Search
shutterstock_148111319

Banklar krediti dollarla təklif edir

21 dekabr 2015-ci il devalvasiyasından sonra kommersiya banklarının böyük əksəriyyəti ya kredit vermir, ya da təklif edilən kredit dollarladır. Vətəndaş isə riskə getmək istəmir və dollarla təklif edilən krediti götürməkdən imtina edir. Banklar da öz növbəsində krediti dollarla təklif etməklə özünü sığortalamış olur.

İqtisadçı Cəfər İbrahimlinin sozlərinə görə, son bir ildə devalvasiya qərarının verilməsi ilə əksər bankların valyuta mövqeyində əskiklər yaranıb:

“Yəni, bankların valyuta öhdəlikləri valyuta alacaqlarından çoxdur və bu, onlar üçün əlavə risk yaradır. Dolların məzənnəsi yüksəldiyi üçün banklar daha çox kredit ödənişindən daxil olan manat ilə valyuta alıb, açıq mövqelərini bağlamaq istəyirlər və cari öhdəliklərini icra etməyə çalışırlar. Bununla bərabər bankların dollarla kredit vermək istəməsi normaldır. Çünki, bu əməliyyat da bankın valyuta mövqeyinin düzəlməsinə kömək edir. Eyni zamanda Mərkəzi Bankın həyata keçirdiyi daraldıcı pul siyasəti əmtəə bazasının azalmasına və manat qıtlığına səbəb olub.

Manat qıtlığı da manatla kreditləşməyə mənfi təsir edən amildir. Eyni zamanda manatda olan dövlət qısamüddətli istiqrazlarının illik gəlirliyi 17%-dək yüksəlib. Banklar isə əlavə manat vəsaitlərini kredit vermək əvəzinə risksiz istiqrazlara yatırmaqda daha maraqlı görünürlər”.

C.İbrahimli bildirib ki, qeyd olunanlarla bərabər, ən ciddi məsələ bank sektorunun yaxın illər üçün makroiqtisadi vəziyyəti və məzənnənin nə olacağını müəyyənləşdirməkdə çətinlik çəkmələridir:

“Qeyri-müəyyənlik risklərin artmasına səbəb olur. Bu isə biznes strukturlarını investisiya və maliyyələşdirmələrdə ehtiyatlı davranmağa sövq edir. Bu mənada bankların da kreditləşdirmə məsələsində ehtiyatlı davranmaları normal qarşılanmalıdır. Bu məsələlər normal şəraitdə iqtisadiyyatın inkişaf və böyümə zamanlarında həyata keçirilir. İndi iqtisadiyyatda hər bir biznes strukturu yaranan vəziyyətlə bağlı risklərini tənzimləməklə məşğuldur. Qeyri-müəyyənlik ortadan qalxdıqdan sonra biznes strukturu investisiya və ya maliyyələşdirmə məsələsinə çevriləcək. Əlavə olaraq biznesin tək bank kreditləri ilə maliyyələşdirməyə bağlı olması idarəetmə problemidir. Şirkətlər vaxtında korporativ idarəetmə standartlarını yüksəltməli və alternativ maliyyələşmə imkanlarını yaratmalı idilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir