Search
sigorta

Ötən il “Azərqarant Sığorta”nın gəlirləri azalıb

2013-cü ili “Azərqarant Sığorta” ASC sığorta şirkəti 504,86 min manat xalis mənfəət əldə edib.

“Marja” şirkətin mətbuatda dərc etdirdiyi maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2012-ci illə müqayisədə “Azərqarant Sığorta”nın xalis mənfəəti 18,7% artıb. Belə ki, şirkət 2012-ci ili 425,45 min manat xalis mənfəət ilə başa vurmuşdu.

TƏKRARSIĞORTA HAQLARI SIĞORTA HAQLARINDAN ÇOXDUR

Ötən il “Azərqarant Sığorta”nın cəmi gəlirləri 1,51 milyon manat o cümlədən sığorta haqları yığımı 441,57 min manat, təkrarsığorta üzrə təkrarsığorta haqları 676,77 min manat, investisiya gəlirləri 346,64 min manat təşkil edib. Diqqət çəkən göstərici, şirkətin  təkrarsığorta haqları üzrə gəlirlərinin sığorta haqları üzrə gəlirlərdən çox olmasıdır.

TƏKRARSIĞORTA GƏLİRLƏRİ 38,5% AZALIB

2012-ci illə müqayisədə 2013-cü ildə “Azərqarant Sığorta”nın cəmi gəlirləri 24% (2012-ci ildə 1,99 milyon manat), topladığı sığorta haqları 27,4% (2012-ci ildə 607,2 min manat), təkrarsığorta üzrə təkrarsığorta haqları 38,5% (2012-ci ildə 1,1 milyon manat) azalıb. Şirkətin investisiya gəlirləri isə təxminən 5 min manat artıb.

Ötən il “Azərqarant Sığorta”nın cəmi xərcləri 888,21 min manat, o cümlədən sığorta ödənişləri 276,5 min manat təşkil edib. Sığorta ödənişləri 2012-ci illə müqayisədə 1,7 dəfə azdır. “Azərqarant Sığorta” ASC ötən il işlərin aparılması xərclərini təxminən 31% azaldaraq mənfəətinin artmasını təmin etmişdir.

Ötən il “Azərqarant Sığorta”ın nizamnamə kapitalında artım baş verməmişdir, hesabat dövrünün sonuna 5,61 milyon manat təşkil edib. İl ərzində şirkətin cəmi kapitalı 360 min manat artaraq 6,35 milyon manata çatmışdır.

Ötən il “Azərqarant Sığorta”ın aktivləri 5,2% artaraq 7,07 milyon manata yüksəlmişdir.

Qeyd edək ki, “Şərqə Qapı Sığorta” MMC-nin hüquqi varisi olan “Azərqarant Sığorta” ASC 1993-cü ildən Azərbaycanın sığorta bazarında sabit fəaliyyət göstərir. “Azərqarant Sığorta” ASC Lloyd sığorta korporasiyasının anderrayterləri ilə səmərəli əməkdaşlıq edir, yüksək risklərin etibarlı şəkildə təkrar sığortalanmasını təmin edir. Şirkət “The Miller İnsurance Group” LTD-nin (Böyük Britaniya) Azərbaycan üzrə ekskluziv sığorta təminatçısıdır. Dünya sığorta bazarında xüsusi çəkisi olan AXA Krankenversicherung (Köln, Almaniya) şirkəti ilə “Azərqarant Sığorta” ASC arasında on iki illik tarixi olan obliqator təkrar sığorta müqaviləsi qüvvədədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir