Azərbaycanda dövlət tərəfindən milli valyutanın ABŞ dollarına qarşı minimal məqbul rəsmi məzənnəsinin cari vəziyyətdə 1,50 AZN/USD səviyyəsində müəyyən oluna bilər.
Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 26-da mütəmadi olaraq keçirdiyi valyuta hərracında Dövlət Neft Fondundan (ARDNF) 30 mln. ABŞ dolları həcmində valyuta kütləsini alaraq bazarda manat intervensiyası keçirməsi və dolların rəsmi məzənnəsinin 1,5006 AZN/USD səviyyəsindən aşağı düşməsinə mane olması bunu deməyə əsas verir.
Bazar ertəsi, aprelin 25-də də dolların məzənnəsinin 1,49 AZN/USD səviyyəsinə düşməsinin qarşısı manat intervensiyası vasitəsi ilə alınıb və məzənnə 1,50 manat səviyyəsi üzərində müəyyənləşib.
Son günlər AMB-nin valyuta bazarına müdaxiləsi dolların məzənnəsinin 1,50 AZN/USD-dən aşağı düşməyəcəyi ilə bağlı fikirləri gücləndirib. Bu da dollara minimal hesab edilən 1,50 AZN/USD səviyyəsində tələbi artırıb. Son günlər ərzində nağd valyuta bazarında dolların məzənnəsi 1,48 manatdan 1,51 manata yüksəlib.
Analitiklər hesab edirlər ki, rəsmi məzənnənin tədricən, aşağı templə artırılması tendensiyası davam edəcək:
Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiyanın milli valyutası – rublun dollarla müqayisədə məzənnəsinə diqqət yetirdikdə məzənnənin 65 RUB/USD səviyyəsindən aşağı enmədiyini görərik. Türkiyə lirəsində də vəziyyət eynidir – dolların məzənnəsi 2,82 TRY/USD səviyyəsindən aşağı enməyib.
Mənbə: Report