Search
ipoteka

Sumqayıt sakinlərinin ipoteka imkanları: Şəhərimizdə yerləşən bank filialları nə deyir?

“Bizim bankda “şapka” ola bilməz. Digər banklarda isə təəssüf ki var. Beləcə, qurunun oduna yaş da yanır”

Ölkəmizdə xüsusilə gənc ailələrin ev ala bilməsi üçün ipoteka kreditləri verilir. Ancaq gəlin, görək həmin kreditin şərtləri gənc ailələrin imkanları ilə üst-üstə düşürmü?
Adi ipoteka kreditləri illik 8 faiz olmaqla maksimum 50 min manat və 25 illiyə verilir. Bu zaman ilkin ödəniş 20 faizdir. Güzəştli ipoteka kreditləri isə illik 4 faiz olmaqla 50 min manata qədər, 30 illiyə verilir. Bu zaman ilkin ödəniş məbləği 15 faiz təşkil edir. Güzəştli ipoteka hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə verilir.
Qeyd edək ki, Norveçdə ipoteka 2 faizdir. Türkiyədə adi ipoteka faizləri 4 faizdir. Rusiyada da bu faiz Azərbaycandan qat-qat aşağıdır. Nəticə göz qabağındadır: ölkəmizdə ipoteka kreditlərinin şərtləri imkan vermir ki, aztəminatlı ailələr mənzillə təmin olunsunlar. Dəfələrlə sözügedən kreditin şərtlərinin yüngülləşdiriləcəyi ilə bağlı fikirlər səslənsə də, hələ də bu istiqamətdə ciddi addım atılmır. Bu səbəbdən də vətəndaşların əksəriyyəti mənzil problemindən əziyyət çəkirlər. İpoteka krediti almaq istəyən vətəndaşların mütləq dövlət sektorunda çalışmasının bir şərt kimi irəli sürülməsi əlavə maneəyə çevrilir. Əhalinin əhəmiyyətli hissəsi hazırda özəl sektorda çalışır.
Hazırda yenidən bu məsələ gündəmədir. Bildirək ki, 2014-cü il dövlət büdcəsində sosial ipotekanın verilməsi üçün İpoteka Fonduna 40 mln. manat həcmində vəsait ayrılıb. Bu da ötənilki vəsaitlə eynidir, 2012-ci ilə nisbətən isə iki dəfə çoxdur. Ekspertlər hesab edir ki, sosial ipotekadan fərqli olaraq adi ipotekada artım müşahidə ediləcək. Bu il ipoteka krediti vasitəsilə təqribən 7 min insan ev problemini həll edəcək. Azərbaycanda mərkəzləşdirilmiş ipoteka kreditləşməsi 2006-cı ildə start götürüb, ancaq artıq 2007-ci ilin iyun ayında vəsait çatışmazlığından 2009-cu ilin yayına qədər dayandırılıb. Kreditləşmənin bərpasından sonra dövlət yalnız sosial ipotekanı maliyyələşdirməyə başladı. Bu il bu məqsədlər üçün dövlət büdcəsindən 2013-cü ildə olduğu kimi 40 mln manat yönəldiləcək.
Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən hər bir ailə yalnız bir dəfə istifadə edə bilər.
Gəlin, əvvələcə hansı banklarda ipoteka kreditinin verildiyini nəzərdən keçirək, daha sonra mövzumuzun Sumqayıtla bağlı hissəsinə keçərik.

Bankların adı Status
Bank Respublika Aktivdir
Bank of Baku Aktivdir
Ata Bank Aktivdir
Bank Standard Aktivdir
NBC Bank Aktivdir
Qafqaz İnkişaf Bankı Aktivdir
Nikoil Bank Aktivdir
YapıKredi Bank Aktivdir
Access Bank Aktiv deyil
AFB Bank Aktivdir
AG Bank Aktiv deyil
Amrahbank Aktiv deyil
Azər-Türk Bank Aktiv deyil
ASB Bank Aktiv deyil
Beynəlxalq Bank Aktiv deyil
Azərbaycan Kredit Bankı Aktiv deyil
Bank of Azerbaijan Aktiv deyil
Bank Silk Way Aktiv deyil
Deka Bank Aktiv deyil
Günay Bank Aktiv deyil
Kapital Bank Aktiv deyil
Expressbank Aktv deyil
Muğan Bank Aktv deyil
Para Bank Aktiv deyil
TuranBank Aktiv deyil
Unibank Aktiv deyil
United Credit Aktiv deyil
Bank Avrasiya Aktiv deyil
DəmirBank Aktiv deyil
KredoBank Aktiv deyil
Bank Technique Aktiv deyil

Elə sumqayıtlılar da ipoteka götürməkdə çətinlik çəkdiklərini deyirlər: müxtəlif süni maneələr, “şapka” tələbləri və s.
Bəs görəsən, bankların Sumqayıt filialları nə deyir? Ipoteka kreditini götürməkdə hansı problemlər var? Mövzu ilə bağlı bankların şəhərimizdə yerləşən filialları ilə əlaqə saxladıq. Səsələndirilən fikirlərlə bağlı onların da mövqeyini öyrənmək istədik.
“Kapitalbank”ın kredit şöbəsinin rəisi Eldar Mehdiyev bildirdi ki, “Kapitalbank” ipoteka krediti verir: “Ancaq bizim filial ipoteka verən kateqoriyaya aid deyil. Bu krediti əldə etməklə bağlı heç bir maneədən söhbət gedə bilməz.”
“Zaminbank”ın Sumqayıt filialının iqtisadçısı Elçin Zeynalov isə dedi ki, hazırda bu filial da ipoteka krediti verə bilmir: “Amma Bakı filiallarının bəzilərində ipoteka verilir.”
“Rabitəbank”ın Sumqayıt filialının kredit meneceri Rüfət Taharov bildirdi ki, adıçəkilən bank dövlət ipoteka krediti vermir: “Biz yalnız daxili ipoteka krediti veririk. Qaldı ki, ipoteka krediti ilə bağlı ittihamlara bu, sosial güzəştli ipoteka krediti barədə deyilə bilər. Bizdə isə bu kreditlər yoxdur, “Rabitəbank”da yalnız kommersiya yönümlü ipotekadır və bizim bankda heç bir süni maneə ola bilməz.”
“Qafqaz İnkişaf bank”ından zəngimizə cavab verən xanım özünü bankın filial müdiri kimi təqdim etsə də, emosional tərzdə adını və soyadını demək istəmədiyini söylədi. Ancaq bildirdi ki, adı çəkilən bank ipoteka krediti vermir.
“Ekspressbank”ın kredit şöbəsinin müdiri Ceyhun Vahabzadə isə dedi ki, Sumqayıt sakinləri hətta evi Sumqayıtdan alırsa belə, bizim bankın Bakı filiallarından ipoteka götürə bilər: “Krediti götürmək təxminən bir ay vaxt alır. Müraciətə ipoteka fondunun və bankın iclasında baxılır, əgər tələblərə uyğundursa, ipoteka verilir. Heç bir əlavə xərc və ya süni maneədən söhbət belə gedə bilməz”.
“Bank Texnik”in Sumqayıt filialının kredit şöbəsinin müdiri Nizami Məmmədov bildirdi ki, filial olaraq onlar ipoteka krediti verə bilmir: “Ancaq səhv etmirəmsə, bizim bank ipoteka krediti verir. Ancaq kütləvi şəkildə yox, yəni, müəyyən limit var”.
“NBC Bank”ın Sumqayıt filialının kredit şöbəsinin mütəxəsisi Səbuhi Qasımov isə bildirdi ki, bu bank ipoteka krediti verir: “Bu barədə qərarı baş ofis verir. Müraciət edənin işi dövlət işi olmalıdır, ilk ödəniş 30 faiz və maksimum məbləğ 50000 manatdır. Süni maneə və “şapka” məsələsi ola bilməz”.
“Dəmirbank”ın Sumqayıt filialının istehlak krediti mütəxəsisi Elvin Mansurov adı çəkilən bankın sözügedən krediti verdiyini söylədi: “İpoteka fondunun kreditləri standart tələblərlə verilir, güzəştli 4 faiz, güzəştsiz 8 faiz. Bu kredit 5 il müddətinə verilir. Süni maneələr barədə deyilənlər isə doğru deyil. Bizim filial ipoteka krediti vermədiyindən mən bu barədə ətraflı nəsə deyə bilməyəcəm”.
“Bank Respublika”nın Sumqayıt filialının direktor müavini Fizuli Həsənov da bildirdi ki, ipoteka krediti ilə bağlı heç bir problem yoxdur: “Hazırda 6-7 müraciətimiz var və heç bir maneə yoxdur. Əgər müraciət edən vətəndaşın əmək haqqısı, alınan ev və girov bizi qane edirsə, qısa zamanda həmin vətəndaşa ipoteka krediti ayrılır”.
“Beynəlxalq Bank”ın kredit şöbəsinin müdiri Rakif Həsənbalayev də bəhs etdiyimiz kreditləri götürməkdə heç bir maneənin olmadığını dilə gətirir: “Həm dövlət, həm də daxili vəsait hesabına ipoteka veririk. Dövlət ipotekasının şərtləri ipoteka fondu tərəfindən tənzimlənir. Bu kredit 25 illik müddətə verilir. Adi 8 faizlə, güzəştli 4 faizlə. Dövlət ipotekasını bankımızın Yasamal filialı verir. Müraciətə baxılır və əgər şərtlərə uyğundursa, vətəndaşa kredit verilir. Hər halda müştəri banka lazımdır”.
“Xalq Bank”ın Sumqayıt filialının inspektoru Vüsal Zeynalov isə bildirdi ki, dövlətin ipoteka krediti ilə bağlı qoyduğu şərtlərdən əlavə bankın da tələbləri olur: “Çünki bu kreditə görə bank da məsuliyyət daşıyır. Bəzən bankların tələbləri sərt olduğundan vətəndaşları qane etmir.”
“Atabank”ın yerli filialının aparıcı mütəxəssisi Samir Məmmədov isə deyir: “Filial olaraq biz ipoteka vermirik. Ümumilikdə isə bizim bankda “şapka” ola bilməz. Digər banklarda isə təəssüf ki var. Beləcə, qurunun oduna yaş da yanır”.
“Muğanbank”ın kredit mütəxəsisi Ramin Fərhadov isə bildirdi ki, bu kredit işlədiyi bankda var. Ancaq o hansısa problemlər barədə heç nə deyə bilməz.
P.S. Əziz oxucular, görürsünüz – banklar deyir ki, ipoteka krediti götürmək çox sadə və problemsiz başa gəlir – elə isə haydı, banklara doğru – ipoteka götürməyin vaxtıdır… Sumqayıt sakinlərindən ipoteka krediti müraciəti zamanı üzləşdikləri süni maneələr barədə bizə müraciət etmələrini xahiş edirik.(168saat.com, xeberle.com)


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir