Search
Cover_Image

Azərbaycanda digital bankçılığın inkişafıyla bağlı EKSPERT rəyi

Xidmət sektoru daxilində təhlil aparsaq görərik ki, maliyyə institutları, xüsusilə də banklar İT və Telekom sektoru ilə müqayisədə rəqəmsallaşma məsələsində daha konservativdir. Əgər Telekom sektoru rəqəmsallaşmanın önəmli olduğunu anlayıb onun üzərində işləyir və proqresin istiqamətini müəyyən edə bilibsə, banklar hələlik tam ayılmayıblar və bu təkcə bizim ölkəmizə xarakterik bir məqam deyil.

Bütün dünyada bank fəaliyyəti rəqəmsallaşma üzrə öz oyanış mərhələsini yaşayır. Bank sektoru uzun illər boyu müştərilərin agentləri (bankları) dəyişməsində daha passiv və ehtiyatlı olması, münasibətlər əsasında həm inamın güclənməsi, həm də satışa dəstək olması kimi amillər altında rəqəmsallaşmaya ehtiyac duymurdu. Lakin bugün digital olmaq artıq təxirəsalınmazdır. Bugün “Qərb”də daha sadələşən və şəffaflaşan qanunvericilik, tranzaksiya bankçılığı üzrə surətlə güclənən Start-uplar və müştərilərin fərqli qayğılarının həllini öz üzərinə götürən digər industriyalar (İT, investisiya fondları və s.) status quo-nu dəyişərək bankların rəqəmsal fərqlənəbilmə şanslarına kölgə salır.

Azərbaycanda isə, digər MDB ölkələrinə də səciyyəvi olaraq, rəqəmsallaşmağa təkan verən əsas amillər müştəri davranışının dəyişməsi (bürokratiyadan və mürəkkəbləşmədən uzaqlıq), çevik qərarın verilməsi və bu qərarı verərkən xüsusilə digital kanallar üzrə məlumatların əldə edilməsi, hər hansı banka əvvəlki loyallığın getdikcə azalmasıdır.  Zaman keçdikcə bankların istər hüquqi şəxs, yaxud da fiziki şəxs müştəriləri öz maliyyə vəziyyətinin daha diqqətli və nəzarətli aparılmasının vacibliyini anlayır, həm də bankları tədricən kredit təşkilatı kimi deyil, biznesə dəstək verən müəssisə kimi qəbul etməyə başlayır. Əminliklə deyə bilərik ki, bankların kredit portfelləri və onların artım templəri azaldıqca, qeyri-kredit xidmətlərinin önəmi artdıqca Azərbaycanda hər bank rəqəmsallaşma yönündə öz illik fəaliyyət planında ən az mobil bank xidmətinin istifadəyəverilməsini nəzərdə tutmuşdur.

Hal-hazırda Banklar rəqəmsallaşmağa qərar verirlərsə buna ilk əvvəl tədarüklü olmalıdırlar. Ümumi tendensiya onu göstərir ki, banklar digital xidmət vermə altında əsas 2 məqamı nəzərdə tutur: a) yeni rəqəmsal kanal və dizaynın yaradılması və b) müştərilərin rəqəmsal vərdişlərinə investisiya edərək yeni davranışı gücləndirmək. Sonuncu fəaliyyətdə müştərilərin müxtəlif digital kanallarla məlumatlanması və əlaqə saxlanması kimi proseslər nəzərdə tutulur. Lakin sadalananlar qısa müddətli taktiki gedişlərdir. Daha fundamental dəyişikliklər üçün banklar bunları etməlidir:

  • Seqmentindən asılı olaraq daha asan anlaşılan və şəffaf xidmətlər verməli, əlavə dəyərli xidmətlərə diqqəti artırmalıdır. Əgər xidmət və məhsullar müştərilər üçün yetərincə sadə olmasa, onların rəqəmsal mühitə adaptasiyası daha qəliz olacaqdır. Eyni zamanda müştərilərə təklif edilən məhsullar istehlakçı qruplardan asılı olaraq hər hansı fərqləri nəzərdə tutmursa, onların sayı azaldılmalıdır.
  • Banklar öz daxili proseslərinioptimallaşdırmalıdır, xüsusilə

–  Tez qərar verə bilən təşkilatı struktura malik olmalıdır.

–  Əsas (core) bank sistemi real-vaxtlı prosessinqini həyata keçirə bilməli; həm daxili, həm də xarici məlumatların cəlb edilməsinə kifayət qədər açıq və çevik olmalıdır; bacardığı qədər məlumat əldə edilməsiniavtomatlaşdırmalıdır.

– Analitikanı real-vaxt formasında edə bilməli və nəticəni tətbiq etməlidir; müxtəlif məqsədlər üçün çox şaxəli məlumatlar toplusu yarada bilməlidir.

  • Yeni texnoloji sıçrayışlar (paradiqmalar) ilə ayaqlaşmaq üçün Əsas bank sistemini müxtəlif daxili və 3-cü tərəf APİ-lərlə uzlaşdıra bilməlidir. Bu həm də beynəlxalq bank əməliyyatlarının rəqəmsal mühit üzərindən edilməsində çox vacibdir.
  • Bankın əməkdaşları özləri rəqəmsallaşmağa açıq olmalı və bu yeniliyi öz işlərinə gələcək rəqib kimi görməməlidir.
  • Banklar ənənəvi formada müştərilərə tətbiq etdikləri fərdi xidmətvermə (şərtlər olaraq) yanaşmasını rəqəmsal kanallar üzərindən də verə bilməlidir.

Bir-neçə onillik əvvələ gedib digital bankçılığın inkişafına baxsaq bəzi mərhələləri ayırd edə bilərik:

  1. Tranzaksiyaların rəqəmsallaşması mərhələsi – plastik kartlar və hesablar üzərindən əməliyyatların edilməsi üçün internet bankinq (daha doğrusu webbanking) və mobil tətbiqlərin inkişaf etdiyi dövr.
  2. PFM (Fərdi Maliyyə İdarəetməsi), çoxşaxəli internet bankçılığı, Ödəniş fakturalarının idarə edilməsi (Bill Management), Qiymətlilər üzrə müxtəlif əməliyyatların onlayn edilməsi, müştərilərə dəstək Video əlaqə və ağıllı bot-ların (yəni istənilən digital sorğunun həmin an analiz edilib cavablandırılması) yaranması.
  3. Tam filialsız bankçılıq – bu sırf internet üzərindən fəaliyyət göstərən banklardır və bunların sırasına ABŞ-da Movenbank, Niderlandda Knab bank, Rusiyada Tinkoff Bank, Polşada Alior bank və s. daxildir.

Azərbaycanda digital bankçılığın inkişafına nəzər salsaq əsas təkan nöqtəsinin bir-neçə il bundan əvvəl Azericard prossesinq mərkəzinin təqdim etdiyi Mobil bank tətbiqinin olduğunu görərik. İndiyədək bir-çox bank üçün müştərilərlə rəqəmsal xidmətdə bu kanal əsas rol oynayır. Daha sonra isə Unibank, PAŞA Bank və Azərbaycan Beynəlxalq Bankı kimi maliyyə institutları öz müştərilərinə (həm hüquqi, həm də fiziki şəxslərə) tam funksional internet bankçılıq təcrübəsini verə bilmişdir. Bugün isə banklar müştərilərə hərtərəfli digitalbankçılıq təqdim etmək üçün ASAN İmza və eİmza ilə sıx əməkdaşlıq edirlər.

Xüsusilə son zamanlar müştərilərin digital rahatlığı üçün xidmət edən Millikartın CİB tətbiqini də vurğulamaq istərdim. Bu tətbiq üzərindən müştərilər öz kart hesablarını asanlıqla idarə edə bilir və bir-çox əməliyyatları icra edə bilirlər. CİB tətbiqi Azərbaycanda hələ də rəqəmsal bankçılığı önəmli saymayan banklar üçün böyük rəqibə çevriləcəkdir.  Belə ki, onun sayəsində artıq kartın aid olduğu bank deyil, prosessinq mərkəzinin təqdim etdiyi tətbiq müştəri üçün digital bankçılıq ekosisteminin mərkəzində duracaq. Bir müddət sonra müştərilər üçün dəyişməz olan onların bankı və onun verdiyi kart deyil, CİB tətbiqinin rahatlığı, asanlığı və öyrəşmə vərdişi olacaqdır. Bu tip ekosistem mərkəzinə real namizəd tətbiqlər dünya üzrə geniş yayılmışdır və onların ən nəhəng nümunəsi öz FİS CardlessCash xidməti ilə 28 bankın 35 milyona yaxın müştərisinə xidmət edə bilən PayPal şirkətidir.

Bəs digital bankçılığın yayılma templəri nə qədər yüksəkdir və bu hansı amillərdən asılıdır? Hazırda müxtəlif ölkələr kontekstində bunu ölçən bir sıra metodikalar var və onlardan ən əhəmiyyətlisi DiBiX – DigitalBankingİndex-dir. Digital Banking İndex Bankların texnoloji imkanları; Bazarın dinamikası; Müştərilərin digital hazırlığı və Qanunverici mühit kimi amillər əsasında 4 tip ölkələr ayırır:

– Digital bankçılığın inkişafını əsas prioritet görüb hal-hazırda aktiv surətdə yeridən (ABŞ, Sinqapur, Skandinaviya ölkələri, Böyük Britaniya və s.);

– Digital bankçılığa tam əmin olmayan, lakin ayrı-ayrılıqda müştərilərin rəqəmsal davranışına cavab verməyə çalışan (Avstriya, Belçika, Fransa, Kanada və s.);

– Digital bankçılıq üçün cəzbedici sayılmayan lakin müəyyən işlər görməyə çalışan (CAR, Polşa, İtaliya, Çin, Braziliya və s.)

– Digital bankçılığın ilk fundamental prinsipləri üzərində işləyən ölkələr (Filippin, Hindistan, Rusiya və s.)

Azərbaycan DiBiX indeksinə uyğun olaraq təhlil edildikdə bazar dinamikası və müştəri hazırlığı nisbətən aşağı səviyyədə olan, bankların texniki imkanlarının və qanunverici mühitin nisbətən oturuşmuş olan regionun daxilində nəzərdə tutula bilər. Bu tip region üçün digitalbankçılıq uzun bir marafondur və burada digital transformasiya həm bank, həm də müştərilər tərəfdə aktiv formada getməli, qanunvericilik daha ali və bütün tərəfdaşların maraqlarını hərtərəfli əsas tutaraq daha şəffaf olmalıdır.

Hazırda Azərbaycanın bank sektoru kredit məhsullarının hegemonluğundan tədricən qeyri-kredit və əlavə dəyərli bank xidmətlərinə doğru gedən transformasiya dövrünü yaşayır. Bu prosesə paralel olaraq digital bankçılığın hər bank və ümumilikdə qanunvericilik səviyyəsində inkişaf etdirilməsi müştərilərin banklarla stabil və uzun müddətli tərəfdaş ünsiyyətinə gətirib çıxaracaqdır. Banklar daha da rəqəmsallaşmalıdır və bu yolda axsayan və ya gecikənlər hər gün inkişaf edən və rəqəmsallaşan müştərilərin ehtiyacını ödəməkdə çətinlik çəkərək rəqabətdə uduzacaqlar.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir