Search
photo_42573

22 iyun təqvimdə

1825-ci il. Böyük Britaniya parlamenti imperiyanın nəzarətində olan Şimali Amerikada feodalizmi və torpaq ağalığı sistemini ləğv edib.
1897-ci il. Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, Azərbaycan və SSRİ Xalq Artisti, Stalin mükafatı laureatı Bülbül anadan olub (1897-1961).
Əsl adı Murtuza Məmmədov olan görkəmli sənətkar səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o dövrdə Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirən Bülbül təhsilini davam etdirmək üçün dövlət xətti ilə Milan Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1938-ci ildə SSRİ Xalq Artisti adına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub.
1941-ci il. Hitler Almaniyasının Sovet İttifaqına hücumu ilə Böyük Vətən müharibəsi başlayıb. Nasistlər müharibənin əvvəlində sürətlə irəliləsələr də, sovet ordusu onların hücumunun qarşısını ala bilib. 1943-cü ildən isə Sovet İttifaqı müharibədə təşəbbüsü ələ alaraq, Almaniyanı tədricən ölkə ərazisindən, daha sonra isə Şərqi Avropadan çıxarıb.
 Müharibə 1945-ci il mayın 9-da faşist Almaniyasının təslim olması ilə başa çatıb. Bu müharibədə ümumilikdə 26,6 milyon sovet vətəndaşı həlak olub. Təkcə sovet silahlı qüvvələrinin şəxsi heyəti 8,6 milyon nəfərdən çox itki verib. 1941-1945-ci illərdə Azərbaycan xalqı istər ön, istərsə də arxada cəbhədə misilsiz rəşadətlər göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə və 1124 özünümüdafiə batalyonu təşkil olunub. Böyük Vətən müharibəsində 700 mindən çox azərbaycanlı iştirak edib. Onların yarıdan çoxu döyüş meydanlarında həlak olub. 130-dan çox azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.
Faşizm üzərində Qələbənin əldə edilməsində Bakı nefti də misilsiz rol oynayıb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları göndəriblər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyib.
1949-cu il. Amerikalı məşhur aktrisa, üç dəfə “Oskar” mükafatı laureatı Meril Strip anadan olub.
1977-ci ildə çəkilən “Culiya” filmi ilə kinoda debüt edən aktrisa sonralar “Maral ovçusu”, “Kramer Kramerə qarşı”, “Sofinin seçimi” ilə şöhrət qazanıb. Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer haqqında 2011-ci ildə çəkilən “Dəmir leydi” filmində baş rolu uğurla ifa etməsi ona üçüncü “Oskar”ı qazandırıb. Meril Strip film, teatr və seriallardakı rollarına görə müxtəlif nominasiyalarda namizəd görüldüyü 140-dan çox mükafatın 100-ə yaxınını qazanıb. Aktrisa “Oskar” mükafatına ən çox namizəd olan (19 dəfə) şəxslərdən biridir. O, həmçinin “Qızıl Qlobus” mükafatına ən çox sahib olan şəxsdir.
“Azərtac”

TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir