Search
1462022110538228255_1000x669

Fransada bu yerlər Azərbaycan bazarını qazanır

Antib, Nitsa, Kann, Mujen – Fransız Rivyerasının bu və digər şəhərlərinin adları aprelin 29-da “Lacivərd sahil” təqdimat-seminarında ən çox səslənən sözlər idi. Bakıda keçirilən tədbiri Fransa Turizmin İnkişafı üzrə “Artu Frans” Milli Agentliyi və Lacivərd sahilin turizm üzrə Regional Komitəsi təşkil edib.

14620221105100933311_1000x669

Azərbaycanın turizm mütəxəssisləri ilə görüşə Fransanın “qonaqpərvərlik” sahəsində çalışan 20-dən çox təşkilatının nümayəndələri gəlib. Bu təşkilatların arasında otel, turist qəbul edən şirkətlər, şəhərlərin və regionların turizm ofisləri və “Galimard” Ətir Evi vardı.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Lacivərd sahilin turizm üzrə Regional Komitəsinin baş direktoru Erik Dore deyib: “Bakıdakı seminar bir neçə gün əvvəl Minskdə başlayan, sonra Moskva və Almatıda davam edən “Lacivərd sahil“ böyük roud-şounun bir hissəsidir. Azərbaycan Lacivərd sahil turizm bazarı üçün heç də az maraq kəsb etmir. Azərbaycandan olan qonaqlar bölgəmizə gələn bütün rusdilli turistlərin 2 faizini təşkil edirlər. Bu, ildə təxminən 6 min nəfər deməkdir. Azərbaycanlılar Fransız Rivyerası regionunda istirahətə həqiqi maraq göstərir və biz başa düşürük ki, bundan sonra da bu bazarı inkişaf etdirmək lazımdır. Bu gün Bakıya gələn tərəfdaşlarımızın çox olması da buna sübutdur”.

14620221103438442683_1000x669

İştirakçılar arasında Antib-Juan-le-Pen, Kann, Mujen və Nitsanın turizmin inkişafı üzrə ofisləri vardı. Müştərilərin böyük marağına baxmayaraq, səyahət agentliklərinin bir çox əməkdaşları Lacivərd sahil turizm istiqaməti ilə hələ yetərincə yaxşı tanış deyillər və fransız həmkarları ilə birbaşa ünsiyyət onlar üçün maraqlı olub.

Belə ki, bir çoxları Kannı məşhur film festivalının keçirildiyi yer və ləziz yeməklərin vətəni kimi tanıyır. Lakin Kann Festivallar və Konqreslər Sarayının (film festivalı məhz orada keçirilir) marketinq və satış meneceri İzabel Qanşın sözlərinə görə, onun vəzifəsi Azərbaycandan olan həmkarlarına Kannın il boyu hər kəs üçün açıq olmasını çatdırmaq idi. İ.Qanş deyib: “Burada istənilən büdcəyə sahib insanlar üçün istirahət imkanları var. Şəhərdə ikidən beş ulduza qədər istənilən kateqoriyalı xeyli sayda otellər mövcuddur. Aralıq dənizi iqlimi sayəsində Lacivərd sahildə günəşli günlərin orta illik sayı 300-ə çatır. Qış aylarında şaxta nadir hallarda olur, lakin Lacivərd sahilin topoqrafiya xüsusiyyətləri çimərlikdə günəş vannası qəbul etməyə və eyni gündə xizək kurortunun qarlı yamaclarında snoubord sürməyə imkan verir. Belə ki, Kandan dağlıq əraziyə bircə saatlıq yoldur. Nəhayət, Kannın Azərbaycanla sıx mədəni əlaqələri var. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ənənəyə çevrilib. Həmin vaxtlar şəhər Azərbaycana həsr edilən banner və posterlərlə bəzədilir”.

İlk dəfə olaraq Bakıda tədbirin gedişində “Galimard” Ətir Evi təqdim olunub. Şirkətin əməkdaşı Qreqori Rivart bildirib ki, “Galimard” 1747-ci ildə, İntibah dövründə təsis edilən ən qədim və mötəbər ətir şirkətlərindən biridir. Onun məhsulları arasında qadın və kişilər üçün lüks ətirlər, qara kürü ekstraktı əsasında hazırlanan kosmetik kremlər, köhnə reseptlərlə düzəldilən ətirli sabun, masaj yağları, efir yağları, ev üçün diffuzorlar, odekolonlar, şampunlar, pilinqlər, bədən losyonları var. Q.Rivart deyib: “Fransanın Lacivərd sahilinə gələn turistlər üçün “Galimard”ın Qrasdakı müəssisəsinə baş çəkmək maraqlı olacaq. Qrass dünyanın ətriyyat paytaxtı sayılan orta əsr şəhəridir. Ekskursiya zamanı muzeydə ətir istehsalı üçün istifadə olunan qədim avadanlıqdan ibarət unikal kolleksiyaya tamaşa etmək, müxtəlif indiqriyentlərdən – güllər, otlar və ağaclardan ətir xammalının istehsalı üsulları haqqında maraqlı hekayətləri eşitmək olar. Ən əsası, istəyi olan hər kəsə təcrübəli ətriyyatçı və onun köməkçilərinin rəhbərliyi ilə öz ətrini yaratmaq imkanı verilir.

Bakıdakı “vorkşop”un sonunda fransız iştirakçıların təşkil etdiyi mükafatlar oynanılıb.

Mənbə: AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir