mümkündür.

BH3 — копия

Bir-birinə vəsait köçürmək istəyən hər bir bankın digər banklarda müxbir hesablar saxlamasının effektiv olmadığı izah olundu. Bəs onda nə etməli?

Bunun üçün bütün bankların hesablarını özündə cəmləşdirən və heç bir zaman iflasetmə riski olmayan bir banka ehtiyacımız var. Sizcə, bu kriteriyalara hansı bank cavab verir? Əlbəttə ki, Mərkəzi Bank!

Belə ki, banklar Mərkəzi Banklarda müxbir hesablar açır və bu hesablarda vəsait saxlayırlar və banklararası ödənişlər bu hesablar vasitəsilə həyata keçirilir. Tələb olunduqda, bir bankın müxbir hesabından vəsait silinərək başqa banka keçirilir. Bu, A bankının hesabından vəsaitin silinərək B bankına ötürülməsi barədə A bankının Mərkəzi Banka müraciət etməsi yolu ilə baş verir. Sistem sıfır riskli olmaqla, bankların işini asanlaşdırır və onların pul köçürmək istədiyi çoxsaylı banklarda müxbir hesablarının olmasını zəruri etmir.

Mərkəzi Bankların bu xidmətləri həyata keçirməsi üçün onlarda müxtəlif sistemlər olur. Ölkəmizdə bunun üçün AZİPS (Azerbaijan İnterbank Payments System), yəni Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemindən istifadə olunur. Bu sistem real vaxt rejimində (online) banklararası irihəcmli və təcili hesablaşmaların aparılmasını həyata keçirir. AZİPS vasitəsilə Mərkəzi Bank bir bankın hesabından sildiyi məbləği digər bankın hesabına rahatlıqla əlavə edə bilir. Qeyd etdiyimiz kimi, təcili olmayan kiçik həcmli ödənişlər üçün Azərbaycan Mərkəzi Bankında eyni zamanda XÖHKS sistemi də var.

BH4

Beləliklə, Mərkəzi Bankların da sxemimizə əlavə olunması bizim hesablaşmalarla bağlı olan təsvirimizi tamamlayır. Sxem vasitəsilə banklararası hesablaşmaların necə həyata keçirildiyi haqda ümumi təsəvvürümüz yarana bilər.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir