Search

Fermerlər 50%-lik güzəştdən istifadə etmir

Azərbaycanda fermerlər demək olar ki, sığortadan istifadə etmək istəmirlər. Bunu fins.az – a açıqlamasında “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib. Onun sözlərinə görə, bu, əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta barədə az məlumatlı olması ilə bağlıdır.

Məlumatı olanlar isə sığortaya maraq göstərməməsini maliyyə imkanlarının məhdud olması ilə izah edir.
Halbuki Azərbaycan yeganə ölkədir ki, kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına dair 2002-ci ildə qanun qəbul edilib. Bu qanun əsasında 2004-cü ildə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, starteji əhəmiyyət kəsb edən bitkiçilik məhsullarına görə sığorta haqqının 50%-nin ödənilməsini dövlət öz öhdəsinə götürüb.

Hadisə baş verdikdə də dəymiş zərər tam ödənilir. Amma, fermerlər 50%-lik güzəştdən istifadə etməmir.
Aftandil Hacıyevlə müsahibəni oxuya bilərsiniz.

Bu ilin 1-ci rübündə azərbaycanlı fermerlərin bitkilərin sığortalanmasına çəkdiyi xərc 88%, ev heyvanlarının sığortalanmasına ayırdıqları vəsait isə 3 dəfədən çox artıb. Bununla yanaşı, ölkədə aqrar sığorta ilə bağlı vəziyyət hələ ki, ürəkaçan deyil. Fins.az – a müsahibə verən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev kənd təsərrüfatı istehsalçıları arasında sığortaya marağın az olduğunu bildirib. Müsahibəni təqdim edirik.

– Azərbaycanda fermerlər sığortaya nə dərəcədə maraq göstərirlər?

– Kənd təsərrüfatı məhsulları istehsalçılarının sığortaya marağı olduqca aşağı səviyyədədir, demək olar ki, heç nəyi sığortalamaq istəmirlər. Bunun bir səbəbi odur ki, fermerlər aqrar sığorta barədə kifayət qədər məlumatlı deyillər. Məlumatı olanlar da sığortaya maraq göstərməmələrini maliyyə imkanlarının məhdud olmasıyla əlaqələndirir.
Halbuki, Azərbaycan yeganə ölkədir ki, kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına dair 2002-ci ildə qanun qəbul edilib. Bu qanun əsasında 2004-cü ildə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, starteji əhəmiyyət kəsb edən bitkiçilik məhsullarına görə sığorta haqqının 50%-nin ödənilməsini dövlət öz öhdəsinə götürüb. Hadisə baş verdikdə də dəymiş zərər tam ödənilir.
Söhbət payızlıq dənli arpa-buğda, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, kartof, göyərtidən başqa tərəvəz bitkiləri, üzüm, sitrus bitkilərindən gedir. Bu qədər bitkinin sığortalanmasında fermerlərə güzəşt olsa da, sığortaya maraq göstərənlər barmaqla sayılacaq qədərdir. Tək-tək rayonlarda– İsmayıllıda, Zaqatalada fermerlər əkdikləri bitkiləri sığortalayırlar. Qismən də heyvanların sığortalanması hallarına rast gəlinir.

– Fermerlər bitki və heyvanlardan başqa daha nəyi sığortalaya bilərlər?

– Fermerlər həm saxladıqları ev heyvanlarını, həm malik olduqları daşınmaz əmlakı, kənd təsərrüfatı texnikasını, istehsalata cəlb etdikləri işçiləri sığortala bilərlər. Amma bu kimi sığortalardan istifadə yox dərəcəsindədir. Vəziyyət düzəltmək üçün “Azərsığorta”nın mütəxəssisləri mütəmadi olaraq rayonlarda fermerlərlə görüşlər keçirir, onlara sığortanın faydası izah olunur.

– Aqrar sahədə sığorta haqqı necə hesablanır? Məsələn, 1 hektar torpağı olan fermer öz məhsulunu neçəyə sığortalatdıra bilər?

– Sığorta haqqı məhsuldarlıq əsasında hesablanır. Tutaq ki, 1 hektar sahədə payızlıq buğda əkiliblə burada məhsuldarlıq orta hesabla 20 sentner olur. 1 sentner məhsulun da bazar dəyəri 30 manatdır. Deməli fermerin 1 hektar sahədən əldə edə biləcəyi gəlir 600 manatdır. Bu məbləğin 5%-i, yəni 30 manatı sığorta haqqı kimi hesablanır. Amma dediyim ki, fermer həmin pulun yarısını–15 manatını ödəyir. Qalan hissə dövlət büdcəsindən verilir. Əgər sığorta hadisəsi baş versə (adətən hava şəratinin kəskin olması nəticəsində fermerlərə ziyan dəyir) onda istehsalçıya 600 manat tam ödənilir. Məhsulun 200 manatlıq hissəsi qalıbsa onda 400 manat ödənilir.

– Bəs şəxsi təsərrüfatlarda saxlanılan heyvanların sığortası neçəyə başa gəlir?

– Ev heyvanlarına gəlincə isə, hər bir birkalanmış heyvanın bazar qiyməti götürülür. Məsələn, inəklərin çəkisindən asılı olaraq onun qiyməti 600-800 manat arası ola bilər. Bu məbləğin 80%-i qədər heyvan sığortalanır. Sığorta haqqı ödəniş məbləğinin 5-7%-i qədərdir. Məsələn, qiyməti 700 manat olan inəyin sığortalanması üçün 28-40 manat arası pul vermək lazımdır. Dağ rayonlarında heyvanlar aşağı tariflə sığortalanır. Aran rayonlarında isə fermerlər nisbətən yüksək sığorta haqqı ödəyirlər. Bu da riskin kiçik və yaxud böyük olmasıyla bağlıdır. Adətən aran bölgəsində heyvanlar daha çox məhv olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir