Search
sahibkarliga_komek_milli_fondu_new_240114

Güzəştli kreditlər hesabına Suraxanı rayonunda yeni sənaye müəssisələri yaradılır

Azərbaycan Prezidenti İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işləri davam etdirmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini martın 19-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, müxtəlif sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dair maarifləndirici treninq keçirilib, sahibkarlara Suraxanı rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd edib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 824 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə Bakı qəsəbələri üzrə 31 sahibkara 8,8 milyon manat güzəştli kredit verilib.
Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 789 investisiya layihəsinin maliyyələşdirilməsinə 157,2 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5400-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Ş.Abdullayev, həmçinin güzəştli kreditlər hesabına yeni yaradılan müəssisələr, o cümlədən sənaye müəssisələri barədə məlumat verib. Qeyd edib ki, aparılmış təhlillər Bakı qəsəbələrində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlərin, müasir ət kəsimi və emalı müəssisələrinin yaradılmasına ehtiyac olduğunu göstərir. Artıq bu sahələr üzrə Fond tərəfindən nümunəvi investisiya layihələri hazırlanıb, müvafiq elanlar verilib və bu investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 6,6 milyon manat kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, tərəvəzçilik, istixana kompleksinin, çörək, tikinti materialları, corab istehsalı müəssisələrinin, logistika mərkəzinin yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində, həmçinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində güzəştli kredit ayrılmış və ildə 3440 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edəcək zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. www.trend.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir