Search
world_bank_101113

Azərbaycan və Dünya Bankı ölkə iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi məsələlərini müzakirə ediblər

İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankının nümayəndələri arasında iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər qazanılmış uğurlar ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan verib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, yeni müəssisələr və iş yerləri açılıb. Ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Hazırda Azərbaycan iqtisadiyyatının modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi, işgüzar mühitin davamlı olaraq dünyada mövcud mütərəqqi yeniliklərə uyğun təkmilləşdirilməsi, rəqabət qabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, qabaqcıl təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilir.

Nazir müavini S.Həsənova Azərbaycanda beynəlxalq maliyyə-iqtisadi institutlarla, o cümlədən Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyini, bu qurumla səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bankın ölkəmizlə əməkdaşlığının Azərbaycanın müəyyənləşdirdiyi prioritetlərə uyğun qurulduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirib. Xanım L.Leşçenko Dünya Bankının insan kapitalının inkişafı və institusional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Tədbirdə Dünya Bankının yoxsulluğun azaldılması və iqtisadi idarəetmə üzrə meneceri İvailo İzvorski məruzə ilə çıxış edib, iqtisadiyyatın şaxələndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir