Search
photo_40985

Bakı Şəhər Halqası dörd günlük əyləncə proqramına imza atacaq

Bakı Şəhər Halqası Dörd Günlük Unudulmaz Əyləncə Proqramına İmza Atacaq

Avropa Qran Prisinin bütün qonaqlarını yarış həftəsonunda bənzərsiz əyləncə proqramı gözləyir.

Bakı Şəhər Halqası 2016-cı il Formula 1 Avropa Qran Prisinin bilet sahiblərinə cümə axşamı 16 İyundan başlayacaq dörd günlük bir bayram əyləncəsi vəd edir.

Iyunun 16-da saat 14:00-da Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayacaq. Bakı Şəhər Halqası isə 17-19 iyun tarixləri arası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.

Həmin gün  Ferrari, Mercedes, Red Bull və Toro Rosso kimi Formula 1 komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. Formula 1 Şəhərciyinin Səhnəsində təşkil olunacaq bu avtoqraf sessiyaları saat 16:50-də başlayacaq.

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq.

İyunun 17-də  axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Şənbə günü estafeti qəbul edən Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonr Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri yekunlaşacaq.

Bundan əlavə, Formula 1 bilet sahiblərini DJ Mansur, DJ Hazy, Roberto Kel Torres, Rilaya, Dilarə Kazımova, Kənan Qədimov, Çingiz Mustafayev və Rast qrupunun iştirakı ilə əyləncəvi konsert proqramları da gözləyir.

İyunun 17-sindən etibarən Azərbaycan Mədəniyyəti Guşəsi fəaliyyətə başlayacaq və burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə, o cümlədən xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir