Search

“Yunayted Kredit Bank”ın əmanətçilərinə kompensasiyalar “Unibank” vasitəsilə veriləcək

“Fevralın 9-dan “Yunayted Kredit Bank”ın qorunan əmanətçilərindən ərizə qəbuluna başlanılacaq”.

Bu sözləri  Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu bank haqqında əldə olunan məlumatlar tam olmadığı və dəqiqləşdirmələr aparıldığı üçün kompensasiyaların ödənilməsi prosesinə başlanılması vaxtı haqqında yaxın günlərdə məlumat veriləcək.

Kompensasiyaların verilməsi üçün agent bank da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Unibank” ASC-nin filialları vasitəsilə veriləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/1 saylı qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240  saylı lisenziya ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bank tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirib ki, “Yunayted Kredit Bank” ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 02 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank” ASC-də qorunan əmanəti olan  əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan  əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

apa.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir