Search
85ce992a2797bd00d5d1d9503c1176d7_XL

Üç ayda 4 yeni lizinq şirkəti yaradılıb

Azərbaycanda lizinq şirkətlərinin yaradılması geniş vüsət alır.

kreditxəbər  “Marja”-ya istinadən xəbər verir ki, təkcə bu ilin ilk rübündə 4 yeni lizinq şirkəti yaradılıb. Bunlar “Hilal Lizinq” MMC,  “Rent Lizinq” MMC, “Power Lizinq” MMC və “Azevrolizinq” MMC-dir.

2013-cü ildə Azərbaycanda “Baku Lizniq” ASC, “Azavtolizinq” MMC və “Cahan Lizinq” MMC şirkətləri yaradılmışdı.

Qeyd edək ki, Azərbaycanda 66  lizinq şirkəti qeydiyyata alınıb. Onlardan yalnız 10-a yaxını nisbətən aktiv fəaliyyət göstərir.

2,5 MİLYARD DOLLAR İNVESTİSİYA QOYULUŞU YARADA BİLƏR

Ekspertlər söyləyirlər ki, Azərbaycanda lizinq yolu ilə iqtisadiyyata investisiyaların həcminin 1,2-2,5 milyard dollara çatdırılması üçün potensial vardır. Son illər Azərbaycan iqtisadiyyatına  investisiyalar təxminən 22-25 milyard ABŞ dollarına bərabər olub (2012-ci ildə 25,8 mlrd.dollar-Marja ). Bu investisiya qoyuluşlarının yalnız 1%-i  və ya 250 milyonu lizinq vasitəsilə edilən investisiyaların payına düşür. Digər inkişaf etməkdə olan ölkələr ilə müqayisə etsək görərik ki, lizinq yolu ilə edilən investisiyalar  ümumi investisiyaların 5-10%-ni təşkil edir.

NƏZARƏTSİZLİK HÖKÜM SÜRÜR

Bir qrup ekspertlər isə bildirirlər ki, lizinqin inkişafı üçün qanunvericilik bazası təkmilləşdirilməlidir.  Təsadüfi lizinq şirkətlərinin açılmasının qarşısı alınmalıdır. Onlar qeyd edirlər ki, lizinq şirkətləri yaradılır, 3-4 əməliyyat etdikdən sonra bağlanır. Bunun qarşısı alınmalıdır. Lizinq daha ciddi bir işdir. Müstəqilliyimizin ilk illərində bank sahəsində yaranmış vəziyyət hazırda lizinq sahəsində hökm sürür. Xatırlasaq, o zamanlar fəaliyyət göstərən bankların sayı yüzlərlə idi və hansı neqativ halların baş verdiyi coxlarımıza bəllidir. Zaman keçdikcə bankların  əksəriyyəti bağlandı. Lizinq sahəsinin də belə bir vəziyyətə düşməsinin və hansısa neqativ hallar baş verməsinin qarşısı indidən alınmalıdır.

İNVESTORLAR DİQQƏTLİ OLMALIDIRLAR

Son vaxtlar lizinq şirkətləri istiqraz buraxılışında da aktivləşiblər. İstiqraz buraxmış lizinq şirkətində yarana biləcək ödəmə problemi, həm investorları məyus edəcək, həm də qiymətli kağzılar bazarına inamı aşağı salacadır.

“Corporate Legal Consultancy” (CLC) hüquq şirkətinin direktoru Pərviz Məmmədov deyir ki, investorlar lizinq şirkətlərinə sərmayə yatırarkən  diqqətli olmalıdırlar:  “Nəzərə alsaq ki, lizinq şirkətləri kredit təşkilatlarından fərqli olaraq əmanət cəlb edə bilməzlər, bu halda onlar ya kredit cəlb etməlidirlər ya da investor tapmalıdırlar. Hər iki halda həm banklar, həm investorlar lizinq şirkətlərinə pul ayırarkən öz risklərini ciddi qaydada analiz etməlidirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir