Search
bank

Məqalə: Bank işinin xüsusiliyi

“Öz borclarını ödəməz hala düşən banklar mümkün qədər tez bağlanmalı, onların kreditləri daha sağlam kreditorlara ötürülməlidir”. 

Banklarla bağlı tənzimləmə xüsusi yanaşma tələb edir.  Bir tərəfdən onlar da oyuncaq manufakturaları və polad sənayesi şirkətləri kimi özəl biznesdir. Ancaq onlar, həmçinin, iqtisadiyyatda mərkəzi rol oynayır və bu səbəbdən də təkcə öz istehlakçılarının deyil, həm də hər kəsin rifahına təsir göstərir. 1930-cu illərdən başlayaraq amerikalılar bankların unikal mövqeyini təsbit edən qanunlar qəbul etmişlər.
Bu qanunlardan ən mühümü depozit (əmanət) sığortası qanunudur. Depressiya dövründə əmanətçilərin (deponentlərin) əksəriyyəti öz əmanətlərini saxladıqları bankların müflisləşəcəyindən qorxaraq bütün pullarını eyni vaxtda geri götürməyə can atarkən ölkədəki iqtisadi tənəzzül ciddi surətdə daha da dərinləşmişdi. Banklar üzərinə kütləvi «hücum» zamanı deponentlər panika içərisində pullarını geri almaq üçün küçələrdə uzun növbələrə düzülmüşdülər. Hətta ən ehtiyatlı davrananlar belə daxil olmaqla, bankların çoxu öz deponentlərinin tələblərini kifayət qədər tez ödəyə bilmək üçün bütün aktivlərini nağd pula çevirə bilmədiklərindən iflasa uğradı. Nəticədə onlar biznes və sənaye müəssisələrinə kredit ayıra bilmədilər və bu, iqtisadiyyatın tənəzzülə uğramasının daha da dərinləşməsinə gətirib çıxardı.
Depozit sığortası qanunu banklar üzərinə bu cür hücumların qarşısını almaq üçün tərtib edilmişdi. Qanunda deyilirdi ki, dövlət cari dövrdə müəyyən həddə – 100.000 dollara qədər olan əmanətlərin arxasında dayanır. Artıq bank maliyyə çətinlikləri ilə üzləşdiyi halda əmanətçilərin heç bir əndişəsi olmayacaqdı. Çünki Federal Depozit Sığortası Şirkəti kimi tanınan dövlət bank sığortası agentliyi bankların özlərindən topladığı sığorta haqlarından istifadə edərək deponentlərin pulunu ödəyəcəkdi. Zərurət yarandığı halda hökumət deponentləri itkilərdən qorumaq üçün ümumi vergi gəlirlərindən də istifadə edəcəkdi. Dövləti hədsiz maliyyə riskindən qorumaq üçün tənzimləmə agentlikləri bankları nəzarətdə saxlayacaq və onların hədsiz dərəcədə riskə girdiklərini müəyyən etdiyi halda həmin işlərə son qoymalarını tələb edəcəkdi.
1930-cu illərdəki «Yeni kurs» dövründə bankların qiymətli kağızlar və sığorta biznesinə cəlb olunmalarının qarşısını alan qanunlar qəbul edildi. Böyük depressiya dövrünədək bankların çoxu ona görə çətin vəziyyətə düşürdü ki, fond birjalarında artıq risklərə gedir, yaxud bank direktorları və ya yüksək rütbəli bank məmurlarının fərdi qaydada investisiya qoyduqları sənaye şirkətlərinə kredit verirdilər. Bir daha bu halların baş verməməsi üçün depressiya dövrünün siyasətçiləri Qlass-Stiqal Aktını qəbul etdilər; həmin qanun bankların qiymətli kağızlar və sığorta biznesinə qarışmalarını qadağan etdi. Ancaq 1970-ci illərdə banklar daha geniş çeşiddə maliyyə xidmətləri təklif edə bilmədikləri üçün öz müştərilərinin onlardan imtina edərək digər maliyyə şirkətlərinə üz tutmalarından şikayətlənməyə başlayanda bu cür qanunlar mübahisə obyektinə çevrildi.
Hökumət buna öz müştərilərinə yeni maliyyə xidməti növləri təklif etmələri ilə bağlı banklara geniş azadlıqlar təmin etməklə cavab verdi. 1999-cu ilin sonunda Konqres Maliyyə Xidmətlərinin Modernləşdirilməsi haqqında 1999-cu il Aktını qəbul etdi; həmin qanuna əsasən Qlass-Stiqal Aktı ləğv olundu. Yeni qanun öz müştərilərinin bank işlərindən tutmuş qiymətli kağızları maliyyə cəhətdən dəstəkləməyə qədər artıq hər cür xidmətlər təklif etməkdən məmnun olan banklara bundan da geniş azadlıqlar verdi. Qanun banklara, qiymətli kağızlar və sığorta firmalarına qarşılıqlı fondlar, səhmlər və istiqrazlar, sığorta və avtomobil kreditləri də daxil olmaqla maliyyə məhsulları ticarətiylə məşğul olan maliyyə konqlomeratları təşkil etmələrinə icazə verdi. Nəqliyyat, telekommunikasiya və digər sənaye sahələrində dövlət tənzimləməsinin aradan qaldırılması ilə bağlı qanunlar kimi, bu yeni qanunun da maliyyə institutları arasında iri birləşmələr dalğasını gücləndirəcəyi güman edilir.
Ümumən götürüldükdə «Yeni kurs» dövrünün qanunları uğurlu olmuş, Amerikanın bank sistemi II Dünya müharibəsindən sonrakı illərdə sağlam məcraya qayıtmışdır. Ancaq bu sistem 1980 və 1990-cı illərdə qismən də sosial tənzimləmə səbəbindən yenidən çətinliklərlə üzləşmişdir. Müharibədən sonra hökumət daxili sahibkarlığı gücləndirməyə can atdığı üçün bütün diqqəti girov kreditləri (mortgages) kimi tanınan uzunmüddətli daxili borclara cəlb etmək məqsədilə yeni bank sektorunun – «qənaətlər və kredit» (S&L) sənayesinin yaradılmasına köməklik göstərmişdir. Bu sektor bir başlıca problemlə üzləşdi: girov kreditləri adətən 30 il üçün nəzərdə tutulduğu və qarışıq faiz normaları daşıdığı halda, əmanətlərin əksəriyyəti bundan çox qısa müddətə malik idi. Bu səbəbdən qısamüddətli əmanətlərin faiz norması uzunmüddətli girov kreditlərinin faiz normasından üst səviyyəyə qalxanda qənaətlər və kredit sistemi pul itkisinə məruz qala bilirdi. Qənaət və kredit assosiasiyaları və banklarını müdafiə etmək məqsədilə tənzimləmə agentlikləri depozitlərə görə faiz normalarına nəzarət etmək qərarına gəldilər.
Bir müddət bu sistem yaxşı işlədi. 1960 və 1970-ci illərdə, demək olar ki, bütün amerikalılar özlərinə ev satın almaq üçün «S&L» maliyyəsindən yararlandılar. «S&L» firmalarında depozit üçün ödənilən faiz norması aşağı olaraq qalsa da, milyonlarla amerikalı öz pullarını onlara əmanət edirdi, çünki depozit sığortası bu firmaları investisiya qoymaq üçün son dərəcə təhlükəsiz yerə çevirmişdi. Ancaq 1960-cı illərdən başlayaraq ümumi faiz normalarının səviyyəsi inflyasiya ilə birlikdə yüksəlməyə başladı. 1980-ci illərdə deponentlərin çoxu daha yüksək faizlər əldə etmək üçün öz əmanətlərini valyuta bazarı fondlarına və digər qeyri-bank aktivlərinə qoymağa başladılar. Bu isə bankları, qənaətlər və kredit assosiasiyalarını dəhşətli maliyyə sıxıntısına saldı, onların öz uzunmüddətli kredit portfellərini təmin etmək üçün yeni depozitlər cəlb etmək imkanlarını heçə endirdi.
Bu problemləri aradan qaldırmaq məqsədilə hökumət 1980-ci illərdə banklarda, qənaətlər və kredit assosiasiyalarında faiz normalarının maksimum hədlərini mərhələli şəkildə ləğv etməyə başladı. Ancaq bu tədbir həmin institutlara əmanətçiləri təkrar özlərinə cəlb edə bilmələri üçün şərait yaratsa da, «S&L» assosiasiyalarının girov kreditləri portfelləri geniş miqyasda və böyük həcmdə itkilərə məruz qaldı; bu portfellərin böyük bir qismi «S&L»lərin indi deponentlərə ödədikləri faiz normalarından aşağı səviyyədə faiz normaları qazandırırdı. Konqres bir daha bu şikayətləri cavablandırmaq məqsədilə «S&L»lərin yüksək qazanclı investisiyalar qoya bilməsinə imkan yaratmaq üçün kreditlərə qoyulan məhdudiyyətləri zəiflətdi. Konqres xüsusilə də «S&L»lərə müştəri, biznes və kommersiya məqsədilə daşınmaz əmlak kreditlərində iştirak etmələrinə icazə verdi. Konqres, həmçinin, «S&L»lərin nə qədər kapitalı idarə etmələri ilə bağlı bəzi tənzimləmə proseduralarını da liberallaşdırdı.
Sıradan çıxacaqlarından qorxuya düşən «S&L»lər geniş miqyasda spekulyativ daşınmaz əmlak müəssisələri kimi, yüksək riskli fəaliyyətlərə baş vurdular. Bir çox hallarda, xüsusilə də iqtisadi şərtlərin daha da ağırlaşdığı vaxtlarda bu müəssisələr gəlir qazanmaq iqtidarında olmurdular. Həmçinin bəzi «S&L»lər onları qarət etməklə məşğul olan qeyri-sağlam adamların əlinə keçmişdi. Nəticədə «S&L»lərin çoxu ağır itkilərə məruz qaldı. Hökumət bu gizli böhranı dərk etməkdə gecikdi, çünki həm büdcənin ciddiliyi, həm də siyasi təzyiq tənzimləmə idarələrini lazımi addımlar atmaqdan çəkinməyə məcbur etmişdi.
«S&L» böhranı bir neçə il ərzində Amerika tarixində ən böyük maliyyə qalmaqalına çevrildi. Həmin onilliyin sonunda «S&L»lərin xeyli hissəsi öz borcunu ödəyə bilməz hala düşdü; 1970-ci illərdə fəaliyyət göstərən «S&L»lərin təxminən yarısı 1989-cu ildə artıq həmişəlik sıradan çıxmışdı. Federal Əmanətlər və Kreditlər Sığortası Korporasiyası özü də borcunu ödəməz hala düşdü. 1989-cu ildə Konqres və prezident Maliyyə institutlarının islahatı, bərpası və gücləndirilməsi haqqında Akt (FİRREA) kimi tanınan təcili xilasetmə tədbiri barədə razılığa gəldilər, bu tədbirin vergilər hesabına maliyyələşdirilməsi nəzərdə tutulurdu. Həmin qanun aktı çərçivəsində, demək olar ki, iflas həddində olan «S&L»lərə 50 milyard dollar vəsait ayrıldı, əmanət institutları ilə məşğul olan tənzimləmə aparatları tamamilə dəyişdirildi və yeni portfel məhdudiyyətləri qoyuldu. Borcunu ödəməz hala düşmüş institutları ləğv etmək üçün «Resolution Trust Corporation» (RTS) adlanan yeni dövlət agentliyi yaradıldı. 1990-cı ilin martında RTS-ə əlavə olaraq 78 milyard dollar vəsait köçürüldü. Ancaq «S&L»lərin təmizlənməsi əməliyyatının ümumi dəyərinin qiyməti durmadan artaraq 200 milyard dollara çatdı.
Amerikalılar müharibədən sonrakı dövrdə bank işinin tənzimlənməsi təcrübəsindən özləri üçün bir neçə nəticə çıxarmışlar. Birincisi, dövlət depozit sığortası kiçik həcmli əmanətləri yaxşı müdafiə edir və banklar üzərinə qəfil hücum təhlükəsini azaltmaqla bank sistemində sabitliyə yardımçı olur. İkincisi, faiz normalarına nəzarət sistemi işləmir. Üçüncüsü, bank investisiyalarını hökumət idarə etməməlidir; əksinə, investisiya qoyuluşları bazar qüvvələrinə və iqtisadi imkanlara görə müəyyən edilməlidir. Dördüncüsü, öz məmurlarına və yaxud öz məmurlarının üzv olduqları şirkətlərə kredit verən banklar ciddi nəzarət altına alınmalı, onların bu cür fəaliyyətləri məhdudlaşdırılmalıdır. Beşincisi, öz borclarını ödəməz hala düşən banklar mümkün qədər tez bağlanmalı, onların kreditləri daha sağlam kreditorlara ötürülməlidir. Borclarını ödəmək qabiliyyətində olmayan institutların öz fəaliyyətlərini davam etdirməsi yalnız kreditləri dondurur və iqtisadi fəallığın boğulmasına səbəb ola bilər.
Nəhayət, banklar öz borclarını ödəmək qabiliyyətində olmadıqda, bir qayda olaraq iflasa uğramalarına icazə verilmədiyi üçün amerikalılar bu fikirdədilər ki, hökumət daim onları nəzarət altında saxlamalı və bütün iqtisadiyyata zərər vura biləcək lüzumsuz, riskli kreditlərdən onları qorumalıdır. Birbaşa nəzarəti həyata keçirməklə bərabər tənzimləmə agentlikləri müntəzəm surətdə banklardan kapitallarının həcmini artırmalarını tələb etməlidirlər. Banklara ayrılan fondlar müəyyən itkilərin yerini doldurmağa imkan verməklə yanaşı, kapital ehtiyacları da bank sahiblərini məsuliyyətli davranmağa məcbur edəcək, çünki onların bankları müflisləşərsə, bu fondlardan da məhrum ola bilərlər.
Tənzimləyicilər, həmçinin, banklardan öz maliyyə durumlarının açıqlanmasının tələb edilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar; aktivləri və maliyyə durumları geniş ictimaiyyətə məlum olduğu halda banklar daha məsuliyyətli davranmağa məcburdurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir