Zahid Shaliyev

Azərbaycanda ixtisaslaşmış Aqro-İnvestisiya bankına ehtiyac var

Müəllif: İqtisadçı ekspert – Zahid Şaliyev

Ölkəmizdə böyük iqtisadi potensiala malik olan aqrar sektorun inkişaf etdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər görülməkdədir. Lakin görülən işlər əlaqəli və kompleks şəklində aparılmadığı üçün sektorda irəliləyiş zəifdir.

Hazırda Azərbaycanda istehsal olunan əksər kənd təsərrüfatı məhsullarının rəqabətqabiliyyətliyi aşağı səviyyədədir və maya dəyəri yüksəkdir. Bunun səbəbi kənd təsərrüfatı sektorunun iqtisadi islahatlardan kənarda qalması ilə izah olunur.

Belə ki Sovetlər birliyi dağıldıqdan sonra torpaq islahatları aparıldı və torpaqlar kənd sakinləri arasında bölüşdürüldü. Kənd əhalisi isə öz növbəsində daha ucuz maya dəyərinə malik kənd təsərrüfatı məhsulları yetişdirməyə başladılar ki, bu məhsul çeşidləri üzrə ciddi rəqabət yarandığından qiymətlər aşağı düşdü. Həmin dövrdə kənd həyat tərzi insanlar üçün iqtisadi sıxıntılar yaratdığından şəhərlərə böyük köç başladı. Elə bununla da kənd təsərrüfatı iqtisadiyyatında böyük kəsrlər yarandı.

Ölkənin tikinti sektorunda yaranan böhran əhalini şəhərlərdən kəndlərə doğru köç etməyə məcbur etmişdir. Bu da eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şəraitdir. Lakin kənd təsərrüfatının işkişafı məqsədi ilə kompleks tədbirlər həyata keçirilməzsə proses yenə də əksinə təkrarlana bilər.

Qeyd etdiyimiz kompleks tədbirlər aşağıdakı istiqamətlər üzrə aparılması məqsədəuyğun olardı:

  • Kompleks aqrotexniki tədbirlər,
  • Aqrar elmi-tədqiqat işlərinin əlaqələndirilməsi,
  • İxtisaslaşmış bank tərəfindən investisiya maliyyələşməsi,
  • Aqro-sığorta sisteminin qurulması,
  • Mükəmməl aqro-marketinq işinin qurulması.

 

Sektorun inkişaf etdirilməsi məqsədi ilə hökumət səviyyəsində bir sıra infrostruktur layihələri həyata keçirilməlidir. Belə ki, bu gün hektarlarla torpaq sahələri su-drenaj sisteminin olmaması ucbatından şoranlaşır. Əgər nəzərə alsaq ki, regionlarda bir su artezianının qazılıb istifadəyə verilməsinə 30 000 AZN-ə yaxın vəsait tələb olunur, bu kiçik sahibkarlıq subyektlərinin imkanları xaricindədir.

Aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırılmalı, müasir laboratoriyalarla təmin edilməlidir. Ən azından bu institutların nəzdində maarifləndirici təlim mərkəzləri yaradılmalı və sektor üzrə dünyada baş verən yenilikləri sahibkarlarla bölüşəcək analitik mərkəz fəaliyyət göstərməlidir.

Hazırda banklar üçün kənd təsərrüfatı sektoru maliyyələşdirmə baxımından ən riskli sahələrdən sayılır. Əgər nəzərə alsaq ki, kənd təsərrüfatı sektoru təbii amillərdən daha çox asılıdır, burada banklar riskli yanaşmaları ilə haqlıdırlar. Elə buna görə də kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi kiçik həcmli kreditlərlə məhdudlaşır. Xırda həcmli və yüksək faizli kreditlərlə maliyyələşən təsərrüfatların inkişafından söhbət belə gedə bilməz.  Sektorun iri həcmli layihələrlə maliyyələşdirilməsi Aqro-sığorta sistemini zəruri edir.

Aqro-sığortaya gəldikdə, buradada təsərrüfatlarda olan pərakəndəlik və iqtisadi səmərəsizliklə rastlaşırıq. Yəni onsuz da ciddi mənfəət qazana bilməyən kəndli sığorta ödənişinə əlavə xərc kimi baxır. Sığorta şirkətlərinə gəldikdə isə bu şirkətlər də sektora riskli baxır və ixtisaslaşma getmədiyindən sığorta paketləri həddən artıq bahadır.

 

Bəs sektoru necə xilas edək?

Hazırda kənd təsərrüfatı ilə məşğul olan iqtisadi subyektlərin maliyyə vəziyyətini nəzərə alsaq, burada hansısa rəqabətdən və rəqabətyönümlü məhsul istehsalından söhbət gedə bilməz. Çıxış yolu kimi bu subyektlərin kollektiv təsərrüfatlar halında birləşməsi görünür. Əgər kollektiv birliklər yaradılarsa bu birliklərin iri investisiya layihəlırinə çıxış imkanları yaranacaq. İri investisiya layihələrinin qiymətləndirilməsi (təhlili) və maliyyələşdirilməsi isə ixtisaslaşmış Aqro-İnvestisiya bankının yaradılmasına ehtiyac yaradır. Kollektiv təsərrüfatların kompleks maliyyələşdirilməsi layihələri təbii ki, sığorta şirkətləri üçün də cəlbedici görünəcəkdir. Çünki, bu layihələrlə təsərrüfatların fəaliyyəti xeyli optimallaşır və təbii amillərdən asılılıq azalır. Belə iri investisiya layihələri istehsal olunacaq məhsulların maya dəyərini xeyli aşağı salacaq. Məhs bu uğurlu sistemin sayəsində ölkəmizin kənd təsərrüfatı subyektləri rəqabətyönümlü məhsul istehsal edə biləcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir