Search
133

Hesablaşma sistemləri nədir? Hansı növləri vardır?

Hesablaşma sistemləri

Hesablaşma sistemləri iqtisadi vahidlər arasında mal və xidmətlərin dəyərinin ödənilməsini asanlaşdıran vasitələrdir. Böyük məbləğlərdə həyata keçirilən sövdələşmələrə və pul axınının daha sürətli təmin edilməsinə şərait yaratdığı üçün bu sistemin maliyyə bazarında xüsusi rolu vardır. İqtisadi vahidlər arasında asılılığın gücləndiyi bir dövrdə hər hansı böyük bir məbləğdə əməliyyatın gec həyata keçirilməsi və ya heç baş tutmaması likvidlik riskinə yol aça bilər.

Beynəlxalq hesablaşmalar nədir?

platezhnaya-sistema

Beynəlxalq hesablaşmalar dünya miqyasında qəbul edilmiş qaydalar əsasında xaricə pul ödəmələrinin həyata keçirilməsi prosesidir. Başqa ölkədə olan birinə pul göndərmək istədiyinizdə, hər hansı məhsulun və ya xidmətin dəyərini ödədikdə və xariclə əlaqəli bu kimi digər ödəmələrinizdə rahat və etibarlı ödəmə növü olan beynəlxalq hesablaşma vasitələrindən istifadə edilir. Bu hesablaşmalar əsasən banklar tərəfindən və nağdsız qaydada aparılır ki, bu da dövlətlər və iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşma növlərinə misal olaraq, inkasso, akkreditiv, avans hesablaşmaları, çeklər və veksellərlə hesablaşmalar, bank trattası, köçürmə (poçt, teleqraf/teleks ödəmə tapşırığı, SWIFT sistemi üzrə ödəmə tapşırıqları, beynəlxalq ödəmə tapşırığı), kredit kartları ilə hesablaşmalar və s. göstərmək olar.

İndi isə hesablaşmalarda əhəmiyyətli rolu olan SWIFT haqqında danışaq.

Swift code bank logo is displayed on an iPhone 6s on top of Euro banknotes in this picture illustration made in Zenica, Bosnia and Herzegovina, January 26, 2016. REUTERS/Dado Ruvic/File Photo

SWIFT-ə qədər Telex beynəlxalq pul köçürmələrinin yeganə vasitəsi idi. Lakin sürətinin aşağı olması, təhlükəsizliklə bağlı çatışmazlıqlar və standart kodun olmaması Telex-in istifadəsini məhdudlaşdırırdı. Əməliyyatları təsvir etmək üçün standard kod sisteminin olmaması Telex istifadəçilərini bütün məxfi məlumatlarını özlərinin qeyd etməsinə məcbur edirdi ki, bu da bir çox səhvlərə yol açırdı.

Bu problemlərin qarşısını almaq, təhlükəsiz və dəqiq şəkildə pul köçürmələrini həyata keçirmək üçün 1974-cü ildə Brüsseldə 7 bank tərəfindən standardlaşdırılmış kod sisteminə malik olan  SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) -in əsası qoyuldu.

O, maliyyə təşkilatlarına dünya miqyasında maliyyə əməliyyatları barədə düzgün və etibarlı məlumat ötürülməsi üçün şərait yaradır.

Yadda saxlamaq lazımdır ki, SWIFT sadəcə mesajlaşma sistemidir. Belə ki, o hərhansı pul və ya depozit ehtiyatları saxlamır, yalnız ödəmə barədə mesajı göndərir və qeydə alır.

Hər gün 10000-ə yaxın SWIFT üzvü bir birinə təqribən 24 milyon mesaj göndərir.

Yaradılmasından 3 il müddət keçdikdən sonra SWIFT-in artıq 5 ölkədə 230 bankdan çox üzvü var idi. Fedwire, Ripple, CHİPS və s. kimi başqa mesajlaşma xidmətləri olsa da, SWIFT hələ də bazarda öz dominant mövqeyini qoruyur.

SWIFT standartlaşdırmış kod sistemidir. Bu sistem BIC (Bank Identifier Code-Bankın Eyniləşdirilməsi Kodu) kodu vasitəsilə bütün bankları tanıyır. SWIFT bankları müəyyən edən 8 və ya 11 xanalı, bütün dünyada standart olan koddan ibarətdir. Kodun ilk 4 işarəsi bankı, sonrakı 2-si ölkəni və son 2-si isə yerli kodu bildirir. Əgər kod 11 xanalıdırsa saydıqlarımızdan sonra gələn 3 işarə bankın şöbəsini bildirir.

Fərz edək ki, A yerli bankının müştərisi Bakıdan İstanbuldakı B bankına dostu üçün pul göndərmək istəyir. O, banka dostunun hesab nömrəsini və B bankının standart SWIFT kodunu təqdim etməlidir (bu kodu əsasən bank özü müəyyən edir, müştəri bankın olduğu yeri və adı deyir). Bakıdakı A bankı SWIFT mesajlaşma şəbəkəsi vasitəsilə İstanbuldakı B bankına pul köçürməsi ilə bağlı mesaj göndərəcəkdir. İstanbuldakı bank pulun mədaxili ilə bağlı mesajı qəbul etdikdən sonra hesaba pulu köçürəcəkdir.

SWIFT klirinq (öhdəliklərin qarşılıqlı əvəzlənməsi, sadə dildə desək pulun bir bankdan başqa banka köçürülməsi) funksiyalarını yerinə yetirmir. SWIFT öz üzvləri tərəfindən idarə olunan kooperativ birlikdir. Üzvlər səhmlərdəki paylarına görə siniflərə ayrılır. Hər bir üzv birliyə qoşulduqda birdəfəlik və hər il illik haqq ödəyirlər. SWIFT eyni zamanda istifadəçilərdən hər mesajın uzunluğuna və tipinə görə xidmət haqqı alır.

SWIFT ilə iş istifadəçilərə bir sıra üstünlüklər verir:

  1. Məlumatların ötürülməsinin təhlükəsizliyi və məxfilik
  2. Əməliyyatlara sərf edilən xərclərin azaldılması. Əməliyyatların həcmi artdıqca, xərclər azalır.
  3. Dünyanın istənilən nöqtəsinə məlumatın tez bir zamanda çatdırılması. Bir çox ünvana göndərilən məlumatların çatdırılması adətən, 15-20 dəqiqəyə, əlavə ödəniş olunarsa, o zaman 1-5 dəqiqəyə kimi baş verir.
  4. Bütün ödəniş sənədlərinin sistemə standartlaşdırılmış eyni formada daxil olması. SWIFT istifadəçilərinə tam maliyyə təminatı verir. Yəni əgər bu sistemin nasazlığı səbəbindən hansısa məlumat göndərilən ünvana sutka ərzində çatmasa, o zaman SWIFT bu gecikmə üzündən sifarişçiyə dəymiş birbaşa və dolayı zərəri tam olaraq öz üzərinə götürür.

SWIFT-in ən başlıca çatışmayan cəhəti isə bu sistemə qoşulmanın baha olmasıdır. Qoşulma xərci 160-200 min dollar təşkil edir ki, bu da orta və kiçik banklar üçün böyük məbləğdir. Beynəlxalq bank əməliyyatlarını yerinə yetirmək hüququna malik olan istənilən bank SWIFT-in üzvü ola bilər. Assosiasiyalaşmış üzvlər və iştirakçılar da SWIFT şəbəkəsinin digər iki kateqoriyalı üzvləridir.

SWIFT- ə tam olaraq qoşulma prosesi 4 aydan gec olmayaraq baş verir və iki mərhələdən ibarətdir:

  • Maliyyə təşkilatının SWIFT ittifaqı üzvülüyünə qoşulması.

SWIFT Direktorlar Şurası sənədləri nəzərdən keçirir və bankın cəmiyyətə qəbul edilməsi haqqında qərar qəbul edir.

  • Maliyyə təşkilatında SWIFT aparat və proqram kompleksinin yaradılması.

Məhz bu mərhələdə bütün texniki məsələlər həll edilir, kommunikasiya avadanlığı əldə edilir (onun dəyəri yüzlərlə min ABŞ dolları təşkil edə bilər), heyətə texniki vasitələrlə bağlı təlim keçirilir.

Təcrübə göstərdiyi kimi SWIFT sistemində iştiraka dair bankların xərcləri adətən 5 il ərzində özünü ödəyir. Onun yardımı ilə praktiki olaraq, valyuta və fond birjalarında icra edilən əməliyyatlar daxil olmaqla bank və digər maliyyə əməliyyatlarının bütün spektrini həyata keçirmək olar.

Hazırda SWIFT Sisteminə əsaslanan ödənişlər banklararası nağdsız hesablaşmaların dünya üzrə həcminin 60 faizindən çoxunu təmin edir. Qeyd etmək lazımdır ki, «böyük yeddiliyə» daxil olan beş ölkə öz Milli ödəniş sisemlərini məhz SWIFT bazası üzərində qurublar. Habelə, SWIFT şəbəkəsi dövlətdaxili hesablaşmalar zamanı da istifadə edilir. Respublikada fəaliyyət göstərən bütün banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı Agentliyi sistemin üzvüdürlər.

Azərbaycan daxilində banklararası hesablamaların aparıldığı sistemlər

bankda_hesab_acmaq

Ölkəmizdə fəaliyyət göstərən banklar arasında milli valyutada hesablaşmaların aparıldığı sistemlərə aşağıdakılar aiddir:

  1. AZIPS (Azerbaijan İnterbank Payments System)– Real vaxt rejimində (online) banklararası iri həcmli hesablaşmaların aparılması üçün istifadə olunur və SWIFT-in tələblərinə cavab verməlidir.
  2. XÖHKS–Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir. İştirakçıların ödənişlərinin Klirinqi üçün istifadə olunur.
  3. KAĞIZ DAŞIYICILARDA HESABLAŞMALAR-Banklar ödəniş tapşırıqını Mərkəzi Banka kağız daşıyıcılarda təqdim edə bilərlər.
  4. BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir.

 

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir