Search

Azərbaycan və İsveçrənin mərkəzi bankları əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Cordan ilə görüş keçirib.

AMB-dən Trend-ə verilən məlumata görə, 5-6 iyul 2014-cü il tarixlərində Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun Bakıda növbəti toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan T.Cordan tədbirin yüksək səviyyədə təşkilinə görə E.Rüstəmova öz təşəkkürünü bildirdi və ölkəmizin yüksək sosial-iqtisadi uğurlarını qeyd etməklə yanaşı, paytaxt Bakının nə qədər gözəl şəhər olduğundan və aldıqları gözəl təəssüratdan danışıb. T.Cordan Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və İsveçrə, o cümlədən Qrupda təmsil olunan digər ölkələrlə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

15 illik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E.Rüstəmov siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan biri olduğunu xüsusi vurğuladı. Azərbaycan Mərkəzi Bankına göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Milli Bankına minnətdarlığını bildirən E.Rüstəmov, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirdi.

Daha sonra E.Rüstəmov artıq Azərbaycan Mərkəzi Bankının özünün də digər xarici mərkəzi banklara göstərdiyi texniki yardımlar, Mərkəzi Bankda aparılan institusional dəyişikliklər, bankın ölkədə baş verən proseslərdə yaxından iştirakı, tədqiqat potensialı, ölkədə təhsil strategiyasının hazırlanması və realizasiyasında Mərkəzi Bankın iştirakı barədə məlumat verib.

T.Cordan verilən ətraflı məlumata görə təşəkkürünü bildirib və İsveçrə Milli Bankı tərəfindən göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə edib, xüsusilə, Azərbaycan Mərkəzi Bankı tərəfindən digər mərkəzi banklara texniki yardım göstərilməsini yüksək qiymətləndirib.

İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirib. Mərkəzi Bankın əməkdaşları üçün “İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, qlobal böhran zamanı və böhrandan sonrakı dövrdə pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşıb.

Sonra T.Cordan Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzində olub. Görüş zamanı qonağa Mərkəzin yaranma tarixi, elmi-tədqiqat fəaliyyəti və gələcək planları barədə təqdimat edilib, aparılan son tədqiqat işləri və nailiyyətlərinə dair geniş məlumat verilib. Tədbir zamanı maliyyə savadlığı üzrə Mərkəzin həyata keçirdiyi tədbirlər və digər əyani vəsaitlər nümayiş etdirilib. Bütövlükdə Mərkəz tərəfindən həyata keçirilən işlər İsveçrə Milli Bankının sədri tərəfindən maraqla qarşılanıb. T.Cordan Mərkəzdə yaradılan maddi-texniki bazanı yüksək qiymətləndirib.

Daha sonra birgə tədqiqat işlərinin gələcəkdə də davam etdirilməsi və digər əməkdaşlıq istiqamətləri barədə İsveçrə Milli Bankı ilə geniş müzakirələr aparılıb.

trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir