Search
Sahil TM yangin

Mağazanı yanğından necə qorumaq olar? – 200 MANAT KİFAYƏT EDİRMİŞ

Martın 12-də Bakıda “Sahil” Ticarət Mərkəzində baş vermiş yanğın mərkəzin yerləşdiyi binaya və orda fəaliyyət göstərən mağaza sahiblərinə xeyli zərər vurub. Binaya dəyən zərərlə yanaşı bu mərkəzdə yerləşən dükan sahiblərinin də xeyli malı yanıb və onlara dəyən zərər bura daxil deyil. Bəs dükan sahibləri belə hallardan necə qoruna bilərlər?
“Qarant Sığorta” şirkətinin satış mütəxəssisi Bəhruz Məclumov Fins.az-a belə vəziyyətlərdə sahibkarların hansı şərtlərlə sığortalanmasını izah edib: “Demək olar ki bütün ticarət mərkəzləri sığortalanıb. Lakin bu, yalnız mərkəzə dəyən zərəri kompensasiya edir, orda fərdi çalışan sahibkarlar öz mallarını ayrıca sığorta etdirməlidirlər. İcbari Sığortalar haqda Qanuna dəyişiklik edildikdən sonra icbari sığorta yalnız daşınmaz əmlaka aid olunur. Yəni artıq mağazadakı malları əmlakın könülü sığortası vasitəsilə sığortalamaq mümkündür”.
Sığorta mütəxəssisi bildirdi ki, burada müştəri sığorta məbləğini və riskləri özü seçir: “Ola bilsin, obyektdə su basma və ya yangın ehtimalı sıfırdır və müştəri deyir ki, bu riskləri çıxarın. Məsələn, daş sexində yanğının, çini qablar anbarında subasmanın mallara zərər vurması yox səviyyəsindədir. Ona görə də biz müştəri ilə qarşılıqlı razılıq əsasında bu məsələləri həll edirik”.
Malların ümumi dəyərini müəyyən etmək məsələsinə gəldikdə, mütəxəssis dedi ki, bunun üçün mağazanın illik mal dövriyyəsinə baxılır: “Mədaxil qəbzlərinə baxırıq, anbara  daxil olan malların qiymətlərinə baxırıq, həmçinin ilin başlanğıcında və sonunda mağazada olan malların qiymətinə görə, ümumi orta məbləğ müəyyən edilir.
Tutaq ki, mağazada eyni vaxtda 50 min manatlıq mal olursa, biz vəziyyəti- təhlükəsizlik şərtlərini, mümükün riskləri araşdırıb qiymətləndiririk. Bu məbləğdə malın sığortalanması üçün illik sığorta haqqı 200-300 manat təşkil edir. Təhlükəsizlik şəraiti pis və risklər yüksək olanda sığorta haqqı bundan da çox olur”.
B.Məclumovun sözlərinə görə, ən çox mübahisə sığorta hadisəsi zamanı zərərin necə qiymətləndirilməsi ilə bağlıdır. Çünki tam dəqiq müəyyən etmək mümkün deyil ki, sığorta hadisəsi baş verərkən mağazada hansı məbləğdə mal olub: “Biz bunu araşdırırıq və mümkün qədər düzgün məbləği öz üsullarımızla müəyyən etməyə çalışırıq. Lakin elə hallar olur ki, bunu etmək mümkün olmur. Bu halda biz məcbur oluruq sığortalanan  dedikləri əsasında inandırıcı bir məbləğ müəyyən edək. Lakin çalışırıq ki, belə hallar az olsun, çünki bu vəziyyətdən sui-istifadə haları da çox olur. Bizim şirkətin təcrübəsində belə hallarla qarşılaşmışıq”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir