Search
ae

Gömrük-biznes əməkdaşlığına dair növbəti görüş keçirildi

Martın 30-da Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Bakı şəhərindəki ofisində Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə işadamları arasında görüş keçirilib.“Gömrük islahatları: yeniliklər və perspektivlər” mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, komitə sədrinin müavinləri və baş idarə rəisləri, TÜSİAB sədri Yavuz Keleş, cəmiyyətin üzvləri və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları iştirak edib.

Tədbirin əvvəlində  TÜSİAB-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Görüşdə çıxış edən  TÜSİAB sədri Yavuz Keleş  təmsil etdiyi  qurumun 22 ildir fəaliyyət göstərdiyini və cəmiyyətin fəaliyyəti üçün ümummilli lider Heydər Əliyevin Azərbaycana  rəhbərlik etdiyi dövrdə və onun ideyalarının sadiq davamçısı Prezident İlham Əliyev tərəfindən daim münbit şərait yaradıldığını bildirdi. Göstərilən dəstəyə görə Azərbaycan dövlətinə, onun rəhbərliyinə minnətdarlığını ifadə edən Yavuz Keleş   Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları dəstəklədiklərini və bu islahatların türkiyəli iş adamlarının daha da səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğuladı.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dəyişən, qloballaşan dünyada baş verən son iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə biznes mühitinin,  sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması  istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.  Komitə sədri gömrük işinin səmərəli təşkili sahəsində görülən işlərdən bəhs edərək, müasir dünyanın çağırışlarına cavab verən qanunvericilik bazasının hazırlanıb həyata keçirilməsi,  informasiya texnologiyalarının tətbiqi  və maddi-texniki bazanın dünya standartları səviyyəsində qurulması, kadrların potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verdi. Aydın Əliyev Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla görüşlər keçirdiyini və bu tədbirlərin gömrük-biznes əməkdaşlığının, sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verdiyinə əminliyini ifadə etdi.

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı Cəfər Quluzadə gömrük sahəsində tətbiq olunan yeniliklər barədə xüsusi təqdimatla çıxış edərək türkiyəli iş adamlarını məlumatlandırdı.

Görüşün sonunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir