210598

“Sahəsi geniş olan mənzillərin qiymətləri ucuzlaşacaq” – Proqnoz

“Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə elektrik enerjisinin və qazın tariflərinin differensiallaşdırılması və minimum ehtiyacdan yuxarı olan istehlaka görə qiymətlərin kəskin artırılması mənzil və mülk bazarına da təsirsiz ötüşməyəcək. Yeni tikililərdə sahəsi geniş olan mənzillərin satış və kirayə qiymətləri ucuzlaşacaq”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
Ekspert bildirib ki, yeni tikililərdə və həyət evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq: “Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq. Kommunal tariflər, həmçinin, biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında təlabatın azalmasına gətirib çıxaracaq. Bir sözlə Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək”.
“Məlumat üçün qeyd edim ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb”, deyə iqtisadçı sözlərini yekunlaşdırıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir