Search
photo_34371

“Yaşıl dəhliz” sahibkar məmnuniyyətini artıracaqmı? – EKSPERT

Azərbaycan prezidenti İlham Əliyev fərman imzalayaraq “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” sistemindən istifadə qaydalarını təsdiqləyib. Sənəd prezident İlham Əliyevin 4 martda imzaladığı gömrük sistemində islahatların davamı ilə bağlı əlavə tədbirlər haqda sərəncamına əlavədir və  bu gömrüklə bağlı son vaxtlar atılan ən ciddi islahatlardan biri kimi qəbul edilir. 

437953_4Gömrük məntəqələrində “Yaşıl dəhliz” qaydalarının tətbiqi sistemini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib ki, sözügedən fərman və onunla təsdiq olunan qaydalar gömrük proseduralarının mexanizmini təkmilləşdirəcək.

İqtisadçı-ekspertin  fikrinə görə, fərman həm də məmur-sahibkar münasibətlərini rəqəmsallaşdıracaq, bu da açıq hökumət prinsiplərinə uyğundur: “Fərmana əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi üçün aşağıdakı buraxılış sistemləri tətbiq ediləcək: Yaşıl, mavi, sarı və qırmızı dəhlizlər. Malın hansı dəhlizdən keçməsini avtomatlaşdırılmış elektron informasiya sistemi risk qiymətləndirilməsi əsasında həyata keçirəcək. Fərman məmur-sahibkar münasibətlərini rəqəmsallaşdıracaq, bu da açıq hökumət prinsiplərinə uyğundur”.

Vüsal Qasımlı bildirib ki, yeni qaydaların idxalçıya təqdim edəcəyi sahibkar məsuliyyəti onların öz malları üzərində sərəncam verə bilmələri ilə nəticələnəcək: “Çünki idxalçıdan yeganə tələb odur ki, gömrük sərhədini keçməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərsin. “Yaşıl dəhliz”dən istifadə zamanı idxalçıdan sadəcə olaraq sərhəd buraxılış məntəqələrində məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi tələb olunur. “Yaşıl dəhliz”dən istifadə edən idxalatçılar gömrük sərhədini keçdiyi andan öz malları üzərində sərəncam verə biləcəklər”.

Elektron informasiya sisteminin riski aşağı qiymətləndirdiyi halda idxalçı “Yaşıl dəhliz”dən necə istifadə edir?

Ekspert hesab edir ki, bunun yeganə yolu maliyyə intizamı, əvvəllər aparılan idxal əməliyyatlarının qanuna uyğunluğu, gömrük və vergi borcunun olmaması, inzibati və ya cinayət məsuliyyətinin yoxluğu və malların düzgün uçotudur: “Deməli, “Yaşıl dəhliz” təkcə sahibkar məmnuniyyəti deyil, həm də sahibkarlıq fəaliyyətinin qanunauyğunluğunun stimullaşdırılmasıdır. Hər bir idxalçı qəbul etməlidir ki, əgər risk ehtimalını artırsa, onda uyğun olaraq mavi, sarı və qırmızı dəhlizlərdən istifadə etməli olacaq. Məsələn, “Qırmızı dəhliz”də gömrük nəzarətinin bütün formaları tətbiq olunur. Aydındır ki, hər bir sahibkar qanunlara daha çox riayət etməklə və məsuliyyətli olmaqla “Yaşıl dəhliz”dən istifadə hüququ qazanmağa çalışacaq.

Bu cür yanaşma idxal edilən malın gömrük qeydiyyatına alınması üçün əlavə stimul yaradacaq və dövlət büdcəsinə gömrük rüsumu, ƏDV, aksiz və yol vergisinin alınması imkanlarını daha da genişləndirəcək. İdxal zamanı rəsmi qeydiyyata düşməklə sonra həmin məhsulların ölkə daxilində də leqal dövriyyəsi təmin edilir. Bu isə, dövlət büdcəsinin gəlirlərinin təmin olunması və biznesin daha da leqallaşdırılması üçün əlavə imkanlar yaradır”.

Dəyişiklik iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyəti yüngülləşdirilir

Vüsal Qasımlı bildirir ki, “Yaşıl dəhliz”in tətbiqi həm cinayət, həm də inzibati xəta faktlarının azalmasına şərait yaradacaq: “2015-ci il ərzində gömrük hüquqpozmaları sahəsində 579 cinayət xarakterli fakt və 8627 inzibati xəta faktları qeydə alınıb. “Yaşıl dəhliz”in tətbiqi həm cinayət, həm də inzibati xəta faktlarının azalmasına şərait yaradacaq”.

Ekspert qeyd edir ki, iqtisadi islahatlar kompleks xarakter daşıyır: “Belə ki, Cinayət Məcəlləsinə edilən son dəyişikliyə əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyət yüngülləşdirilir və dekriminallaşdırılır. Məsələn, əvvəllər vergi və gömrük  rüsumlarından   2 min manat  məbləğində yayınan sahibkarlar cinayət   məsuliyyətinə cəlb edilirdisə, indi bu hədd 20 min manat olub. Həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manatdan 20 min   manata   çatdırılıb. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir. Statistik təhlillərə əsasən cinayət məsuliyyəti yaradan məbləğin artırılması vergidən yayınma cinayət işlərinin təqribən 40%-ni, qanunsuz sahibkarlıq cinayət işlərinin 30%-ni dekriminallaşdıracaqdır. “Yaşıl dəhliz”in tətbiqi və dekriminallaşdırma azad sahibkarlığın inkişafını sürətləndirir”.

Fərmana əsasən, sərhəd buraxılış məntəqələrində buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılacaq

Vüsal Qasımlı bildirir ki, xüsusən idxal zamanı sərhəd və gömrük nəzarətinə sərf edilən vaxt və xərcin azalması proqnozlaşdırılır: “2015-ci ildə Azərbaycana idxalın 495.4 milyon ABŞ dolları dəniz nəqliyyatı, 5.1 milyard ABŞ dolları dəmir yolu nəqliyyatı, 1.9 milyard ABŞ dolları avtomobil nəqliyyatı və 15.5 milyon ABŞ dolları hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilib. Fərmana əsasən bütün gömrük sərhəd buraxılış məntəqələrində buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılacaq. Yəni sahibkar dəmiryolu, hava yolu, su yolu və avtomobil yolu ilə idxal əməliyyatı həyata keçirərkən “Yaşıl dəhliz”dən faydalana biləcək.

Azərbaycanda gömrük islahatları sahəsində atılan addımlar Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında ölkəmizin “Beynəlxalq ticarət” kriteriyası üzrə mövqelərinin yaxşılaşdırılması üçün zəmin yaradır. Xüsusən idxal zamanı sərhəd və gömrük nəzarətinə sərf edilən vaxt və xərc, həmçinin sənədlərin rəsmiləşdirilməsinə tələb olunan zaman və xərcin azalması proqnozlaşdırılır. Qeyd edilməlidir ki, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edərək xidmət haqqını 50 AZN-ə endirib. Azərbaycanda aparılan digər sürətli iqtisadi islahatları da nəzərə alsaq, ölkəmizin növbəti “Doing Business” hesabatında sürətlə irəliləməsinin şahidi olacağıq”.

İslahatın növbəti mərhələsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması təşkil ediləcək

Ekspert hesab edir ki, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması ilə yaradılacaq vahid informasiya bazası dövlət idarəetməsinin daha da təkmilləşdirilməsinə tövhə verəcək: “Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığının təmin edilməsi isə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasının qarşısının alınmasına hesablanıb.

Azərbaycanda “Yaşıl dəhliz”in yaradılması ölkəmizin Şərq-Qərb və Şimal-Cənub daşımalarında əhəmiyyətini daha da artırır. Belə ki, Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda Qazaxıstanla Çin arasında ikitərəfli qaydada   “yaşıl dəhliz”in yaradılması Böyük İpək yolu üzrə daşımaların sürətləndirilməsini təmin edir. Yəni Bakıdan Şanxaya qədər uzanan “yaşıl dəhliz” təkcə Azərbaycan deyil, həm də tranzitlə məşğul olan sahibkarlar üçün cəlbedicidir. Digər tərəfdən isə ikitərəfli qaydada Azərbaycan, Rusiya və İran arasında “yaşıl dəhliz” Şimal-Cənub istiqamətində də nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək. Nəzərə alanda ki, Azərbaycanın yaxın perspektivdə kənd təsərrüfatı və ərzaq malları kimi bazarlara tez çatdırılması tələb olunan ixrac potensialı genişdir, onda “Yaşıl dəhliz”in əhəmiyyəti bir qədər də artmış olur”.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir