Search
photo_65288

Evin “çörəkgətirəni” olmaq kişilərə ziyan, qadınlara xeyirdir

“The İndependent” yazır ki, evin yeganə çörəkgətirəni olmaq kişilərin psixoloji və fiziki sağlamlığına ciddi ziyan vurur.

Məqalədə deyilir ki, 15 il ərzində toplanmış elmi məlumatlar belə bir nəticəyə gəlmək imkanı verir.

ABŞ-ın Konnektikut Universitetindən bu araşdırmaya rəhbərlik etmiş sosioloq Christin Munsch “The İndependent” qəzetinə deyib ki, evin əsas pul qazananı qadın olanda, bu, qadının sağlamlığına və ümumi əhavalına müsbət təsir edir.

Alim bildirir ki, bunun çox sadə izahı var. Kişilər evi saxladıqları üçün heç bir əlavə alqış və tərif qazanmırlar, çünki bu, onlara təbiətən tapşırılmış missiya kimi qəbul olunur.

“Əksinə, evini dolandıra bilməyən kişi lağa qoyulur, ona sizdə evin şalvargeyinəni arvaddır deyirlər” – deyə bildirir alim.

Evin çörəkgətirəni qadın olanda isə bunun tam əksi baş verir. Çünki, bu, qadından gözlənilən bir şey deyildir. Buna fədakarlıq və az qala qəhrəmanlıq kimi baxılır.

“Qadın bu işi bacarmayanda isə, onu qınamırlar, çünki bu onun status quo-sudur” – deyir alim.

Təəccüblü nəticə

“The İndependent” yazır ki, xanım Christin Munsch bu nəticəyə gəlmək üçün 1997-2001-ci illər arasında 18-32 yaşları olan 3176 evli insanın həyatı və işi barədə məlumat bankını araşdırıb.

Bu araşdırma zamanı iştırakçılar həm həyatın müxtəlif aspektləri barədə anketləri doldurublar, həm də onların səhhəti barədə məlumatlar nəzərdən keçirilib.

Bunu riyazı müstəviyə çıxaranda məlum olub ki, kişilər evin əsas “pulgətirəni” olanda, onların rifahı 5 faiz, sağlamlıq səviyəsi isə 3, 5 faiz aşağı olur.

Xanım Munsch “The İndependent” qəzetinə deyib ki, əmək fəaliyyətinin qazanan kişilərin sağlamlığına mənfi təsirinin aşkarlanması onu təəccübləndirməyib, amma çörəkpulu qazanan qadınlarda bunun müsbət nəticələrə səbəb olduğu onu mat qoyub.

Lakin alim nəticələri bir daha götür-qoy etdikdən sonra belə bir yekun nəticəyə gəlib ki, kişilərin sağlamlığına əsas ziyan vuran faktor onların çörəkpulu qazanması yox, bu işi təkbaşına görməsidir. Başqa sözlərlə, sağlamlıq fəsadları kişi işləyəndə, qadın isə işləməyəndə daha çox baş verir.

Evin çölü və içi prinsipi

“Burada söhbət gəlirdən yox, ailənin maliyyə təhlükəsizliyi üçün məsuliyyətin bərabər qaydada daşınmamasından gedir” – deyir alim.

Xanım Munsch deyir ki, son nəticə etibarilə belə bərabərsizlik həm kişilərin, həm də qadınların rifahına təsir edir.

Alim bildirir ki, qədim inasanlarda “kişi evin çölü, qadın evin içidir” modeli yox idi.

Kişi və qadın birgə yaşamaq naminə birgə də işləməli olurdular.

Christin Munsch bunu da bildirir ki, xoşbəxtlikdən indi vəziyyət dəyişməyə başlayıb. İndi kişilər və qadınlar ekvalitar, yəni bərabər əsaslı münasibətlərə can atırlar.

Yeni tip ailələrdə maliyyə məsuliyyəti də, ev işləri bərabər bölünüb.

“The İndependent” yazır ki, sözü gedən araşdırmanın hesabatı bu gün – avqustun 21-də Amerika Sosioloji Assosiasiyasının Sietldə keçiriləcək konfransına təqdim olunmalıdır.

EurasiaDiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir