Search
931112_482837

Dolların sahibi məzənnənin yenidən qalxacağını dedi

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen bu barədə çıxışında bildirib
Bu gün ABŞ-ın Vayominq ştatının (Wyoming) Cekson-Houl şəhərində iqtisadçılar və dünya mərkəzi banklarının nümayəndələrinin iştirak etdiyi “Gələcəkdə dayanıqlı monetar siyasətin təmin edilməsi” mövzusunda illik simpozium öz işinə başlayıb.
Bu dəfə konfransda əsas diqqət ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışına yönəlib. O, “Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin alətləri: keçmiş, indi və gələcək” mövzusunda çıxış edib. C.Yellen deyib ki, dünya maliyyə böhranı və böyük tənəzzül bütün dünyada Mərkəzi Banklar üçün yeni problemlər yaradır və pul-kredit siyasətində dəyişiklikləri stimullaşdırır: “Bizim mövcud alətlər gələcəkdə iqtisadi tənəzzülün tənzimlənməsi üçün yetərlidir. Baxmayaraq ki, böhranın bizə verdiyi dərslərdən biri də böhran qabağı alətlərin bəzilərinin üzləşdiyimiz çətinlikləri dəf etmək, bəzi iqtisadi məsələlərin həlli üçün yetərli olmadığını göstərdi. Bununla belə, gələcəyə nəzər salaraq qeyd etməliyəm ki, pul-kredit siyasətində bir çox alətləri saxlamaq lazımdır. Bu konfrans keçmişdən dərs çıxarmaq üçün imkan yaradır və gələcək pul-kredit siyasətinin formalaşmasında mühüm rol oynayır”.
C.Yellen bildirib ki, son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb. O qeyd edib ki, Federal Açıq Bazar Komitəsi (FOMC) yaxın bir neçə ildə ölkədə ÜDM artımını zəif olacağını, əmək bazarında əlavə möhkəmlənmənin və inflyasiya səviyyəsinin 2%-dək yüksələcəyini gözləyir: “Hazırda ABŞ iqtisadiyyatı FED-in maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı hədəflərinə yaxınlaşır. Hesab edirəm ki, buna görə də son aylarda uçot dərəcələrinin artırılması tərəfdarları çoxalıb. FED rəsmiləri mərhələli şəkildə uçot dərəcəsinin artırılmasını dəstəkləyir. İqtisadi proqnozdan çıxış edərək FOMC məşğulluğun qorunması və artıma, eləcə də inflyasiya ilə bağlı hədəflərə nail olmaq üçün dərəcələrinin tədricən artırılmasının tərəfdarıdır.”(apa)
Qeyd edək ki, FED-in uçot dərəcələrinin bir qədər artırması dünyada dollarn məzənnəsində kəskin dəyişikliklərə səbəb olur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir