Search
ipoteka

İpoteka kreditini kimlər alır? – SİYAHI

Azərbaycanda ipoteka kreditini ən çox Bakıda yaşayan və aylıq gəliri 700 manatdan artıq olan evli kişilər alır. Azərbaycan İpoteka Fondunun (AİF) məlumatına görə, ipoteka krediti ilə alınan evlərin əksəriyyəti Bakının çoxmərtəbəli binalarında yerləşən və qiyməti 30-60 min manat olan bina evləridir.

Ötən ay cəmi 135 nəfər kredit alıb

Bu il oktyabrın 1-nə olan məlumata görə, Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilmiş ipoteka kreditlərinin illik məbləği 78,6 milyon manat olub.  Kreditlərin 5,4 milyon manatı sentyabr ayında ayrılıb. Hər borcalana orta hesabla 40031 manat kredit verilib. Başqa sözlə, ötən ay 135 nəfər ipoteka krediti alıb. Kreditlərin müddəti orta hesabla 278 ay, illik faiz dərəcəsi 6,82%, müddəti isə 318,8 manat təşkil edib.

Borcalanların yarısının aylıq gəliri 900 manatdan çoxdur

AİF-in rəsmi internet səhifəsində açıqladığı statistikaya görə, ölkədə ipoteka kreditlərinin cəmi 0,9%-ni aylıq gəliri 300 manata qədər olanlar alır. 300-500 manat qazananlar 6%, 500-700 manat qazananlar 18,4%, 700-900 manat qazananlar 21,8%, 900-1100 manat qazananlar 16,5%, 1100 manatdan çox aylıq gəliri olanlar isə 36,4% paya malikdir.

40%-i dövlət qulluqçularıdır

İpoteka krediti götürənlərin yarıdan çoxu özəl sektorda çalışır, 67,4%-i evlidir, 82%-i kişilərdir. Kredit alanların 38,5%-ni gənclər, yəni yaşı 18-29 arasında olanlar təşkil edir. 33-35 yaşlılar 33,1%, 36 yaşdan yuxarıları isə 28,5% paya malikdir.

İpoteka kreditlərinin 39,5%-i dövlət xidmətində çalışanlara verilib. Müəssisə və firma işçiləri 23,3%, bank-maliyyə sektoru 21,5%, neft-qaz sektoru isə 15,8% payla təmsil olunub.

İpoteka ilə alınan evlərin 80%-i Bakıdadır

Təbii ki, ipoteka kredit ilə satılan evlərin böyük əksəriyyəti – 78,3%-i Bakıda yerləşir – 10 627 kredit . Bakıdan sonra ipoteka kreditinin ən çox verildiyi şəhər Sumqayıtdır, burada 1296 nəfər ipotkeka krediti götürə bilib. Abşeronda 658, Gəncədə isə 563 ipoteka krediti verilib. Naxçıvan MR istisna olmaqla, digər bölgələrdə indiyədək ipotek krediti götürənlərin sayı 100-ə çatmır.

20 evdən 19-u mənzildir

Hər 20 evin 19-u çoxmənzilli binada yerləşən mənzillərdir. Fərdi evlər cəmi 5% təşkil edir. Mənzillərin 40,1%-nin ölçüsü 40-60 m2, 27%-nin ölçüsü isə 60-80 m2, 11,6%-nin ölçüsü 80-100 m2, 6,8%-nin ölçüsü isə 120 m2-dən çoxdur. Mənzillərin cəmi 9,2%-ni ölçüsü 40 m2-ə qədər olanlar təşkil edib.

Ən çox 30-60 min manatlıq evlər alınır

İpoteka predmeti olan əmlakın dəyərinə gəlincə isə, 30-60 min manatlıq evlər 61,2%-lik paya malikdir. 60-90 min manatlıq evlərin payı isə 30,4%-dir. 90-120 min manatlıq mənzillər 3,6%, 120 min manatdan baha mənzillər 1,5%, 30 min manatdan ucuz mənzillər isə 3,4%-dir.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir