Search
dollar manat

Manatla dolların kursu bərabərləşəcək

Son günlərdə avronun dollara nisbətən böyük sürətlə dəyər qazanması dünya maliyyə bazarında əsas diqqəti ABŞ valyutasının məzənnəsinin bundan sonra necə olacağına yönəldib. Buna əsas səbəb dolların qarşıdakı müddət ərzində daha çox dəyər itirəcəyina dair verilən proqnozların artmasıdır. Güclü dollar ABŞ üçün də ciddi problemlər yaratdığından Vaşinqton dolların məzənnəsinin digər valyutalaar nisbətən zəifləməsində artıq maraqlı tərəf kimi çıxış edir.
Son araşdırmalar göstərir ki, ABŞ iqtisadiyyatı yenidən durğunluq dövrünə girmək üzrədir. 2015-ci ilin birinci rübündə ABŞ iqtisadiyyatı 0,2% artıb. Halbuki, iqtisadçılar 1% artım gözləyirdilər. Açıqlanan məlumatın proqnozdan dəfələrlə aşağı olması isə artıq dolların dəyərdən düşməsinə səbəb olub. Dollar bir çox valyutalar, o cümlədən avro qarşısında kəskin ucuzlaşıb. 1 avro 1. 0960 dollara bərabər olduğu halda indi bu göstərici 1 avro üçün 1.1187 dollar təşkil edir. Qeyd edək ki, ABŞ iqtisadiyyatının artım sürətinin aşağı düşməsinə, ixracdakı azalma və istehlakçıların ehtiyatlı hərəkət etməsi təsir göstərib. İxracın azalması ötən ildən dolların güclənməsilə bağlıdır.
ABŞ Federal Ehtiyat Sistemi (FES) Açıq Bazar Komitəsinin (ABK) ölkdə faiz dərəcələrinin artırılmasının təxirə salınmasını bildirməsilə dollar dahada ucuzlaşır. dolların bir daha ucuzlaşacağı gözlənilir. Federal Ehtiyat Sistemi faizləri 0,25% səviyyəsində sabit saxlayıb.
İndilikdə Federal Ehtiyat Sistemi ilk rübdə ÜDM-in artım tempinin zəifləməsinə baxmayaraq, iqtisadiyyatın orta səviyyədə artmaqda davam edəcəyini və bunun ABŞ-da istehlakçı etimadı indeksinin artmasını təsdiq etdiyini bildiriblər. Hazırkı zəif iqtisadi artım qış mövsümü ilə əlaqələndirilir və bunun keçici olduğu qeyd olunur. Bundan başqa, yeni iş yerlərinin açılması göstəricisinin artım sürətinin yavaşlaması və işsizliyin azalmasındakı durğunluq da prosesə təsir edən amillərdəndir. Hadisələrin gedişi Federal Ehtiyat Sisteminin hətta bu ilin sentyabr ayında keçiriləcək iclasında uçot dərəcəsini artırmayacağını göstərir. Bu qərarın 2015-ci ilin sonunda və ya 2016-cı ilin əvvəlində qəbul olunacağı daha real görünür. Nəticədə, dollar-avro məzənnəsi artıq yaxın aylarda 1,22 dollar-avro səviyyəsinə qədər artacaq. Azərbaycanda isə bu, dolların dünya bazarında məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq manatın güclənməsi gözlənilir. İstisna deyil ki, dollar ilin sonuna kimi 1 manata düşsün. Əvəzində avronun güclənməsi gözləniləndir. Bunu şərtləndirən digər amillərdən biri də ölkəyə dollar axınının çoxalacağının gözlənilməsidir. Əvvəla, neftin qiymətinin tədricən artımı Azərbaycana daha çox dollar gəlişinə səbəb olacaq. Digər tərəfdən qarşıdan gələn Avropa Oyunları da prosesə ciddi şəkiləd təsir göstərəcək. Yəni, Avropa Oyunlarına baxmaq üçün Azərbaycaan gələn turistlərin böyük bir hissəsi özü ilə ölkəyə xərcləmək üçün xeyli həcmdə dollar gətirəcək ki, bu da dövriyyəyə daxil olaraq dolların ucuzlaşmasına səbəb olacaq.
İqtisadçı ekspert Vüqar Bayramov bu xüsusda qeyd edir: “I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir”. V.Bayramovun sözlərinə görə, cari gəlirlər ondan ibarətdir ki, I Avropa Oyunları keçirilən ərəfədə Azərbaycana gələn turistlər və turistlərin xidmət sektoruna daxil olmaqla xərcləmələri Azərbaycan iqtisadiyyatına sərmayə deməkdir: “Nəzərə alsaq ki, hər bir turist Azərbaycanda olduğu bir həftə ərzində min dollar vəsait xərcləyir, bu, o deməkdir ki, Azərbaycana gələn hər bir turist I Avropa Oyunları keçiriləcəyi müddətdə Azərbaycan iqtisadiyyatına ən azı 2 min dollar töhfə verəcək”.
Ekspertin fikrincə, I Avropa Oyunları, eyni zamanda manata tələbin artmasına imkan verəcək, çünki ölkəyə gələn turistlər öz pullarını manata dəyişəcək və manat xərcləyəcəklər: “Bu da imkan verəcək ki, həmin müddətdə Mərkəzi Bank intervesiya xərclərini azaltsın. Bu manatın stabilliyi və manata olan tələbin artması baxımından olduqca vacibdir. I Avropa Oyunlarına xərcləmələrin 78 faizi infrastruktur xərcləridir. Bu o deməkdir ki, I Avropa Oyunları çərçivəsində yaradılan infrastruktur sonra da istifadə olunacaq. Bu infrastruktur Bakıda qalacaq. I Avropa Oyunlarından sonra Azərbaycanda bir neçə beynəlxalq yarışlar keçiriləcək. Həmin yarışlar zamanı Azərbaycan bu gün qurulan infrastrukturlardan istifadə etməklə gəlir əldə etmək imkanına malik olacaq”.



Səməd CƏFƏROV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir