Search
milli_valyuta

Hökumətdən milli valyutaya dəstək

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3% müəyyən edilməsi dollarda olan əmanətlərin manata konvertasiyasına təkan verə bilər.”Banknews”-un “Marja”-ya istinadən məlumatına görə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% olaraq qalır. 3% gəlir ilə təminatlı və ya 5-6 faiz gəlir ilə təminatsız əmanət yerləşdirməkdəsə, pulu banka 12% ilə təminatlı şəkildə yatırmaq daha sərfəlidir.Qeyd edək ki, 2015-ci ilin sonuna olan məlumata görə, fiziki şəxlərin banklardakı 9 milyard 473,9 milyon manat əmanətinin 85%-i və ya 8 milyard 53,7 milyon manatı (5,1 milyard dolları) xarici valyutada olub.

Hesab olunur ki, dollarda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3% müəyyən edilməsi Manat əmanətlərinin artmasına təsir göstərəcəkdir. Lakin prosesin daha sürətli getməsi üçün manatın taleyi ilə bağlı qeyri-müəyyənlik aradan götürülməlidir. Yaxın aylarda manat sabitlik nümayiş etdirsə, əhalinin manat əmanətlərinə yönlənməsi baş verə bilər.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 1 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 1 mart 2016-cı il tarixindən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilib.

Fonddan verilən məlumata görə, qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

1 Mart 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Qorunan əmanətçilərin 1 mart 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir