Search
1faf8decd4c067872555a4eed229ebb4_XL

Azərbaycan bankı VİP müştərilərinə Londonda mənzil sahibi olmaq imkanı yaradır

Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyanda yaşayış sahələrinin tikintisi ilə məşğul olan aparıcı şirkətlərdən biri “Berkeley Group”la birlikdə yeni layihənin icrasına başlayıb.

Layihə çərçivəsində ABB özünün VİP müştərilərinə Londonda həm nağd, həm də ipoteka ilə mənzil almaq imkanı yaradır.

“Berkeley Group”un satış meneceri Aleksandra Stak deyib ki, ABB-nin VİP müştəriləri Londonun istənilən yerindən mənzil ala bilər. O əlavə edib ki, Londonda satışa çıxarılan iki yaşayış kompleksindəki mənzillər yalnız ABB-nin VİP müştərilərinə təklif edilir.

Mənzillərin qiyməti 340 000 – 25 000 000 funt sterlinq arasında dəyişir. Londonda mənzil sahibi olmaq istəyən müştəri yaşayış sahəsini ehtiyatda saxlamaq üçün 5000-20000 funt sterlinq geri qaytarılmayan depozit qoymalıdır. Bundan sonra, müqavilələrin mübadiləsi üçün müəyyən olunan 21 gün ərzində müştəri mənzilin dəyərinin 10%-ni tikinti şirkətinə ödəməlidir. Müqavilələrin dəyişdirilməsindən 6 ay sonra mənzil sahibi olmaq istəyən şəxs növbəti dəfə mənzilin dəyərinin 10%-ni ödəməlidir. Müqavilələrin mübadiləsindən 12 ay keçəndən sonra müştəri daha 10%-lik ödəniş etməlidir. Beləliklə, müştəri 30%-lik ilkin ödənişi etdikdən sonra yerdə qalan 70%-i layihə başa çatandan sonra ödəməlidir.

A. Stak əlavə edib ki, mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalayan müştəri prosesin gedişində yaşayış sahəsini istədiyi qiymətə digər şəxsə sata bilər: “Londonda banklar əcnəbilərə asanlıqla ipoteka ilə ev almaq imkanı yaratmır. Azərbaycan Beynəlxalq Bankı ipoteka ilə Londonda mülkiyyət sahibi olmaq istəyən VİP müştərilərinə zəmanət verir ki, bu da onların bu prosesdən asanlıqla faydalanmasına imkan verir”.

Qeyd edək ki, mənzil təmirli formada müştəriyə təhvil verilir. Məşhur arxitektor və dizaynerlərin göstərişləri əsasında mənzil inşa və təmir edilir. Məhdud olsa da, bu zaman müştərinin bəzi istəkləri nəzərə alınır. Şirkətin satış meneceri əlavə edib ki, Londonda mülkiyyətə investisiya yatırmaq əlverişli sayılır. Çünki, il ərzində burda daşınmaz əmlakın qiymətində 12 faizlik artım qeydə alınır.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir