Search
neft-dollar

Neft dollar asılılığından xilas olur

Cəfər İbrahimli: “İran konkret müqavilələrlə hansısa şirkətlərə neftini avro ilə sata bilər”

Yaşar Əsədov: “Burada əsas məsələ neft bazarında qiymətlərin sabitləşməsinə nail olmaqdır”

İran dollardan asılılığı azaltmaq üçün satdığı neftə görə vəsaiti avroda almağa hazırlaşır. İran bu qaydaları neft tədarükünə dair yeni imzalanmış müqavilələrə tətbiq edəcək. Söhbət Fransanın “Total”, İspaniyanın “Cepsa” və “LUKoil” şirkətinin qolu olan “Litasco” şirkətləri ilə bağlanan müqavilələrdən gedir. İranın milli neft şirkətindən verilən məlumata görə, ödənişin aparılacağı valyuta haqda müqavilədə xüsusi bənd olacaq.
Qeyd edək ki, artıq neçə illərdir ki, bir sıra ölkələr aralarında olan ticarətin dollarla deyil, milli valyutalarla aparılmasını istəyib. Çin, Rusiya, İranın özü dəfələrlə bu istiqamətdə addımlar atmağa çalışıb. Lakin bu cəhdlərə rəğmən, hətta yuxarıda adı hallanan ölkələr arasında belə ticarət əlaqələri hələ də əsasən dollarla aparılır. Neftin özünə gəldikdə, birjalarda “qara qızıl”ın qiyməti müəyyən edilərkən də, qiymətlər məhz dollarla qeyd edilir. Amma bununla belə görünür ki, İran dollardan asıllığı azaltmaq üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışır. Bu mənada neftini avro ilə satmağı düşünür. Nəzərə alsaq ki, İran neftinin əsas alıcıları da elə avrozona ölkələri olacaq, bu mənada Tehran bəlkə də dollardan asıllığı azaltmaq üçün olduqca əlverişli mövqe seçib. Onu da qeyd edək ki, digər bir sıra ölkələr də anoloji addımın atılması üzərində düşünürlər.
«Kapital Menecment» İnvestisiya şirkətinin direktoru Cəfər İbrahimli bu qənaətdədir ki, İranın neftini dollarla deyil, avro ilə satmaq istəyi o qədər də real deyil: “İran birinci dəfə deyil ki, öz məhsullarının ixracını dollarla deyil, başqa valyutalarla həyata keçirmək istiqamətində cəhdlər edir. Tehran 5-6 il öncə də neftinin avro ilə satılması məsələsində mövqeyini ortaya qoymuşdu. O zamanlar da bəyan edirdilər ki, nefti dollarla deyil, başqa valyutalarla, xüsusən də avro ilə satacaqlar. Amma bu istiqamətdə real hərəkətlər olmadı. Hətta İran öz neft birjasını yaradıb, neftini bu birjada avro ilə satmağı nəzərdə tuturdu. Amma bu günə qədər bu istiqamətdə real heç nə yoxdur. Sonradan avrozona ölkələrində böhranla bağlı olaraq avronun stabilliyi pozulduğundan İran bir qədər geri çəkildi, sanki fikrini dəyişdi. Əslində, neft bildiyimiz kimi, birjalar vasitəsilə satılır, reallıq burada müəyyənləşir. Burada da alqı-satqı ticarətinin əsasını dollar təşkil edir. Bu mənada qısa müddət ərzində dollardan vaz keçmək, nefti başqa valyuta ilə satmaq bir o qədər də real görünmür. İqtisadi baxımdan bu yetərli deyil. Amma təbii ki, İran konkret müqavilələrlə hansısa şirkətlərə neftini avro ilə sata bilər. Lakin dünyada baş verən son proseslər, dolların mövcud vəziyyəti fonunda hələ ki, bu valyuta dominant valyuta olaraq qaldığını bir daha sübut edib. Hələ xeyli müddət dollardan vaz keçərək, diqqəti başqa valyutalara yönəltmək çətin olacaq. İran sanksiyalar dönəmində dollardan asılılığı azalmaq istəyirdi, amma buna nail olmadı. Hazırda isə bu məhdudiyyətlər aradan qalxıb, İran neftini daha rahat sata bilir, ona görə də hazırda Terranı dünya bazarına daxil olaraq daha çox neft və neft məhsulları satmaq maraqlandırır. Burada hansı valyutanın olacağı isə fikrimcə, İran üçün indilikdə o qədər də maraqlı olmayacaq”.
Müstəqil iqtisadçı ekspert Yaşar Əsədov isə qeyd etdi ki, İran bu istəyini ancaq Rusiya, İraq, Liviya və bir sıra digər neft ixracatçıları ilə əlbir hərəkət etdiyi halda gerçəkləşdirə bilər: “Hazırda dünyada baş verən hadisələri nəzərə alsaq, birmənalı şəkildə söyləmək olmaz ki, İranın neftini dollarla deyil, avro ilə satmaq niyyəti hansısa bir şəkildə proseslərə həlledici təkan verəcək. İranın neft ehtiyatları elə də böyük deyil. Xüsusən də xarici bazarlara çıxaracağı neftin həcmi elə də böyük rəqəmlərlə ölçülmür. Amma başqa məsələ ki, İran həmin qərarında qətiyyətlidirsə, Rusiya, İraq, Liviya və digər neftlə zəngin ölkələr də anoloji addımda bulunduqları halda Tehranın “qara qızıl”ını avro ilə satmaq niyyəti reallaşa bilər.
Ayrıca olaraq isə İran bu işin öhdəsindən gələ bilməz. Hətta Rusiya da ayrıca olaraq bu işin öhdəsindən gəlmək gücündə deyil. Sadaladığım bu ölkələr hansısa bir “karter” formasında hərəkət etməklə, prosesə öz təsirlərini göstərə bilərlər. Təkbaşına İranın bu məsələdə real nəticə əldə edəcəyi ağlabatan deyil. OPEK “karter” formasında hərəkət edərək, dünya bazarında neftin qiymətini müəyyən edir. Həmin “karter” sövdələşməsilə OPEK-dən kənar neft ixracatçı ölkələri də vahid mövqedən çıxış etməklə bu istəklərinə nail ola bilərlər. İranın satışı dollarla deyil, avro ilə satmağa meyl etməsində də məqsəd ümumiyyətlə bu iki valyutanı bir-birinə qarşı qoymaqdan ibarət deyil, burada əsas məsələ çox güman ki, neft bazarında qiymətlərin sabitləşməsinə nail olmaqdır”.
Rüfət NADİROĞLU



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir