Search
123-calendar

25 MAY təqvimdə

2013-cü il. Bakıda Ağ Şəhər bulvarının təməli qoyulub. 

İki il sonra – 2015-ci il iyunun 1-də istifadəyə verilən bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası inşa edilib. Bundan başqa, açıq havada trenajor sahəsi də yaradılıb.

2015-ci il. “Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışları olub.

On üç yaşayış binasından, yardımçı binalardan ibarət Atletlər kəndində təhlükəsiz, rahat yaşayış şəraiti olan iki, üç və dördotaqlı 1042 mənzil var. Oyunlar vaxtı burada 8 mindən çox atlet və rəsmi şəxs yerləşmişdi.

Media kəndindəki dörd bina isə ümumilikdə 536 mənzildən ibarətdir. Burada birinci Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəmizə gələn 500-dən çox media təmsilçisi məskunlaşmışdı.

1873-cü il. Görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Şamaxıda anadan olub (1873-1925). 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bakı şəhərinin baş memarı olub (1918-1922). Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi onun layihələri əsasında tikilib. Əmircanda layihələndirdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında abidəsi ucaldılıb.

1953-cü il. ABŞ-ın Hyuston Universiteti dünyada ilk dəfə olaraq ictimai televiziya(KUHT) yayımı həyata keçirməyə başlayıb.

1979-cu il. Nyu-York küçələrində itkin düşən 6 yaşlı Etan Patz bütün axtarışlara baxmayaraq, tapılmayıb. Bununla əlaqədar ABŞ Prezidenti Ronald Reyqan 1983-cü ildə hər il mayın 25-nin Beynəlxalq İtkin Uşaqlar Günü elan olunması barədə qərar imzalayıb. Etan Patzın taleyi barədə sonrakı illərdə də hər hansı məlumat əldə edilməyib.

2001-ci il. 32 yaşlı amerikalı atlet və macərapərəst Erik Veihenmayer dünyanın ən hündür dağ zirvəsi olan Everesti fəth edən görmə qüsurlu ilk insan olub.

2011-ci il. Dünyanın məşhur televiziya aparıcılarından olan Oprah Uinfreyin 1986-cı ildən etibarən ABŞ-da yayımlanan “Oprah Uinfrey Şou” teleproqramının sonuncu verilişi təqdim edilib.

Mənbə: “Azərtac”


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir