Search
photo_42573

20 iyun təqvimdə

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.

20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar 2006-cı il iyunun 12-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

1840-cı il. Tanınmış ixtiraçı Samuel Morze teleqrafı patentləşdirib. O, kəşf etdiyi teleqraf aparatının köməyi ilə özünün yaratdığı kodla ilk teleqramı göndərib. S.Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edilib.

1895-ci il. Baltik və Şimal dənizlərini birləşdirən Kil kanalı istifadəyə verilib. Uzunluğu 98 kilometr, eni 100 metrdən artıq, dərinliyi 11 metr olan, 8 il müddətinə çəkilən bu kanal Avropanın ən böyük dəniz yollarından biridir.

1921-ci il. Görkəmli bəstəkar, pedaqoq, xormeyster, Xalq Artisti Cahangir Cahangirovun doğum günü (1921-1992). O, “Arazın o tayında” vokal-simfonik poemasının, “Dostluq haqqında mahnı”, “Füzuli”, “Nəsimi” kantatalarının, “Sabir”, “Hüseyn Cavid-59”, “Böyük qələbə” oratoriyalarının, “Azad”, “Xanəndənin taleyi” operalarının və digər əsərlərin müəllifidir.

Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir