Search
fft99_mf5144960

Devalvasiyadan sonra borcu geri almaq çətinləşib

 Devalvasiyadan sonra problemli borcların yığılması xidmətinə tələbat 2 dəfədən çox artıb. Bu barədə  açıqlamasında«Azcoll» kollektor şirkətinin direktoru Pərviz Məmmədov bildirib. Onun sözlərinə görə, dolların bahalaşmasından əvvəl rəhbərlik etdiyi şirkətin borc portfeli 6-7 milyon manat olsa da, hazırda bu məbləğ 15 milyon manatdır.

Amma şirkət rəhbəri deyir ki, artıq kollektor şirkətləri də borcları yığmağa çətinlik çəkirlər: «İndi borclulardan pulu almaq çox çətindir. Çünki kütləvi şəkildə insanların maddi vəziyyəti pisləşib. Elə adam var ki, əvvəl ayda 500 manat borc qaytarırdı, indi 50 manat simvolik məbləği güclə ödəyir ki, adında nə isə olsun».

«Müddətin uzadılmasına hamı razılaşmır»

Hazırda «Azcoll» 8 bankın problemli kreditlərini yığmaqla məşğuldur. Pərviz Məmmədovun sözlərinə görə, banklar kəskin devalvasiyadan əziyyət çəkən, dollarla kredit götürmüş müştərilərə güzəşt verirlər. Məsələn, onların kredit müqaviləsinin müddətinin artırılmasını təklif olunur. Amma müştərilərin əksəriyyəti bu təklifi qəbul etmir: «Çünki müştəri bilir ki, borcunu məsələn, 1 ilə bağlaya bilərdisə, bundan sonra 2-3 ilə bağlayacaq və əlavə məbləğ ödəyəcək».

Buna görə də şirkət banklara təklif edir ki, müştərilərə başqa məsələdə güzəşt etsinlər: «Borcluların ödədiyi məbləğlər əsas borcdan silinsin, faizlər sonra ödənilsin. Gecikmə cərimələri ümumiyyətlə yığışdırılsın. Bununla da banklar nadir hallarda razılaşırlar».

«Dollar borclarını bacardıqca götürmürük»

Hazırda banklara daha çox dollarla verilmiş kreditlər problem yaratsa da, «Azcoll” şirkətinin portfelində manatla borclar üstünlük təşkil edir. Pərviz Məmmədovun sözlərinə görə, dollar borclarından mümkün qədər imtina edir: «Dollar kreditlərini ödətdirmək çox çətindir. Bunun üçün ilk növbədə müştərini hələ ödənişə razı salmalısan. Manat kreditlərində ortaq məxrəcə gəlmək nisbətən asandır. Bəzən manat kreditlərinin özünü də saf-çürük edirik. Borc portfelinə baxırıq, analizlər aparırıq. Borcların çoxu təminatsız verilib. Bəzi borclar isə zaminlə verilsə də, zamin borcludan da betər vəziyyətdədir. Bütün bunları götür-qoy edəndən sonra borc öhdəliyini üzərimizə götürürük».

«Xidmət haqlarını artırmışıq»

Problemli borcların qaytarılmasının çətinləşməsi «Azcoll»u xidmət haqqlarını artırmağa vadar edib: «Əvvəl borcun məbləğinin 17-30%-i qədər xidmət haqqı alırdıq. İndi xidmət haqqı 25-40%-dir. Çünki dediyim kimi, indi borc almaq çox çətindir. Vaxt var idi, müştəri ilə 3-4 dəfə söhbət edirdik, başa düşürdü. İndi isə hər ay profilaktik iş aparmaq, müştərinin yadına salmaq, onunla bacardıqca diplomatik davranmaq lazımdır. Xüsusilə çoxdan verilmiş kreditləri qaytarmaq çətindir. Bundan başqa, rayon sakinlərindən  dollarla verilmiş borcları almaq problem yaradır.  Biz də təbii olaraq belə borclara görə daha çox xidmət haqqı alırıq». 

 

fins




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir