Search
banknewsaz

Daha bir bir bankın maliyyə vəziyyəti məlum oldu

Tam xarici kapitallı bank olan “Yapı Kredi Bank Azərbaycan” QSC 2015-ci il üzrə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

AKTİVLƏRİ ARTIB

“Marja” xəbər verir ki, ötən il Bankın aktivləri 120,7 milyon manat  və ya 34,6% artaraq 469 milyon 270 min manata çatıb.  Aktivlərin 263 milyon 396 min manatını kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli cüzi azalıb.

Nəzərə alınmlıdır ki, 2015-ci ildə 2 dəfə devalvasiya həyata keçirilib və Manat Dollar qarşısında 100%-ə yaxın dəyərdən düşüb. Böyük ehtimalla, Bankın aktivlərində olan artımın böyük qismi xarici valyutada olan aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində yaranıb. Kredit portfelində isə azalma daha çox olub, lakin devalvasiyalardan sonra xarici valyutada olan kreditlərin yeni məzənnə ilə hesablanması nəticəsində yaranan artım azalmanın böyük qismini bağlayıb.

KREDİTİN 70 FAİZƏ YAXININI ŞİRKƏTLƏRƏ VERİB

“Yapı Kredi Bank Azərbaycan” kreditlərin 68%-ni və ya 178 milyon 215 min manatını hüquqi şəxslərə (şirkətlərə), 32%-ni və ya 85 milyon 181 min manatını şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə ayırıb.

Şirkətlərə verilmiş kreditlərin 75 milyon  355 min manatı ticarət müəssisələrinə,  38  milyon 998 min manatı sənaye sektoruna, 30 milyon 375 min manatı tikinti sektoruna, 15 milyon 224 min manatı kənd təsərrüfatına, 9 milyon 21 min manatı digər qeyri-istehsal və xidmət sahələrinə, 7 milyon 582 min manatı nəqliyyat, 1 milyon 460 min manatı informasiya və rabitə sektoruna ayırılıb.

“Yapı Kredi Bank Azərbaycan”ın müştərilərə verdiyi 263 milyon 396 min manat kreditin 26 milyon 358 min manatının və ya 10,01%-nin ödəmə vaxtı keçib. Bank, “qeyri-standart kreditlər” adlandırdığı belə kreditlərin 18 milyon 338 min manatının ödəniləcəyinə ümidsizdir, həmçinin, 2 milyon 808 min manatı təhlükəli, 5 milyon 213 min manatı isə qeyri-qənaətbəxş kimi quruplaşdırılır.

ÖHDƏLİKLƏRİ KƏSKİN ARTIB

Devalvasiyalardan sonra “Yapı Kredi Bank Azərbaycan”ının öhdəliklərinin artımı aktivlərin artımından daha çox olmuşdur. 2014-cü ildə Bankın öhdəlikləri 125 milyon 209 min manat və ya 44,3% artaraq 408 milyon 18 min manata çatıb. Öhdəliklərin 218 milyon 51 milyon manatını kredit təşkilatları qarşısında öhdəliklər, 182 milyon 353 min manatını müştərilər qarşısında öhdəliklər təşkil edib.

DEPOZİTLƏR AZALIB

Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli 52 milyon 255 min manatdan 45 milyon 75 min manata düşüb.

İLİ ZƏRƏR İLƏ BAŞA VURUB

2014-cü ildə 4 milyon 667 min manat xalis mənfəət eldə etmiş “Yapı Kredi Bank Azərbaycan”, 2015-ci il üzrə – 4  milyon 509 min manat xalis zərər açıqlayıb. Qeyd edək ki, devalvasiya ilə əlaqədar olaraq bankların çoxu zərər açıqlayıblar.

Zərər ilə bağlı olaraq 2015-ci ildə Bankın kapitalı 65 milyon 760,9 min manatdan 61 milyon 252,14 min manata geriləyib.

“Yapı Kredi Bank Azərbaycan”ın səhmdarları Türkiyə Respublikasının maliyyə sektorunda fəaliyyət göstərən özəl  “YapıKredi Bank AŞ” (99,8%), Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş (0,1%) və Yapı Kredi Finansal Kıralama A.O-dur (0,1%).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir