Search
14567436844566645298_554x360

Dollarla bağlı proqnoz – EKSPERT

İqtisadçı-ekspert Samir Əliyev manatın gələcək məzənnəsi ilə bağlı proqnoz açıqlayıb. Mütəxəssis bildirib ki, bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir: “Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır”.

Onun fikrincə, digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib: “Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir”.

İqtisadçı hesab edir ki, bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq: “Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır. Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir”.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir