Search
98567

Tarixdə bugün

1875-ci ildə Dünya Metrologiya Günü təsis edilib. Parisdə keçirilən Beynəlxalq Diplomatik Konfransda bu günün qeyd olunması qərara alınıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci il iyunun 13-də təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.

1942-ci il. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə birinci və ikinci dərəcəli “Vətən Müharibəsi” ordeni təsis edilib. Birinci dərəcəli ordenə azərbaycanlılar ümummilli lider Heydər Əliyev, Ziya Bünyadov, Ağadadaş Səmədov və Həzi Aslanov layiq görülüblər. “Vətən Müharibəsi” ordeni Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər) təsis olunmuş ilk mükafatdır.

1907-ci il. Xalq Artisti Həqiqət Rzayeva anadan olub (1907-1969). H.Rzayeva Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdəndir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov kimi korifeylərdən dərs alan sənətkar 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində Leyli, “Əsli və Kərəm”də Əsli, “Arşın mal alan” operettasında Telli, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm onun yaratdığı səhnə obrazlarıdır.

1933-cü il. Türk Hava Yolları təsis edilib. Şirkət həmin ilin avqustunda hər biri 23 oturacaqdan ibarət beş təyyarə ilə fəaliyyətə başlayıb. Hazırda dünyanın 120-dək ölkəsinə uçuşlar həyata keçirir.

1570-ci ildə Belçikanın Antverpen şəhərində dünyanın ilk coğrafi xəritəsi çapdan çıxıb. Müasir atlasın bu ilk nümunəsi fələməng xəritəşünas Abraam Ortelius tərəfində tərtib edilib. Bu nəşrə böyük formatlı 53 xəritə və ətraflı izahlı coğrafi mətn daxil edilmişdi. Bir çox səhvlərə baxmayaraq bu atlas 16-17-ci əsrlərin dənizçiləri üçün böyük tapıntı olub.

1799-cu il. XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak anadan olub (1799–1850). O, Qərbi Avropa realizminin zirvəsi hesab edilir. Balzakın ən məşhur əsəri – “Bəşəri komediya” və ya “İnsan komediyası”dır.

Yazıçının adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

1498-ci il. Portuqaliyalı dəniz səyyahı Manuel Vasko da Qama Hindistanın Kəlküttə şəhərinə gəlib və beləliklə Hindistana dəniz yolunu kəşf edib. Bununla da Vasko da Qama Avropadan Hindistana dəniz vasitəsilə səyahət edən ilk avropalı olub.

 

Mənbə: Azərtac

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir