Search
leyla-haciyeva-25-300x193

Jalə Hacıyeva: “Qadağalar kredit təşkilatlarının bazardan çıxmasına gətirib çıxardacaq”

“Təcrübə göstərir ki, faiz dərəcələrinə müəyyən limitin qoyulduğu ölkələrdə insanların kreditlərə çıxışı məhdudlaşır». Bu sözləri Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirdi. Onun sözlərinə görə, müəyyən faiz dərəcəsindən yüksək dərəcədə kreditlərin verilməsinin qadağan edilməsi kredit təşkilatlarının bazardan çıxmasına gətirib çıxardacaq: “Faiz dərəcələrinə limitin tətbiq edilməsi nəticəsində kredit təşkilatlarının mənfəətliliyi azala, hətta xərclərini qarşılamaqda çətinlik çəkə bilərlər. Biz faiz dərəcələrinin yüksək olması və onun aşağı salnmasının lazım olduğu barədə fikirləri tez-tez eşidirik”.
O qeyd edir ki, faiz dərəcələrinin yüksək olmasının bir çox səbəbləri vardır, onlardan birincisi kreditlərin kiçik məbləğlərdə olmasıdır: “100 dollar və ya 100 manat verilən kreditə çəkilən xərc o qədər böykdür ki, ona görə faiz dərəcəsi yüksək olur. Bu yüksək faiz kredit təşkilatının riskini qarşılayır. Yəni, kredit nə qədər kiçik məbləğdədirsə, onun xərci də bir o qədər yüksək olur. Ona görə, limitin tətbiq edilməsi ilə faiz dərəcələrinin aşağı salınması doğru yol deyil. Əgər təşkilat xərclərini qarşılamırsa, sadəcə olaraq həmin bölgədə işləməyəcək və bölgədən çıxacaq. Heç bir ölkədə dövlət bank olmayan kredit təşkilatını hansısa bölgəyə gedib işləməyə məcbur edə bilməz. O, öz mənfəətliliyinə, xərclərinə baxacaq, əgər sərf etmirsə həmin bölgəyə getməyəcək. Beləliklə, insanları olan xidmətdən də məhrum edəcəyik”.
J.Hacıyevanın sözlərinə görə, faiz dərəcələrinin yüksək olmasının digər bir səbəbi kreditlərin sığortalanmamasıdır: “Bu gün kreditləşmənin sığortalanmasında sığorta şirkətləri maraqlı deyillər. Bu xidməti göstərmək niyyətində olan sığorta şirkətləri də çox yüksək məbləğdə sığorta haqqı istəyirlər, banklar və bank olmayan kredit təşkilatları da bu xidmət haqları ilə razılaşmadıqları üçün onlar özləri riskləri üzərlərinə götürürlər. Buna görə də, faiz dərəcələrini aşağı salmaqda çətinlikləri olur”.
J.Hacıyeva bildirir ki, artıq son 3 ildə faiz dərəcələri orta hesabla 7 faiz aşağı düşüb: “Rəqabət artdıqca, təbii olaraq dərəcələri bazar tənzimləyir. Burada müdaxilə müsbət nəticə verməyəcək”.
Assosiasiyanın icraçı direktoru qeyd edir ki, Azərbaycanda 1000 mikro kreditə çəkilən xərc orta hesabla 239 dollar təşkil edir: “Bu rəqəm Gürcüstanda 235 dollar, Keniyada 112 dollar, Hindistanda 11 dollardır. Bizdə işçi qüvvəsi, yaşayış daha bahalı olduğundan hər bir kreditə çəkilən xərc də daha yüksəkdir”.
J.Hacıyeva bildirir ki, bank olmayan kredit təşkilatlarının müştərilərinə verdiyi kreditin orta məbləği 1289 dollardır, bu rəqəm banklarda 4230 dollar təşkil edir: “Bu məbləğ onu göstərir ki, çəkilən xərc 4230 və 1289 dollara görə fərqli olacaq”.
Qurum rəsmisi deyir ki, Azərbaycanda 100 manatdan 16 min manatadək olan biznes kreditləri mikro kredit hesab olunur: “Üzvlərimizin bizə verdiyi hesabatlara görə, 31 mart 2014-cü il tarixinə onlar 1 milyard 120 milyon ABŞ dolları həcmində mikro kredit portfelinə malikdirlər. Borcalanların sayı isə 573 mindən çoxdur”.
O qeyd edir ki, öncəki illərdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının əsas məqsədi lobbiçilik idi: “Növbəti illərdə isə əsas istiqamət üzvlərin müştərilərinə yönəlmək olacaq”.
J.Hacıyeva qeyd edir ki, artıq təşkilatlar instutitsional olaraq inkişaf ediblər, maliyyə dayanıqlıqlarına qismən də olsa nail olublar. Amma, müştərilərə xidmət sahəsində rəqabət getdikcə güclənir: “Bundan öncəki illərdə bazarda, xüsusilə kənd yerlərində yalnız bank olmayan kredit təşkilatları daha fəal idilər. Bu gün isə artıq görürük ki, banklar, lizinq şirkətləri, kredit ittifqları bölgələrdə fəaliyyətlərini genişləndirirlər. Onlar üstün cəhətlərini müştərilərə aşılamaqla, öz məhsullarını müştəriyönümlü etməklə daha cəlbedici olmaq istəyirlər. Bu səbəbdən biz növbəti illərdə, maliyyə şəffaflığını, müştəri mühafizəsini təşviq etməyə üstünlük verəcəyik. Bunun üçün müxtəlif beynəlxalq şəbəkələrlə olan əlaqələrimizi istifadə edəcəyik və layihələr formasında üzvlərimizə texniki yardımlar göstərəcəyik”.

ucnoqta.az

Əfsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir