Search

“Ən böyük franşizalar kreditlə alınan maşınlarda olur”

Avtomobillərin Kasko sığortası sahəsində tez-tez ortaya çıxan problemlərdən biri də azadolma məbləğinin (franşiza) həddi ilə bağlı yaranan mübahisələrdir. Belə ki, bir çox şəxslər maşınlarını sığortalayarkən sığorta haqqının az olması üçün azadolma məbləğinin yuxarı təyin olunmasını istəyirlər. Lakin hansısa bir qəza baş verəndə məlum olur ki, müqavilədə məsələn, 300 manatlıq franşiza qoyulubsa və dəyən zərər də 250 manatdırsa, sığorta şirkəti ödənişdən azaddır, yəni bütün xərc sığortalananın öz üzərinə düşür. Bəs bu məsələdə sığortalananlar nəyə diqqət etməlidirlər, optimal franşiza necə seçilməlidir?

“Sığortadan məlumatlı olanlar aşağı, digərləri yuxarı franşiza seçirlər”

“Standart Insurance” şirkətinin Satış departamentinin rəisi Orxan Vəliyevin sözlərinə görə, sığortadan az-çox xəbəri olan şəxslər çalışırlar ki, azadolma məbləği mümkün qədər aşağı olsun, sığorta haqqı isə çox da ola bilər: “Lakin məlumatlı olmayanlar sığortaya formal yanaşırlar, müqavilə bağlanan zaman sığorta haqqı aşağı olan, azadlolma məbləği yuxarı olan varinatı seçir. Nəticədə hadisə baş verəndə və müştəri sığorta şirkətinin ödədiyi məbləğin az olduğunu görəndə narazılıq edir”.

“Ən böyük franşizalar kreditlə alınan maşınlarda olur”

Şirkət nümaynədəsi bildirir ki, ən böyük azadolma məbləğləri kreditlə alınan avtomobillərdə tətbiq edilir. Bunun da səbəbləri var: “Əksər hallarda kredit götürənlər sığorta haqqının mümkün qədər aşağı, franşizanın yuxarı olmasına çalışırlar. Yəni, sənədləşdirmə tez bitsin, krediti tez alsın, az sığorta haqqı ödəsin, sonra nə olar, olar. Lakin baş verə biləcək hadisələri nəzərə almırlar. Statistika aparsaq, bizdə bankla bağlı müqavilələrin böyük əksəriyyətində azadolma məbləği yuxarıdır. Bank krediti maşınlarına 500, 1000 manatlıq franşizalar seçənlər də var”.

“Meqa Sığorta” şirkətinin Anderraytinq və təkrar sığorta şöbəsinin müdiri Murad Babayev də bank krediti ilə alınan maşınların franşizasının nisbətən yüksək olduğunu bildirir: “Adətən belə avtomobillərin azadolma məbləği 5-10% artıq olur. Çünki burada müştəri ilə şəxsən görüşmürsən, bilmək olmur ki, o sürücü təcrübəlidir ya yox. Ona görə də onlara standart paketlər üzrə sığorta təklif edirlir. Fərdi söhbətdə isə riskləri daha yaxşı qiymətləndirmək olur”.

“Ən yaxşı varinat 100 manatlıq franşizadır”

O.Vəliyev avtomobil sahibləri üçün 100 manat azadolma məbləği məsləhət görür: “Bu hamı üçün sərfəlidir. Yəni, 100 manata yaxın zərərləri hər kəs özü həll edə bilər. Lakin 100 manatdan yuxarı zərəri sığorta şirkəti ödəyəcək. Təcrübə göstərir ki, qəzaların və hadisələrin çox böyük əksəriyyətində dəyən zərərin həcmi bu məbləğdən yuxarı olur. Ona görə də, maşın sahibləri bunu nəzərə alsalar yaxşıdır”.

Taksilər üçün franşiza 2-3 dəfə artıq olur

Sığorta şirkətlərində bildirirlər ki, avtomobillərin kasko sığortalanması zamanı franşiza məbləğinə təsir edən ən mühüm əmilərdən biri onun hansı məqsədlə istifadə olunmasıdır. Məsələn, avtomobil taksi kimi istifadə olunursa, daha çox sürülür, deməli onun qəzaya düşməsi ehtimalı da adi qaydada istismar olunan maınlardan çoxdur. Ona görə də, burada azadolma məbləği fərqli olacaq. “Meqa Sığorta” şirkətinin Anderraytinq və təkrar sığorta şöbəsinin müdiri Murad Babayev isə fins.az-a bildirib ki, eyni vəziyyətdə, eyni qiymətdə olan avtomobillər sığorta olunarkən, eyni sığorta haqqı müqabilində, taksi kimi sürülən maşınların franşiza məbləği təqribən 2-3 dəfə artıq olacaq. Məsələn, satış qiyməti 15 min manat olan avtomobillərin kasko  sığorta haqqı 400 manat təşkil edir. Əgər avtomobil taksi kimi istifadə olunacaqsa, onun azadolma məbləği minimum 300 manat olacaq. Fərdi istifadə üçün olan avtomobillərdə isə bu məbləğ 100 manat təşkil edəcək.

“Əgər bu 2 maşın üçün eyni tarif və franşiza olsa, bu fərdi maşın sahibinə qarşı ədalətsilik olardı. Çünki, səhər işə, axşam evə gəlir, digər maşın isə bütün günü şəhərdə sürülür. Deməli, onların risk ehtimalı fərqlidir, ona görə fərqli də tarif və franşiza olmalıdır”-deyə o qeyd edib.

“Orta qiymətli maşınlara 100-200, bahalıara 500-1000 manatqlıq franşiza məsləhətdir”

Bahalı maşınlara gəldikdə, Murad Babayevin sözlərinə görə, nadir və bahalı maşınların sahibləri franşizanın məbləğinə o qədər də əhəmiyyət vermirlər. Çünki istənilən halda  dəyən zərər franşizadan qat-qat artıq olacaq: “Elə avtomobillər var ki, 100, hətta 300-400 manatlıq franşıza onun üçün heç nədir. Biz müştəriyə uyğun məsləhət veririk. O da, özünə uyğun olanı seçir”. Mütəxəssis orta qiymətdə olan maşınları üçün 100-200 manatlı azadolma məbləği götürülməsinin daha sərfəli olduğunu bildirir: “Adi statistika da göstərir ki, ən adi qəzalarda belə dəyən zərər 100 manatı keçir”. 50-100 min manatlıq maşınlara gəlincə, burada azadolma məbləğinin 500-1000 manat arasında olması daha yaxşı variant sayılır. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir